1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qızıl gəncliy"in azərbaycanlı siması: Vladislav Qədirov - LAYİHƏ
Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Futbolumuzun tarixi: heç kim və heç nə unudulmur" layihəsinin icrasına başlayır. İlk yazı SSRİ yığmasının heyətində dünya və Avropa çempionu olmuş bir həmyerlimizə həsr olunub...
Futbolla məşğul olmağa 7 yaşından – 1977-ci ildə başlayıb. İlk addımlarını Boris Tibilovun rəhbərliyi altında "Gənclik-Buzovna”da atıb. İstedadlı, gələcək vəd edən bir uşaq olması 1985-ci ildə SRRİ yığmasının qapılarını onun üzünə açır. Elə həmin vaxt onu dərhal "Neftçi”yə götürürlər. Hərçənd, 9-cu sinif şagirdinin xidmətində Kiyev "Dinamo”su, Moskva "Spartak”ı maraqlı olur. Lakin o, doğma Bakıda, ailəsinin yanında qalmağı üstün tutur, "Neftçi”də oynamağı özünə fəxr bilir.
SSRİ-nin 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Aleksandr Piskaryov 25 may – 3 iyun 1987-ci ildə Fransada keçirilmiş Avropa, 12 – 25 iyulda isə Kanadada təşkil olunmuş dünya çempionatı üçün 18 futbolçu seçir. Həmin vaxt 37 yaşı olan mütəxəssis Yuri Okroşidze ("Zenit” Leninqrad), Yuri Mokritski, Anatoli Muşinka (hər ikisi "SKA-Karpatı”, Lıvov), Sergey Bejenar ("Kolos”, Nikopol), Yuri Moroz, Valeri Vısokos, Yuri Makarov, Nikolay Rusin (hamısı Kiyev "Dinamo”su), Oleq Matveyev ("Rostselmaş”, Rostov), Yuri Nikiforov ("Çernamorets”, Odessa), Mircəlal Qasımov ("Dinamo”, Moskva), Sergey Arutyunyan, İrakli Qeleneva (hər ikisi "Dinamo”, Suxumi), Vyaçeslav Tsarev ("Torpedo”, Moskva) və Viktor Quzla ("Rotor”, Volqoqrad) yanaşı, "Neftçi”nin 3 oyunçusuna dəvət göndərir - Arif Əsədov, Vyaçeslav Lemiş və həmsöhbətimiz olacaq Vladislav Qədirov bu şərəfə layiq görülürlər.
"Həmin vaxt belə bir qayda vardı – bir yaş qrupu yalnız bir Avropa və eyni sayda dünya çempionatında iştirak edirdi. Qitə birinciliyində ilk "üçlüy”ə düşən yığmalar mundiala vəsiqə qazanırdılar. Ona görə də əvvəlcə may ayında Fransaya getdik, yarış orada təşkil edilirdi. Arif Əsədovla mən əsas heyət oyunçuları idik, daim "11-lik”də yer alırdıq. Arif müdafiədə çıxış edirdi, mən isə orta xətdə, əsasən sol cinahda”. Qədirov 30 il əvvəli xatırlamağa başlayır.
Bəli, məhz 30 il! SRRİ-nin "Qızıl gəncliyi” adlanan həmin kollektivin tarixi uğurundan düz 30 il keçir...
- Mundial əsas hədəf sayılsa da, SSRİ yığması qitə birinciliyində də uğurlu çıxış edib. Siz həm də faktiki olaraq, Avropa çempionu sayılırsınız...
- Bəli, elədir. Avropa çempionatında Norveç, Avstriya və Yuqoslaviya ilə düşmüşdük. Hamısını müvafiq olaraq 4:1, 1:0 və 4:0 hesabı ilə məğlub etdik. Yarımfinalda meydan sahiblərini penaltilərdə üstələdik – 3:0. Həlledici görüşdə isə İtaliya ilə qarşılaşdıq. Oyun Parisdə, məşhur "Park de Prens” stadionunda keçirilirdi. Matç rəqibin 1:0 hesalı qələbəsi ilə yekunlaşdı. Lakin turnirdən 10-15 gün sonra bəlli oldu ki, İtaliyanın heyətində 4 nəfər "lipa” tapılıb. Belədə biz avtomatik Avropa çempionu olduq. Təəssüf ki, qızıl medallarımızı vermədilər. Bizə gümüş medallar qaldı. Üstəlik, dünya çempionatına vəsiqə qazandıq.
