Futbolun əsas vaxtı 90, əlavə vaxtı isə üst-üstə 30 dəqiqədir. Başqa sözlə, əsas vaxtın bir hissəsi 45, əlavə vaxtın bir hissəsi 3 dəfə qısa - 15 dəqiqədir. Cüdoda isə əsas vaxt 4 dəqiqə olsa da, əlavə vaxt (qızıl xal) bölümü üçün müddət məhdudiyyəti yoxdur.
Elə buna görədir ki, Özbəkistanın paytaxtı Daşkənddəki dünya çempionatında Azərbaycan cüdoçusu Hidayət Heydərovla yerli idmançı Şaxram Axadov arasındakı 1/8 final qarşılaşmasının əlavə bölümü əsas vaxtla müqayisədə 2 dəfədən də çox - 8 dəqiqə 36 saniyə davam etdi.
Hər olimpiadadan sonra cüdoda qaydaları dəyişib, gah "ayaqdan tutdu yoxdur", gah "judoqini kəmərdən çıxardı yoxdur" deyirlər, gah da görüşü bitirmək üçün lazım olan 2 cərimə xaını (şido)!3-ə qaldırıb, qarşılaşmaları cüdoçular üçün daha da ağırlaşdırırlar.
Qızıl xal qaydasına da bir əncam çəkilməli, vaxta məhdudiyyət qoyulmalıdır. Nəzərə alınmalıdır ki, hər hansı cüdoçu medal qazanmaq üçün bir gündə bir yox, 4-5 görüş keçirməlidir. Nəyə görə onu bu qədər yormalısız? Olmazmı futboldakı kimi penalti seriyasını əvəz edən bir qayda tətbiq olunsun? Məsələn, paracüdodakı tərzdə cüdoçuları bir-birinə yaxınlaşdırıb, onların bir-birilərinin yaxasından tutmaqla, bu formada ikən ilk fəndi tətbiq edəni qalib etmək olmaz? Hələ başqa variantlar da mümkündür. Bunları istəsələr, mütəxəssisislərlə müzakirə edərək, həll yolunu tapa bilərlər.
O başqa məsələdir ki, Hidayət Heydərovun rəqibi yerli cüdoçu olmasaydı, görüş çoxdan bitmişdi. Hakim Axadova açıq-aşkar üçüncü şidonu verməyə qorxurdu. Nəhayət, ədalət zəfər çaldı. Amma Heydərov bu yorğunluq fonunda sonda zəfər çalacaqmı? Axı o, çempionatın reytinq favoritidir və hətta qızıl medal ümidi sayılır?!
Qalibi oyunla müəyyənləşməyən futbol matçının taleyini penaltilər seriyası həll edir. Bəs cüdoda?!