1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Klublarımızın üz tutduğu 19 ölkə: yalnız 1-i qeyri-Avropadır - LAYİHƏ
Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "1992-2016-cı illərdə keçirilən Azərbaycan çempionatlarında iştirak etmiş əcnəbi baş məşqçilərlə bağlı statistik məqamların üzə çıxarılması" layihəsində silsilə yazılarını davam etdirir. Üçüncü yazı klublarımızın indiyədək əcnəbi baş məşqçilərlə bağlı əsasən hansı ölkələrə üz tutmasının ortaya çıxarılması ilə bağlıdır.
Ən çox baş məşqçi - qardaş ölkədən
Azərbaycan milli çempionatında ən çox məşqçi Türkiyədən olub. Ancaq həmin 14 nəfərin ciddi uğuru, ən əsası, çempionluğu olmayıb. Yalnız 2-si – Rasim Kara ilə Cüneyt Biçər çempionatın gümüş medalını qazanıb. Özü də onlar bunu debüt mövsümlərində reallaşdırıblar. R.Kara 2005-ci ildə "Xəzər Lənkəran”da, C.Biçər 2010-cu ildə "Bakı”da buna nail ilib. Onu da nəzərə alaq ki, sonuncu bunu baş məşqçi əvəzi kimi edib.
R.Kara ilə Naci Şensoy 50-dən çox oyunda etimad qazanmaqla matç sayında rekordçudurlar. R.Kara 3 dəfə baş məşqçi olmaqla da hamıdan seçilib. O, 2 dəfə "Xəzər Lənkəran”ın, 1 dəfə "Qarabağ”ın "sükanı arxası”nda olub. Ancaq heç birində işi uğurlu alınmayıb. R.Kara 2008/09 mövsümünün startına 1 həftə qalmış "Qarabağ"ı atıb "Xəzər Lənkəran"a qayıtsa da, məhz ağdamlılara Lənkəranda məğlubiyyətdən sonra qovulub və ölkəmizi birdəfəlik tərk edib.
Türkiyəli çalışdırıcılardan 5-i - Mehmet Tayfun Türkmən, Mustafa Yılmaz, Cevat Gülər, Şenol Fidan və Fuad Yaman heç 10 oyunda duruş gətirməyib. İbrahim Uzunca, Cüneyt Biçər, Şenol Fidan, Oğuz Çətin və Fatih Kavlak isə ölkəmizə baş məşqçi kimi gəlməsələr də, sonra ya baş məşqçi əvəzi, ya da məcburiyyətdən baş məşqçi təyin olunublar. Türkiyənin böyük klublarında işləmiş Mustafa Dənizli kimi əfsanəvi mütəxəssis də 20 matç duruş gətirməyib.
Ən uğurlu ölkə - Ukrayna
Azərbaycan Premyer Liqasında ən uğurlu ölkə Ukrayna sayılır. Onun ölkəmizdə 8 təmsilçisi olub. Onlardan "İnter”də çalışmış Valentin Xodukin yeganə çempion olan ukraynalı mütəxəssisdir. Ümumiyətlə, o, ilk Azərbaycan çempionu olan, ölkəmizdə ilk titul qazanan əcnəbi məşqçi kimi tarixə düşüb. Anatoli Konkov ("İnter”) ilk ukraynalı olması, Roman Pokora ("Simurq”) uzunömürlülüyü, Viktor Pasulko ("Xəzər Lənkəran”) məğlubiyyətsizliyi, Anatoli Demyanenko ("Neftçi”) bürünc medal qazanması, İqor Nakoneçnı ("MKT-Araz”) ilə Roman Qriqorçuk ("Qəbələ”) əyalətdə uğur qazanmaları ilə diqqət çəkib. Yalnız A.Konkovdan sonra "İnter”i qısa zaman çalışdırmış Oleq Smolyaninovun işi uğurlu alınmayıb.
Digər 3 məşqçidən 2-si - V.Pasulko ilə A.Demyanenko 50 oyundan az keçirsə də, işləri uğurlu sayılır. Təsadüfi deyil ki, məhz A.Demyanenko avrokuboklarda 2 mərhələ keçən ilk baş məşqçimiz olub.
