Qazaxıstanın paytaxtı Nur-Sultanda davam edən dünya çempionatında bu gün Azərbaycanın son 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.
Sportnet.az-ın məlumata görə, Taleh Məmmədov (60 kq) və Beka Kandelakinin (130 kq) ilk görüşləri təsnifat, Elvin Mürsəliyevinki (77 kq) isə 1/16 final mərhələsinə təsadüf edib.
Məmmədov bolqarıstanlı 35 yaşlı Avropa və dünya çempionu İvo Angelovla üz-üzə gəlib. Görüş Angelovun qələbəsi ilə yekunlaşıb. Lakin o, finala yüksələ bilmədiyi üçün azərbaycanlı pəhləvan mübarizəni dayandırıb.
Mürsəliyev 23 yaşadək güləşçilər arasında gürcüstanlı dünya çempionu Gela Bolkvadzeni yensə də, növbəti qarşılaşmasında iranlı Məhəmmədəli Abdolhamid Gərayiyə uduzub. O, Gərayinin finaladək iriləyə bilməməsi səbəbindən mübarizəni dayandırıb.
Kandelaki isə ilk cəhdində belaruslu Pavel Rudakova qalib gəlsə də, növbəti görüşündə almaniyalı Eduard Poppa uduzub. Popp isə yarımfinalda türkiyəli məşhur güləşçi Rıza Kayaalpa uduzduğu üçün son ümid də puça çıxıb.
Beləliklə, Azərbaycan yunan-Roma güləşçiləri dünya çempionatında çıxışlarını 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmadan və qızıl medalsız başa vurublar. bu növ üzrə pəhləvanların heç biri 6 olimpiya çəki dərəcəsində ilk "6-lığ"a düşə bilməyib. Qeyri-olimpiya çəkilərində isə Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medalla kifayətlənib.
Dünya çempionatı
16 sentyabr
60 kq
Təsnifat. Taleh Məmmədov - İvo Serafimov Angelov (Bolqarıstan) - 0:4
77 kq
1/8 final. Elvin Mürsəliyev - Məhəmmədəli Abdolhamid Gərayi (İran) - 0:7
1/16 final. Elvin Mürsəliyev - Gela Bolkvadze (Gürcüstan) - 8:0 (vaxtından əvvəl tam üstünlüklə)
130 kq
1/8 final. Beka Kandelaki - Eduard Popp (Almaniya) - 7:17
Təsnifat. Beka Kandelaki - Pavel Rudakov (Belarus) - 4:0.