
Almaniyanın "Borussiya" (Dortmund) klubunun baş məşqçisi Yurgen Klopp İstanbula yollanıb. Sportnet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 47 yaşlı mütəxəssis "Fənərbağça"nın Düzcədə yerləşən təsislərindən birinə gedib.
Həyat yoldaşı və meneceri ilə şəxsi təyyarədə İstanbula gələn Kloppun Topuk Yaylasında "Fənərbağça"nın prezidenti Aziz Yıldırımla görüşdüyü iddia olunur.
Futbol komandası Mersində, basketbol komandası isə Madriddə olduğu bir vaxtda Yıldırımın gözlərdən uzaq olması, onun bu məsələ ilə məşğul olduğuna işarədir. Bəzi mənbələrdən əldə edilən məlumata görə, Klopp ilə klub arasında razılaşma əldə olunub və gələn mövsüm üçün müzakirələr gedir.
Qeyd edək ki, Yurgen Klopp 2008-ci ildən "Borussiya" (Dortmund) klubunu çalışdırır.