1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Avropa çempionatı İslamiadadan qat-qat güclü yarışdır" - MÜSAHİBƏ
Boks üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Nəriman Abdullayevin Sportnet.az-a müsahibəsi
- Azərbaycan yığması Ukraynanın Xarkov şəhərindəki Avropa çempionatında mübarizəyə başlayır. "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan komanda üçün Avropa çempionatının daha asan keçəcəyini düşünmürsünüz?
- Xeyr, elə şey ola bilməz. Bunu ola bilsin, ya boksdan uzaq, ya da gənc məşqçi düşünə bilər. Əlbəttə, Avropa çempionatı qat-qat güclü yarışdır. Düzdür, İslamiadada Qazaxıstan və Özbəkistan kimi liderlər sırasında olan ölkələr də var idilər, amma bu ölkələr bütün aparıcı boksçularını Bakıya gətirməmişdilər. Çünki onlar Asiya çempionatında çıxış etdilər. Bununla belə, onların ikinci nömrələri də güclüdürlər. O ki qaldı Avropa çempionatı ilə İslamiadanın müqayisəsinə, doğma divarlar arasında təkcə Azərbaycanın deyil, bütün ölkələrin idmançıları daha yaxşı çıxış edirlər. Amma Avropa çempionatını biz çox üstün tuturuq. Bu yarışdan dünya çempionatına lisenziya qazanılır. Yəni, böyük rola malik yarışdır. Qitə çempionatında lisenziya qazanmayan boksçu dünya çempionatında döyüşə bilməz.
- Deməli, bütün çəkilərdə lisenziya qazanmağı düşünürsünüz...
- Bəli. İmkan daxilində buna çalışacağıq. Hər bir çəkidə 1/4 finaladək irəliləcək boksçular bu il Hamburqda təşkil olunacaq mundiala qatılma hüququ əldə edəcəklər. Bu, dünya çempionatına vəsiqə qazanmaq üçün yeganə yarışdır.
- 52 kq çəki dərəcəsində İslamiadada Məsud Yusifzadə çıxış edirdisə, Avropa çempionatına Elvin Məmişzadə yollanıb. Bu dəyişiklik nə ilə əlaqədardır?
- Yusifzadə hələ gəncdir. İslamiadada pis döyüşmədi. Məmişzadənin isə təcrübəsi çoxdur. Dünya çempionu və Avropa vitse-çempionudur. Bunlar heyəti müəyyənləşdirərkən öz sözünü dedi. Həm də gözəl texnikalı boks nümayiş etdirir.
- İslamiadada aşağı çəki dərəcələrində medalların olmamasını nə ilə əlaqələndirərdiniz?
- 49 kq çəki dərəcəsindəki Rüfət Hüseynov gənc olsa da, pis döyüşmədi. Amma böyük rinqə təcrübə lazımdır. 52 kq çəkidəki Məsud Yusifzadə də gəncdir. Amma 1/4 finaldakı rəqibi güclü boksçu idi. Bununla belə, pis döyüşmədi. Onların gələcəkləri irəlidədir və şərait yaradılacaq ki, yenə özlərini göstərsinlər. 56 kq çəkidəki Tayfur Əliyev də gəncdir, yığmada çox olmayıb, təcrübəsi azdır. Amma yarımfinal döyüşü maraqlı alındı. İlk raundda qalib gəlsə də, ikinci raundda psixoloji cəhətdən tutuldu. Özündən də soruşduq ki, nə olub? Səbəb göstərə bilmədi. Məncə, onda arxayınlıq əmələ gəldi. 60 kq çəkidəki Cavid Çələbiyevin artıq yetərincə təcrübəsi var. Döyüş üslubu çoxlu zərbə vurmaq və templə vuruşmaqdan ibarətdir. 64 kq çəkidəki Elvin İsayev də pis döyüşmədi. 69 kq çəkidəki Tamerlan Abdullayev finaladək yaxşı döyüşlər keçirərək, qələbələr qazandı. Amma son görüşündə qaşı partlamışdı. 75 kq-dakı Kamran Şahsuvarlı olimpiya mükafatçısı olsa da, zəif işlədi. 81 kq çəkidəki Rauf Rəhimov da Tamerlan Abdullayev kimi qızıl medal almalı idi, olmadı. 91 kq-dakı Teymur Məmmədovla ən ağır çəkidəki Məhəmmədrəsul Məcidovla bağlı məsələ isə aydındır. Çünki hər ikisi qızıl medal qazandı.
- Cavid Çələbiyevin 56 kq-dan 60 kq-a keçirilməsi Tayfur Əliyevə görə oldu?
- Xeyr, mən deməzdim. Sadəcə, özü çəkisini qaldırdı. 60 kq çəkidə əvvəllər Elvin İsayev vuruşurdu. İkisi arasındakı döyüşdə Çələbiyev qələbə qazandı. Deməli, çəkisini yüksəltmək ona düşdü. İsayevin çəkisi isə artırdı deyə, 64 kq-a keçdi.