"Qarabağ” - "Valetta” görüşündə hesabın ağdamlıların xeyrinə olmasına baxmayaraq, oyunun bitiminə az qalmış tamaşaçılar stadionu tərk etdilər. Bəli, stadionu vaxtından tez tərk edənə azarkeş yox, tamaşaçı demək lazımdır. Çünki azarkeş komandasının xəstəsi olmalı, yaxşı günündə də, pis günündə də son anadək onun yanında qalmalıdır. Oyun qurtarmamış stadionun boşalmasını futbol cameəsində bəziləri təəccüblə, bəziləri təəssüflə, bəziləri narazılıqla, bəziləri də normal qarşıladı. Belə hallara təkcə bu oyunda yox, bir çox çempionat qarşılaşmalarında, xüsusən, "Xəzər-Lənkəran”ın ev oyunlarında rast gəlinir. Yəqin ki, bu, Lənkərandakı stadionun daim tamaşaçı ilə dolu olması ilə əlaqədardır. Digər matçlarda çempionat oyunlarına 100-200 adam gəlir ki, bu da heç ümumiyyətlə nəzərə çarpmır.
"Xəzər-Lənkəran”ın stadionunda olmasam da, bu məkardakı qarşılaşmaları televiziya vasitəsilə izləmişəm. Hər dəfə şahidlik etmişəm ki, hesab heç-heçədir, yaxud minimal hesablı məğlubiyyət var, amma artıq camaat stadionu tərk edir. Lakin onlar başa düşmürlər ki, bu hərəkət futbolçulara psixoloji cəhətdən mənfi təsir göstərir, oyunçularda hər şeyin bitdiyi təsəvvürü yaranır və onlar seyrçilərinin bu hərəkətindən sustalırlar. Azarkeş bilməlidir ki, final fitinədək heç yana getmədən komandalarını dəstəkləsələr, vacib qol gələ bilər. Futbol - hakimin final fitinədək oynanılan və hər şeyin hər an dəyişilə biləcəyi bir oyundur. Matçın axarının dəyişilməsində 12-ci oyunçunun rolu çox əhəmiyyətlidir.
Niyə bizdə bu cür hallar baş verir?
Bir səbəbi çox güman, azarkeşlik mədəniyyətinin formalaşmaması ilə əlaqədardır. Müstəqil futbol tariximiz çox qədim deyil və azarkeşlik yeni-yeni formalaşdığından, çatızmazlıqlar təbiidir. Digər tərəfdən, bizim mentalitetimiz və psixologiyamızın bir qədər fərqli olması da buna səbəb ola bilər.
Xatırlayıram, Sovet dövründə kinoteatrlarda film göstəriləndə sona 5 –
10 dəqiqə qalmış, kinolenti baxdığımız divara hopturan işığın fonunda,
insanların kölgələrinin çıxışa tərəf tələsdiyini görürdük. Biz daim harasa
tələsir, bir şey alanda növbə yaratmadan basabas salır, bütün etik normaları
pozaraq, daim hər yerə hamıdan tez çatmaq, hər şeyi hamıdan birinci əldə etmək
istəyirik.
Yeni il ərəfəsində Moskvadan Bakıya gələn bir tanışım danışırdı ki,
aerokassada, bütün kassaların qabağında növbə var idi, hətta Orta Asiya
respublikalarının kassalarının da. Yalnız Azərbaycana bilet satılan kassanın
qabağında növbəsizlik, basabas var idi. Fərqi yoxdur kim-kimi tapdaladı, hamı
çalışırdı ki, bileti biri o birindən tez alsın. Əlbəttə, birinci olmağa
çalışmaq yaxşıdır, amma bunları müəyyən olunmuş etk normalar çərçivəsində
etməmiz daha yaxşı olmazmı? Əks halda, kiməsə hörmətsizlik edir, kimisə
incidirik.
5 – 10 dəqiqə səbirli olub oyunun bitimini gözləməyərək çıxışa
tələsiriksə, bu da bir cür hörmətsizlikdir. Təsadüfi deyil ki, belə halı AFFA
prezidenti Rövnəq Abdullayev də təəssüf qarışıq narazılıqla qarşıladı: "Oyun başa çatmamış - 87-ci dəqiqədə
azarkeşlər meydanı tərk etdilər. Onların hərəkətindən narazı qaldım. Axı necə
ola bilər ki, komandan böyük hesabla qalib gəldiyi oyun başa çatmamış meydanı
tərk edəsən? Bu, "Qarabağ"a qarşı hörmətsizlikdir”.
Yaxşı ki hesab 4:0 idi. Heç olmasa lazım olan hesab var idi və stadionun boşalması o qədər də futbolçulara mənfi təsir etmədi. Amma "Qarabağ”ın, eləcə də digər klublarımızın avrokuboklarda güclü komandalarla oyunları olacaq, hesab isə heç də "Valetta” ilə oyundakı kimi olmayacaq. Bəzən komandalarımız son ana qədər vuruşacaq. Belədə təbii ki, bizə stadionu tərk edən tamaşaçı yox, komandanı son anadək dəstəkləyən azarkeş lazım olacaq.
RAQİB