- Ardınca uzun illər danışılacaq uğur ardınca Kanadaya getdiniz. Nəticələrə əsasən, Nigeriyanın əsas rəqibiniz olduğunu söyləmək olar?
- Nigeriya güclü idi, bəli. Bizimlə birgə D qrupunda yer almışdı. Lakin digər komandalar da yaxşı formada idilər. Elə biz özümüz onlardan daha üstün futbol sərgiləyirdik. İlk matçımız məhz Nigeriyaya qarşı oldu və qalib müəyyənləşmədi - 1:1. Ardınca Meksika ilə qarşılaşdıq və 7:0 hesabı ilə qalib gəldik. Həmin matçın 64-cü dəqiqəsində komandamızın 6-cı qolunu mən vurdum. Daha sonra Boliviya ilə üz-üzə gəldik və onları da məğlub etməkdə çətinlik çəkmədik - 4:2. 1/4 finala Fransanı 3:2, yarımfinalda isə Kot d`İvuarı 5:1 hesabı ilə üstələdik. Finalda isə bizi Nigeriya gözləyirdi.
- Bütün qarşılaşmalarda start heyətində yer alsanız da, final matçında 41-ci dəqiqədə meydana daxil olmusunuz. Bu, nə ilə bağlıdır?
- Həlledici oyun ərəfəsində xəstələnmişdim. Ümumilikdə götürsək, Arif Əsədovla mən əsas heyət oyunçuları idik və bütün matçlarda iştirak etdik.
]
- Nigeriya ilə final qarşılaşmasında artıq 11-ci dəqiqədə hesab 1:1 olsa da, qalib penaltilər seriyası ilə müəyyənləşir. Erkən qollardan sonra komandalar irəli atılmağa qorxdular?
- Hesabı 6-cı dəqiqədə biz açmışdıq, onlar bərabərləşdirdilər. Bundan sonra hər iki komanda daha diqqətli olmağa çalışsa da, qol vəziyyətləri də oldu. Lakin elə alındı ki, qalib penaltilərdə bilindi.
- Bəs, "Qızıl gəncliy”in uğurlarının davamı niyə gəlmədi? Heyətdə yer alanlardan heç biri dünya səviyyəsində tanınan futbolçu olmadı...
- Daha sonra yaxş qrupları dəyişdi, yeni oyunçular peyda oldu. Oleq Salenko kimi futbolçunu bütün dünya tanıyırdı, çox güclü heyət idi. Açığı, mənim mövqeyimdə də güclüsü vardı.
- Həmin futbolçulardan hansı iləsə sonradan bir klubda çıxış etdiniz?
- 1991-ci ildə zədə aldım, bir az geri düşdüm, I divizionda oynadım. Kiminləsə yolum kəsişmədi.
- İndi onlarla əlaqəniz var?
- Bəli, telefonla əlaqə saxlayırıq, imkan olanda görüşürük.
- Bu il çempionluğunuzun 30 illiyidir...
- Bu əlamətdar məqamı unutmadığınız üçün təşəkkür edirəm. Düz, 30 il keçib, 30 il... Amma Azərbaycanda bunu yada salan, nəsə bir tədbir edən oldumu? Xeyr! Biz dünya çempionu olmuşuq, bu, zarafat məsələ deyil. O boyda SRRİ-də seçilən 18 nəfərin arasına düşmüşük. Deyəcək sözüm yoxdur...
- Bəs, özünüz,həmin heyət üzvləri nə üçün bir araya gəlmədiniz?
- Açığı, belə bir plan vardı. Danışdıq ki, Ukraynada tədbir təşkil edək. Lakin bu da alınmadı. Bildiyiniz kimi, indi Ukrayna və Rusiya arasında problemlər var. Bu cür məsələlərə görə tədbirimiz baş tutmadı. Həmin uşaqların çoxu indi yaxşı yerlərdə işləyirlər. Yuri Moroz Kiyev "Dinamo”sundadır, Yuri Nikiforov Moskva "Dinamo”sunda çalışır və s.
