
... İndi də həmin an gözümün qabağındadı. Stadionda, 13-cü sektorda oturmuşdum və epizodu çox aydın izləyirdim. Riçard Almeydanın zərbəsini və topun italyan müdafiəçiyə dəyərək qapıya daxil olmasını görüncə, sevincimdən göyə tullandım. Qolun təmizliyinə şübhəm yox idi. Uzun illərdi futbol izlədiyimdən, buna əmin idim. Azacıq şübhəm olsaydı, refleksdən doğan bir hərəkətlə hakimə baxardım. Belə refleks uzun illər futbolla dərindən maraqlanan adamlarda formalaşır. Lakin bu hal baş vermədi. Top qapıdan keçəndə o qədər bərkdən qol qışqırmışdım ki, oyundan sonra səsimin qaraldığını hiss etdim. Ardını özünüz bilirsiz. Yazıb təzədən qanınızı qaraltmaq istəmirəm.
Mən, referinin niyə səhv etdiyi barədə (bilərəkdənmi, bilməyərəkdənmi) hakimlik təcrübəsi olan bir adamla söhbətləşdim. O dedi ki, köməkçi səhv edə və Almeydanın vuruşunun "Qarabağ”ın, yoxsa "İnter”in oyunçusunun ayağından getdiyini ayırd etməyə bilər. Lakin baş hakim bu anda bilməliydi, hiss etməliydi ki, yan hakim nəyə görə bayrağını qaldırıb. Və dərhal laysmanla məsələni çözüb ona başa salmalıydı ki, top "Qarabağ”ın yox, "İnter”in oyunçusuna dəyərək, qapıya daxil olub. Bundan sonra da qolu qeydə almalıydı.
Sual yarana bilər ki, bəlkə baş hakimin qarşısını oyunçular kəsib və o, topun kimə dəydiyini görməyib? Aha, amma qapı arxasındakı hakim var axı? O ki, açıq-aydın epizodu görürdü. Leroy Corcun qapının qarşısından kənara qaçmasını və qapıçıya mane olmamasını isə baş hakim görməyə borclu idi. Hakimlik təcrübəsi olan yoldaşım deyir ki, istənilən normal ranqlı hakim bunu dərhal görməli və mübahisəli vəziyyəti yoluna qoymağı bacarmalıydı. Ən pis halda normal səviyyəli baş hakim epizodu köməkçisi və qapı arxasındakı hakimlə qısaca müzakirə edib dərhal düzgün qərar çıxartmağa borclu idi. Amma məsələ burasındadı ki, bu hakim nəinki normal, yüksək səviyyəli hakim hesab olunur. Çünki FİFA referisidi. Deməli səviyyəsini də orta yox, yüksək hesab ediblər ki, ona bu dərəcəni veriblər.
Mən hakimlik təcrübəsi olan həmin yoldaşdan soruşdum ki, bəs çex hakim niyə səhv edib? O bildirdi ki, burda iki səbəb ola bilər: "Ya hakim oyunun gərginliyi, üstəgəl, son dəqiqələrdə vurulan qol səbəbindən özünü itirib, ya da... bukmeker söhbətidi”. Və dərhal sonra əlavə etdi ki, ikinci versiya az inandırıcıdı. "Görünür ki, o qədər də yüksək səviyyəli deyilmiş”. "Amma qeyd edək ki, burda UEFA-nın da günahı da az deyil. Çünki onlar səhlənkarlıq edib və belə bir oyunun əhəmiyyətini çözməyərək sıradan bir hakimi bu oyuna göndəriblər”, - bunu da hakimlik təcrübəsi olan tanışım dedi.
Bütün bunları niyə xatırladım? Bir neçə gün öncə İdman Araşdırmalar Mərkəzinin keçirdiyi tədbirdə İlin Qalibləri mükafatlandırılanda gördüm ki, onların əksəriyyəti "Qarabağ”lıdı. Qalib olmalarının səbəbi çoxlu qələbələrinin olması idi. Və bu qələbələrin içərisində heç şübhəsiz ki, ən əhəmiyyətlisi yuxarıda haqqında danışdığım qələbə idi. "İnter” üzərində qazanılan, lakin sayılmayan qələbə...
"İnter”in əsl adı "İnternasıonale”dir. Bu söz, yəni "internacionale” mənaca beynəlmiləl, beynəlxalq, birləşmiş millətlər mənasını verir. Qarabağın da beynəlxaq aləmdə Azərbaycanın torpağı olması sübuta yetirilib. Birləşmiş Millətlər Təşkilatı da bunu təsdiqləyir ki, Qarabağ Azərbaycanındı, UEFA da deyir ki, "Qarabağ”ın qolu təmizdi. Lakin bizim qələbəmizi qeydə almırlar: Qarabağın da "Qarabağ”ın da... Halbuki qalibik və bu qələbələrin rəsmiləşəcəyinə inanırıq.
Elə həmin tədbirdə "Qarabağ"ın vitse-kapitanı Namiq Yusifov maraqlı fikir səsləndirmişdi. O, "Gəlin, tələsməyək. 5 fevralda xeyrimizə qərar çıxarılacağına ümidimiz var" demişdi. Elə isə bəlkə 5 fevralı Qələbə günü elan edək?
RAQİB