Gürcülərin xarakteristikası - nümunəvi müəllim, nümunəvi tələbələr
Ölkəmizdə 5 gürcü mütəxəssis çalışıb. Onlardan Revaz Dzodzuaşvilinin "Turan”da baş məşqçi, Badri Kvaratsxeliyanın "Standard”da baş məşqçi əvəzi kimi uğursuz alınıb. Ancaq onların 3 həmyerlisindən fəaliyyəti uzunmüddətli alınıb və uğurlu sayılır. Özü də Kaxaber Tsxadadze, Georgi Çixradze və Zaur Svanadze bir-biri ilə bağlı olub. Çünki K.Tsxadadzenin baş məşqçisi olduğu "İnter”də əvvəlcə köməkçisi G.Çixradze, sonra Z.Svanadze olub. Ümumiyyətlə, Tsxadadze 221 oyunla nəinki gürcülər, ümumiyyətlə, əcnəbi məşqçilər arasında həm matç sayında rekordçudur, həm də ən titulludur. O, öncə "Standard”da, sonra "İnter”də çalışıb.
K.Tsxadadzenin köməkçisləri də səviyyələri ilə seçilib. Ölkəmizə onun köməkçisi kimi gələnlərdən Z.Svanadze özündən sonra "İnter”də baş məşqçi çalışır və indiyədək bu postdadır. G.Çixradze isə 108 oyunla yalnız müəllimindən geri qalır və R.Pokora ilə birgə matç sayında 2-ci yeri bölüşdürür.
Postsovet məkanından 18 mütəxəssis
8 ukraynalı və 5 gürcüdən başqa Azərbaycanda keçmiş SSRİ-nin 4 ölkəsinin 5 məşqçisi də işləyib. Ümumilikdə isə postsovet məkanından 18 mütəxəssis olub. Rusiyadan 2, Litva, Latviya və Moldovadan hərəyə 1 məşqçi çalışıb. Bunlardan "Gənclərbirliyi”ndə işləmiş Katalin Karp daha çox qardaşı, FİFA referisi İon Karpın hesabına məşhur idi.
Litvalı Valdas İvanauskasın "Standard”da, rusiyalı Sergey Yuranın "Simurq”da işi uğursuz olub. Latviyalı Alekdandr Starkov "Bakı”da 54 oyun keçirsə də, demək olar heç nə etməyib. Tanınmış rusiyalı mütəxəssis Yuri Syomin "Qəbələ”nin tarixinə ilk mükafat – Azərbaycan milli çempionatının bürünc medalını qazandıran kimi düşsə də, mövsümü bitəndən sonra komandanı atıb gedib.
Keçmiş Yuqoslaviyadan Azərbaycanda çempion və millinin baş məşqçisi
Keçmiş Yuqoslaviyanın Azərbaycan milli çempionatında 8 təmsilçisi olub. Bunlardan yarısı serbiyalıdır. Qalan 4 mütəxəssisdən 2-si bosniyalı, 1-i xorvatiyalı, 1-i makedoniyalıdır. Həmin makedoniyalı Qyoko Hacıyevski Azərbaycan milli komandasında da baş məşqçi olub. Yeri gəlmişkən, millimizin digər əcnəbi baş məşqçilərindən braziliyalı Karlos Alberto Torres, almaniyalı Berti Foqts və xorvatiyalı Robert Prosineçki Azərbaycanda klubda çalışmayıblar. Hacıyevski isə 2 klubda - "Bakı” və "Simurq”da işləyib və ümumilikdə hesabında 82 oyun var. O, paytaxt klubu ilə 2009-cu ildə çempionluq sevinci yaşayıb.
Bosniyalı mütəxəssis Kemal Alispahiçlə Almir Hurtiç yaxın klublar olan "Muğan” və "Rəvan”da çalışıblar. A.Hurtiç Salyan təmsilçisində Alispahişin köməkçisi işləyib. Ancaq onların heç biri heç nəylə yadda qalmayıb.
Xorvatiyalı mütəxəssis Stepan Çordaş "Olimpik”də baş məşqçi əvəzi, 1998-ci ildə dünya çempionatının bürünc medalını qazanan Xorvatiya yığmasnında baş məşqçi Miroslav Blajeviçin köməkçisi olub. Yeri gəlmişkən, S.Çordaşın oğlu Darko Çordaş Azərbaycanda "Neftçi”də oynayıb.