- Siz isə hazırda işsizsiniz. Həmin əlaqələrlə iş tapmaq olmazmı?
- Birincisi, elə iş də yoxdur. İkincisi isə xaricdə yaşamaq istəmirəm, öz vətənimi sevirəm, burada qalacağam.
- Peşəkar futbolçu karyeranıza 1988-ci ildə "Neftçi”də başlamısınız və 1991-ci ilə qədər iştirak etdiyiniz 93 matçda 11 qol vurmusunuz...
- Bəli, mənim yaxşı vaxtlarım idi, amma çətin dövr gəlmişdi.
- "Saxalin”ə necə getdiniz? Niyə "Neftçi”də qalmadınız?
- Həm mənim zədəm vardı, həm də 1991-ci ildə Azərbaycan futbolunda qeyri-müəyyənlik idi. Heç ağlıma da gəlməzdi ki, "Saxalin”ə gedərəm. İlk məşqçim Boris Tibilov SSRİ dağılandan sonra Rusiya çempionatının I divizionunda çıxış edən "Saxalin”ə baş məşqçi təyin olundu. O, əməkdar məşqçi idi. Mən dünya çempionu olduğum üçün ona bu adı vermişdilər. Tibilov dedi ki, gəl bura, həm özün bərpa ol, həm də bizə kömək et.
- Siz də SRRİ-nin idman ustasısınız, düzdür?
- Bəli, o vaxt bu adı kimə gəldi vermirdilər. Dünya çempionu olduğumuz üçün buna layiq görülmüşdük. Cavan uşaqlar idik.
- 1992 - 1994-cü illərdə formasını geyindiyiniz "Saxalin”də 74 oyuna 54 qol vurmusunuz. Əla göstəricidir. Ayağınız açılmışdı?
- Orada şərait çox yaxşı idi. İldə iki maşın almaq olurdu, maaş da əla idi. Aşağı dəstə olsa da, maraqlı matçlar oldu. "Saxalin”də yaxşı günlər keçirdim.
- 1995-ci ildə "Neftçi”yə qayıdırsınız və cəmi 2 oyun keçirirsiniz. Daha sonra Nijni-Novqorodun "Lokomotiv” klubuna gedirsiniz, lakin heç bir oyunda iştirak etmədən ordan da ayrılırsınız. Həmn dövrdə nələr baş verib?
- 1995-ci ildə Bakıya məzuniyyətə gəlmişdim. Həmin dövrdə "Neftçi”nin prezidenti vardı – Rasim Rəfiyev. Çağırdı komandaya. Dedim ki, axı mənim "Saxalin”lə müqaviləm var. Dedi biz həll edəcəyik, narahat olma. İndi gülməli gələ bilər, amma "Neftçi”nin heyətində 2 oyuna da çıxdım. Lakin sonra "Saxalin” buna etiraz etdi, ora da qayıda bilmədim. Həmin ərəfədə Moskva "Dinamo”sun çağırdılar. Müqaviləyə imza atmaq qarşılığında onlardan ev istədim. Dedilər indi ev məsələsi çətindir, gərək bir il oynayasan. Toplanış vaxtı "Lokomotiv”lə yoxlama oyunu keçirdik, onlardan təklif aldım. Yaxşı şərtlər təklif etdilər, "Qaz-31” filan... Getdim ora, lakin toplanış vaxtı baş məşqçi ilə fikir ayrılığımız yarandı. Düzgün məşq keçmirdi, ancaq qaçırdırdı, topla işlətmirdi. Dedim ki, biz atletik, yoxsa futbolçu? Elə həmin il də getdim Tula "Arsenal”ına.
- "Qaz-31”i geri qaytardınız?
- Xeyr, məndə qaldı (gülür). Bir az transfer pulu ödədilər, vəssalam. 1996-cı ildə üz tutdum Ryazan "Spartak”ına. Ardınca "Lada-Energetik”də oldum. 1998-ci ildə qayıtdım vətənə, "ANS-Pivani”yə gəldim. Baş məşqçi Nadir Qasımov idi. Amma burada vəziyyət çətin idi. Maaş ancaq benzin puluna çatırdı. Üz tutdum Dubaya. Adını xatırlamıram, bir klubla razılığa gəldim. Həmin vaxt Nazim Süleymanov da orda idi. O da danışığa gəlmişdi. Lakin yekunda ikimizin də işi alınmadı. Bununla da futbolçu karyeramı başa vurdum.
