Avropa Oyunlarının məşəli mayın 13-də günorta Yevlax şəhərinə gətirilib. Sportnet.az-ın məlumatına görə, sambo üzrə 3 dəfə ölkə çempionu olmuş Aslan Mirzəyev həmyerlilərinin alqış sədaları altında məşəli qəbul edərək, nəzərdə tutulan marşrut üzrə hərəkətə başlayıb.
On məşəlçi 3 kilometrə yaxın məsafədə məşəli növbə ilə bir-birinə ötürərək, Ceyhun Mustafayev küçəsi və Heydər Əliyev prospekti ilə hərəkət etməklə şəhərin mərkəzi meydanına gəliblər. Sonuncu yürüşçü – Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Ariz Mikayılov burada qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırıb. Birinci Avropa Oyunlarının məşəli ilə yandırılan çıraq isə mərasim iştirakçılarının alqışları altında rayon ictimaiyyətinə təqdim edilib.
Qeyd edək ki, çıraq birinci Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.