"Oyuna yaxşı başlayaraq qol vursaq da, hesabı qoruya bilmədik. Nələrisə dəyişmək istədik, amma son dəqiqələrdə dözə bilmədik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.
Abbasov rəqib həmkarı Roberto Bordin və futbolçu Anton Krivotsyukun ünvanına sərt ifadələr işlədib: "Təəssüf ki, cənab Bordin burada bizə nələrisə öyrətmək istəyir. Amma öz komandasına tərbiyə öyrətmir. Mənim komandamda kim belə söyüş söysə, onu qovaram. Təəssüf ki, millidə belə Anton Krivotsyuk kimi tərbiyəsiz futbolçu çıxış edir. Azərbaycanda kimlərəsə dərs öyrətmək lazım deyil".
Gənc mütəxəssis oyunun sonlarındakı insidentdən də danışıb: "Mən öz futbolçularımı davadan çəkmək istəyirdim. Antonun o söyüşünə görə Azərbaycanda adamı öldürürlər. Etibar Tanrıverdiyev futbolçularını aralamaq əvəzinə bizə hücum çəkir. Getsinlər güclərini "Qarabağ"a göstərsinlər, biz "Neftçi"nin rəqibi deyilik. Əmir Ağayevə qarşı kobudluq epizodunu görməmişdim. Sonluqdakı insident olmasaydı, "Neftçi"ni təbrik edərdim".
Baş məşqçi hücum xəttində Peyman Babayi əvəzinə Amil Yunanova şans verməsinə də toxunub: "Bizdə limit yoxdur, hamımız azərbaycanlıyıq. Babayinin əvəzinə istədik ki, Yunanova şans verək. Bu taktiki gediş idi. Məncə, Amilin oyunu da normal alındı".