- 1994 - 1996-cı illərdə Azərbaycan millisində də çıxış etmisiniz...
- Bəli, məşhur "Oser faciə”sinin iştirakçılarından idim. Fransaya qarşı normal da oynayırdıq, 0:10-luq oyun deyildi. Matçın əvvəlində yaxşı hücumlar təşkil edirdik. Yunis Hüseynovu tuta bilmirdilər. Amma yekunda darmadağın baş verdi.
- Məşqçiliyə necə başladınız?
- "Çermet” adında klub vardı, həvəskarlar liqasında çıxış edirdi. Məşqçilik karyerama orada, 1998-ci ildə başladım. Bir il sonra MOİK-ə dəvət etdilər. Komanda elitada çıxış edirdi. Heyətdə Ruslan Tağızadə, Elçin Rəhmanov kimi uşaqlar vardı. Ancaq orda cəmi 6 ay qaldım. İngilislərin bir klubu vardı – "Bayıl Rovers”, ora getdim. Ardınca özüm "Arsenal” futbol məktəbi açdım. 2004-cü ildə İqor Ponomaryov "Qarabağ”a gələndə, köməkçisi oldum, orda çalışdım. Daha sonra "Arsenal” ilə I divizonda mübarizə aparmağa başladım. "Bank Standard” bizə sponsor gəldi, komandanın da adı dəyişdi, oldu "Standard”. Yunis Hüseynovu əvəzimə baş məşqçi təyin etdilər, mən də oldum direktor.
- "Nurgün Holdinq”lə əməkdaşlığınız necə alındı?
- 2008-ci ildə məni U-17 millimizə dəvət etdilər. Digər variant isə "Nurgün Holdinq”in təklifi idi. Salyanı təmsil edən NBC klubu təsis etmişdilər. İlk mövsümdə I divizionda çıxış etməliydik, məqsədləri Premyer Liqa idi. Lakin elə alındı ki, elitada "Masallı” dağıldı, biz birbaşa yüksək dəstəyə gəldik. Bir az işlədim, sonra Kemal Alispahiçi gətirdilər. Mən də getdim U-19 və U-21 milli komandalarında seleksiyaçı-məşqçi vəzifəsində çalışmağa. 2009-cu ildə "Nurgün Holdinq” yeni komanda yaratdı – "Rəvan”, ora çağırdılar. Komanda ilə I divizionda 2-ci yeri tutduq, çıxdıq Premyer Liqaya. Sonrasında bilirsiniz: 3 ay baş məşqçi olurdum, gedirdim, sonra yenidən qayıdırdım. Sayını itirmişəm (gülür). Amma onlara minnətdaram. Nuru müəllimə çox sağ ol deyirəm.
- Bir müddət əvvəl AFFA-da "Kütləvi futbol” layihəsində çalışdınız...
- Bəli, bir ilə yaxın işlədim. Amma tam məni ixtisasıma uyğun iş deyildi. Mən baş məşqçiyəm, bu işi görmək istəyirəm. Təkliflərə də açığam. İş versinlər, özümü sübut edim. Amma özünüz də görürürsünüz, Premyer Liqada cəmi 8 klub qalıb. Diviziondan da bəzi təkliflər olmuşdu, istəmədim.
- Bəs, indi nə işlə məşğulsunuz?
- "Arsenal” futbol məktəbimi bərpa etmişəm. İki məşqçiyik, 54 uşağı hazırlayırıq. Məşqçi kubik daşıyası deyil ki... Nə yığmalarda imkan var, nə klublar da. Mən də ailəmi dolandırmalıyam, axı. Hələlik bu məktəbdəyəm. Ümid edirəm ki, AFFA rəhbərliyi bir gün mənə də etimad göstərər. Dünya çempionu kimi öz təcrübəmi uşaqlarımızla bölüşməyə hazıram. Bizdə həmişə istedadlı futbolçular yetişib. Vladislav Qədirov dünya çempionu olubsa, indi də bu səviyyədə futbolçular yetişdirmək olar.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir