Azərbaycan Premyer Liqasının oyunları ilin-günün bu vaxtı üçün çox gec başlayır. Xüsusən, şənbə-bazar günlərində oyunların axşam saatlarına salınmasında heç bir məntiq yoxdur. Nə azarkeşlərə uyğundur, nə jurnalistlərə. Heç iqtisadi cəhətdən də səmərəli deyil, xeyli işıq yandırırlar.
Xüsusən, Qəbələ kimi dağlıq rayonda matçın saat 14:00-dan gec başlaması yolverilməzdir. Çünki belə iqlim şəraitində hava günortadan sonra korlanmağa başlayır. Qışda qar yağır, yazda stadiona duman çökür. Yenə yaxşı ki, Qəbələ şəhər stadionuna qulluq yüksək səviyyədə göstərilir, güclü yağış yağanda ot örtüyünə ciddi ziyan dəymir, normal qaydada futbol oynamaq olur.
Bunun acı nəticəsidir ki, saat 16:00-da başlayan "Qəbələ" - "Zirə" oyunu yarımçıq saxlanıldı. Oyun davam etsə, saat 18:15-də start götürməli olan "Sumqayıt" - "Neftçi" görüşünün vaxtına girəcək. Nəticədə matçları normal qaydada izləmək mümkün olmayacaq.
Elə isə sual olunur: Oyunların şənbə-bazar günləri gec başlaması kimin üçündür?
Hə, yalnız komandaların özlərinə uyğundur. Çünki oyun günü istəyirlər ki, çox yatsınlar, gec oyansınlar.
İki həftədir Bakıdakı oyunlara gedəndə bunu da müşahidə etdim: Jurnalistlərin sayı hətta mərkəzi oyunlarda belə çox azdır. Bunun bir səbəbi yolun uzaqlığıdırsa, digər səbəb məhz oyunun gec başlamasıdır. Gec başlayan oyun həm də havanın soyuması deməkdir. Dünən "Sabah" - "Qarabağ" oyunundan çıxdığımız vaxt saat 22:00, havanın temperaturu isə -1 dərəcə idi.
Maraqlıdır ki, bütün bunlar şənbə-bazar günləri böyük beşlik ölkələrində axşam saatlarında oyunların olduğu vaxtda baş verir. Doğrudanmı, Azərbaycan çempionatının oyunları aparıcı liqaların matçları ilə üst-üstə düşmür?
Oyunları əksərən axşam saatlarına yalnız iş günləri salırlar. İngiltərə, İspaniya, İtaliyada elə oyunlar olur ki, yerli vaxtla saat 12:00-da başlayır.
Nə qədər gec deyil, əncam çəkmək lazımdır.