Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "Yubilyar Azərbaycan millisi" layihəsində silsilə yazılarını davam etdirir. Üçüncü yazı "Yığmamız seçmə mərhələlərdə: Dünya və Avropa çempionatı üzrə mütənasiblik necədir?" mövzusuna dairdir.
23 il öncə başlayan yol
Azərbaycan milli komandasının seçmə mərhələlərdə tarixi 1994-cü ildən başlayıb. Bu da AFFA-nın məhz həmin ildə FİFA və UEFA-ya üzv qəbul olunması ilə bağlıdır. Nəticədə millimizə dünya və Avropa çempionatının seçmə mərhələlərində çıxış etmək hüququ verildi.
Hazırkı DÇ-2018 yığmamız üçün 12-ci tsikldir. İki turnir üzrə mütənasiblik bərabərdir. Avropa çempionatı üzrə 6 seçmə mərhələni arxada qoyan mundiala düşmək uğrunda 6-cı cəhdini edir. Arxada qalan 11 seçmə mərhələ Azərbaycan üçün uğursuz alınıb. Millimiz nəinki final mərhələsinə, heç-pley-offa vəsiqə qazana bilməyib. Yığmamızın hazırda qrupda yer aldığı 3-cü yer ən yüksək göstəricisidir. Ancaq təbii ki, bu, seçmə mərhələnin sonu yox, cəmi 4 oyundan sonrakı nəticədir və qarşıda hələ 6 matç var.
Başa çatan tsikllər üzrə nəticələrə nəzər salsaq, ən yaxşı nəticə DÇ-2014-də 9 xalla qrupda 4-cü yeri tutmağımız olub. Bu, eyni zamanda ən çox xal topladığımız yarış olub.
Göründüyü kimi, millimiz üçün dünya çempionatının seçmə mərhələsi daha uğurlu alınıb. Təsadüfi deyil ki, indiyədək seçmə mərhələdə topladığımız 59 xaldan 32-si dünya, 27-si Avropa çempionatının seçmə mərhələsinə təsadüf edib.
Yığmamızın ilk rəsmi qələbəsini məhz mundial yarışmasında – DÇ-1996-da Bakıda İsveçrə yığması üzərində qazanması (1:0) da dediklərimizə bariz nümunədir. Avropa çempionatı dünya çempionatından fərqli olaraq 6 seçmə mərhələni artıq arxada qoyduğundan oyun sayında öndədir.
112 oyunda mənfo saldo
Millimiz seçmə tsikllərdə 112 oyun keçirib. Bu rəsmi matçların 12-də qalib gələn Azərbaycan 23 dəfə heç-heçə edib, 77 məğlubiyyət alıb. Yığmamız seçmə mərhələlərdə 57 dəfə rəqib qapılarına yol tapıb və 236 qol buraxıb. Göründüyü kimi, millimiz aşkar mənfo saldoya malikdir.
Seçmə mərhələdə debüt məhz Avropa çempionatında olub. Özü də həmin AVRO-1996-da FİFA və UEFA millimizə ev oyunlarını vətəndə keçirməyə icazə verməyib. Bu da həmin vaxt ölkəmizdə ictimai-siyasi vəziyyətin gərgin olması ilə bağlı idi. Nəticədə Azərbaycan qardaş ölkənin - Türkiyənin köməyindən yararlandı və rəqiblərini Trabzon şəhərində "Avni Aker” stadionunda keçirdi.
Əsas yığmamız seçmə mərhələdə ilk oyununu 1994-cü ilin sentyabrın 7-də Buxarest Rumıniya yığması ilə keçirib. Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komandamız böyükhesabla uduzub – 0:3. Millimizə rəsmi matçda ilk qolu vuran futbolçu Miodraq Belodediç olub. Rumıniya yığmasının mərkəz müdafiəçisi qarşılaşmanın 44-cü dəqiqəsində Aleksandr Jidkovun qoruduğu qapıya yol tapıb.
Millimizin seçmə mərhələdə ilk qolu həmin tsiklə təsadüf edib. Bu, 1995-ci ilin martın 29-da Slovakiya yığması ilə Koşitse şəhərində 1:4 hesabı ilə uduzduğumuz matçda olub. Həmin qolun müəllifi 80-ci dəqiqədə penaltidən oyunda son nöqtəni qoyan kapitan Nazim Süleymanov olub.
Əsas yığmamız seçmə mərhələdə ilk xalını da AVRO-1996-da qazanıb. Bu isə səfərdə yox, artıq evdə olub. Söhbət 1995-ci ilin dekabrın 13-də seçmə mərhəyə yekun vurduğumuz Polşa yığması ilə baş məqşçi Kazbek Tuayevin rəhbərliyi altında Trabzonda qolsuz bərabərlikdir. Bununla Azərbaycan seçmə mərhələni xalsız başa vurmasa da, deübü hələ ki ən zəif nəticə kimi tarixə düşüb.
Yubiley oyun, yeganə böyükhesablı qələbə
Millimizin qitə birinciliyində ilk qələbəsini bu turnirdə ikinci sınağında – AVRO-2000-də qazanıb. Bu, 1999-cu ilin iyununda Lixtenşteyn yığmasına mərkəzi arenada 4:0 hesabı ilə qalib gəldiyimiz matçdır. Millimizin rəsmi oyunda ilk və hələki yeganə böyükhesablı qələbəsi həmin oyundur. Ən böyük hesablı məğlubiyyətimiz də məhz Avropa yarışmasında olub. Bu, 1995-ci ilin sentyabrın 6-da "Oser faciəsi” kimi tarixə düşən Fransa yığmasına 0:10 hesablı məğlubiyyətdir. A.Mircavadov bu darmadağından sonra istefa verərək millimizlə yollarını ayırıb.
Milli komandamızın Avropa çempionatının seçmə mərhələsində oyun sayı 60-dır. Bu matçların 6-da meydanı qalib tərk edən futbolçularımız 9-da bərabərliyə qalıb, 45 dəfə məğlub olub, 36 qol vurub, 147 dəfə oyuna mərkəzdən başlamağa məcbur olublar. Millimizin ən çox oyun keçirdiyi seçmə mərhələ də qitə birinciliyində olub. Bu, 12 matça çıxdığımız AVRO-2008-dir.
Azərbaycan yığması üçün qitə birinciliyində ən uğurlu seçmə mərhələ AVRO-2012-də olub. Onda baş məşqçimiz Beri Foqts idi. Almaniyalı mütəxəssisin rəhbərlik etdiyi yığmamız həmin tsikldə 2 qələbə qazanıb ki, bu cari seçmə mərhələyək rekord idi. Həmin qələbələr Tofiq Bəhramov adına Respublika stadionunda Türkiyə (1:0) və Qazaxıstan yığmaları (3:2) üzərində qazanılıb. Millimiz Avropa çempionatının seçmə mərhələsində ən çox qolu da (10) həmin tsikldə vurub. Yığmamızın qrup sonuncusu olmadığı ilk seçmə mərhələ məhz bu tsikl olub.
Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələlərində
Turnir
Oyun
Qələbə
Heç-heçə
Məğlubiyyət
Topların fərqi
Xal
Qrupda yeri
AVRO-1996
10
0
1
9
2-29
1
6/6
AVRO-2000
10
1
1
8
6-26
4
5/6
AVRO-2004
8
1
1
6
5-20
4
5/5
AVRO-2008
12
1
2
9
6-28
5
8/8
AVRO-2012
10
2
1
7
10-26
7
5/6
AVRO-2016
10
1
3
6
7-18
6
5/6
Tarixi qələbə, Vaqif Sadıqovun yeganə xalı
Millimiz dünya çempionatının seçmə mərhələsinə debütündə də səfərdə böyükhesablı məğlubiyyətlə başlayıb. Bu, 1996-cı ilin iyunun 2-də Norveç yığmasına Osloda 0:5 hesabı ilə məğlub olduğumuz matçdır. İlk ev oyunu isə Azərbaycanda ilk rəsmi matç kimi tarixə düşdü və 1996-cı ilin avqustun 31-də keçirilən həmin matçda İsveçrə yığmasını "Tofiq Bəhramov”da Vidadi Rzayevin 26-cı dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə məğlub etdik. Seçmə mərhələlər tarixində heç-heçə etmədiyimiz yeganə tsikl həmin seçmə mərhələ olub.
Yığmamız Avropa olduğu kimi, dünyada da 1 seçmə mərhələni qələbəsiz başa vurub. Bu, DÇ-2006 olub. Onda seçmə mərhələyə ilk əcnəbi baş məşqçimiz kimi tarixə düşən braziliyalı Karlos Albertto Torreslə başladıq və mübarizəni Vaqif Sadıqovla başa vurduq. Yeri gəlmişkən, millimizdə 3 müxtəlif vaxtda baş məşqçi olmaqla rekorçu sayılan V.Sadıqov seçmə mərhələdə yeganə xalını onda qazanıb. Bu, 2005-ci ilin sentyabrın 7-də Avstriya yığması ilə mərkəzi arenada qolsuz bərabərlikdir. Yığmamızın ən az - cəmi 1 qol vurduğu seçmə mərhələ həmin DÇ-2006-dır. Hər halda, Rəşad Sadıqovun Uels yığması Respublika stadionunda 1:1 hesabı ilə nəticələnən oyunda uzaq məsafədən cərimə zərbəsindən gözəl qol yaddaqalan olub. Yeri gəlmişkən, ən çox heç-heçə olan tsikl də dünya çempionatında, DÇ-2010-da olub - 7 dəfə.
Mundiala düşmək uğrunda 52 matç keçirən komandamız 6 qələbə qazanıb, 14 heç-heçə edib, 32 məğlubiyyət acısı dadıb. Topların fərqi 21-89-dur.
Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələlərində
Turnir
Oyun
Qələbə
Heç-heçə
Məğlubiyyət
Topların
fərqi
Xal
Qrupda
yeri
DÇ-1998
8
1
0
7
3-22
3
5/5
DÇ-2002
10
1
2
7
4-17
5
6/6
DÇ-2006
10
0
3
7
1-21
3
6/6
DÇ-2010
10
1
2
7
4-14
5
5/6
DÇ-2014
10
1
6
3
7-11
9
4/6
DÇ-2018
4
2
1
1
2-4
7
3/6
Qurban Qurbanov seçmə mərhələlərdə də bombardirdir
Millimizin seçmə mərhələdə bombardiri kimi tarixinin ən sərrast oyunçusu olan Qurban Qurbanovdur. Keçmiş hücumçu hesabında olan 14 qoldan 5-ni rəsmi oyunda vurub. Özü də bunların hamısını Avropa çempionatının seçmə mərhələsinə təsadüf etməsi maraqlı məqamdır. Yəni Q.Qurbanov heç vaxt dünya çempionatının seçmə mərhələsində fərqlənməyib. O, AVRO-2000-də 2, AVRO-2004-də 3 qol vurub.
Q.Qurbanovun millimizin bombardilər siyahısında ən yaxın izləyicisi keçmiş futbolçusu, "Qarabağ”da 2 müxtəlif vaxtda rəhbərliyi altında oynamış Vaqif Cavadovdur. Hazırda klubsuz olan 28 yaşlı hücumçu dünya çempionatının seçmə mərhələsində ən sərrast oyunçumuzdur. Cavadov bu turnirdə 3 dəfə fərqlənib. Onun hesabında millidə ümumilikdə 9 qol var.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.