Dörd serbiyalı mütəxəssis ciddi uğurla, uzun müddət qalmaları ilə seçilməyib. Yalnız Milinko Pantiç "Bakı” – "Atletiko” əməkdaşlığının nəticəsi kimi gəlişi ilə diqqət mərkəzində olub. Miroslav Saviç isə həm "Xəəzr Lənkəran”da oynayıb, həm də baş məşqçi əvəzi kimi "Masallı”nı meydana çıxarıb.
Futbolun yaradıcılarının ölkəmizdə uğursuzluqları
Futbolun yaradııclarından – Böyük Britaniyadan gələn əfsanələr uğursuzluqları ilə diqqət çəkiblər. Bunlardan ingiltərəli Toni Adams futbolçu, uelsli Con Toşak məşqçi kimi əfsanələşib. T.Adams 2010-11-ci illərdə çalışdırdığı "Qəbələ"də 32 oyun keçirib. 2012/13 mövsümündə "Xəzər Lənkəran”n baş məşqçisi olan C.Toşakın hesabında isə cəmi 9 matç var.
Azərbaycanda işləmiş 52 mütəxəssis arasında İngiıtərə kimi "Böyük beşlik” ölkələrinin də nümayəndələri olub. Almaniyadan 3, İspaniyadan 2, İtaliyadan 1 nəfər olub. Həmin 6 mütəxəssisdən yalnız almaniyalı Bernhard Raab uzun müddət – 64 oyun postunda olub. Ancaq bu, iddiasız "Sumqayıt”da çalışdığı üçündür. Vinfred Şaferin, Hans-Yurgen Gedenin isə "Neftçi”də işi qısamüddətli, fiasko olub. H-Y.Gede ölkəmizə Foqtsun köməkçisi gəlib, sonradan isə ondan ayrılaraq "Neftçi”nin baş məşqçi postuna keçib. O, Rəşad Sadıqov başda olmaqla bir sıra aparıcı futbolçuları qovaraq "Neftçi”ni dağıdıb.
İspanlardan Karles Bakes "Xəzər Lənkəran"a gələnədək vətənində uşaq məşqçisi işləyib. Luis Araqon isə "Qəbələ”nin əvəzedicilərində baş məşqçisi kimi 3 il çalışıb. O, 2012/13 mövsümünün "altılığ"ında Ramiz Məmmədovun gedişindən sonra baş məşqçi əvəzi olub. İspan mütəxəssislər 10 oyundan çox vəzifələrində qalmayıb. İtaliyalı Covanni Melkiorre 1 oyunda "Xəzər Lənkəran”da baş məşqçi əvəzi olub.
Şərqi Avropadan məşhur simalar
Ölkəmizdə Şərqi Avropadan 3 məşqçi olub ki, onlardan 2-si Rumıniya, 1-si Çexiyadandır. Özü də hər 3-ü məşhur simadır. Amma Vlastimil Petrjela "Neftçi”dən, futbolçu kimi məşhur olan Dorinel Muntyanu "Qəbələ”dən ilk dövrədən sonra istefaya göndərilib. Mirça Redniksə "Xəzər Lənkəran”da ən çox sevilən məşqçi olub. Lakin 50 çempionat matçına qədər duruş gətiməyib – 47 oyun. M.Rednikin sonradan daim qayıdışı gündəmdə olsa, ona xilaskar kimi baxılsa da, hələ də dönüşü baş tutmayıb.
Bu mütəxəssislər Avropanın 18 ölkəsinin təmsilçisidir. Qeyri-avropalı isə yalnız 1 nəfərdir ki, bu da Afrikadan - Əlcəzairdən Adel Amruşdur. O, 2004/05 mövsümündə Sumqayıtın "Gənclərbirliyi" klubunda 11 oyun keçirib – 2 qələbə, 1 heç-heçə, 8 məğlubiyyət, topların fərqi 8-23, 7 xal. A.Amruş Ekvatorial Qvineya, Keniya və Burundi millilərində çalışıb.
Beləliklə, 52 mütəxəssis 19 ölkəni təmsil edib. Bunlardan 18-i Avropadan, 1-i Afrikadandır. Həmin ölkələr Türkiyə (14 nəfər), Ukrayna (8), Gürcüstan (5), Serbiya (4), Almaniya (3), Bosniya və Herseqovina, İspaniya, Rumıniya, Rusiya (hərəsə 2), Latviya, Litva, Moldova, Çexiya, İtaliya, Xorvatiya, Makedoniya, Ingiltərə, Uels və Əlcəzairdir (hərəyə 1).
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib