FIFA Ballon d’Or və UEFA Best Player in Europe mükafatlarının jüri üzvü və "Futbol dünyası" qəzetinin şöbə müdiri Rasim Mövsümzadə Sportnet.az-a yazır...
UEFA-nın reytinqi ölkələrin UEFA kubokunda (Avropa Liqasının sələfi) neçə təmsilçisinin olmasını müəyyənləşdirmək üçün 1979-cu ildən açıqlanmağa başlayıb. İndi isə bu reytinq syəsində ölkələrin həm Çempionlar Liqası, həm də Avropa Liqasına qatılacaq komandalarının sayı bəlli olur. Xatırladım ki, klublar hər qələbəyə, heç-heçəyə və hətta mərhələ adlamağa görə xallar alırlar, sonra bir ölkənin komandalarının xallarının cəmi həmin ölkənin təmsilçilərinin sayına bölünür və nəticədə ölkənin sözügedən mövsümdə əmsalı müəyyənləşir. Reytinq isə son 5 mövsümün əmsallarını toplamaqla bəlli olur.
Bəli, istər son beş, istərsə də son dörd, üç və hətta iki mövsümün UEFA reytinqinə baxsaq, Sloveniya bizdən irəlidədir. Bəs onda necə olur ki, Azərbaycan çempionatında 4-cü yeri tutmuş komanda Sloveniyanın vitse-çempionunu mübarizədən kənarlaşdırır.
UEFA reytinqinin Avropada milli çempionatların səviyyəsini ədalətli əks etdirə bilmədiyini iddia etməzdən əvvəl klubların da reytinqinə bir nəzər salaq.
Bax, burada komandaların əsl gücü üzə çıxır. "Neftçi” 2014/15 mövsümü öncəsi 7,075 xalla 219-cu yerdə, "Koper” isə 3,450 xalla 326-cı yerdə idi. Təxminən 2 dəfə çox xal və 107 pillə irəlidə! Deməli, qeyri-adi heç nə baş verməyib və UEFA-nın klublar reytinqi də təsdiqləyir ki, həqiqətən, "Neftçi” rəqibindən güclü idi.
"Neftçi”nin növbəti rəqibi "Çixura” da ötən mərhələdə mövzumuza uyğun halla qarşılaşıb. 2014/15 mövsümü öncəsi Türkiyə UEFA-nın reytinqində 11-ci, Gürcüstan isə 33-cü yerdə idi. Bununla belə, "Çixura” "Bursaspor”u mübarizədən kənarlaşdıra bildi. Amma burada da bəzi məqamları diqqətə almaq lazımdır.
Məsələn, "Bursaspor” Türkiyə çempionatını 8-ci pillədə başa vurmuş, "Fənərbağça”, "Sivasspor” və "Eskişehirspor”un avrokuboklara buraxılmaması nəticəsində Avropa Liqasına vəsiqə qazanmışdı.
Həm də unutmayaq ki, Türkiyə, əsasən, "Qalatasaray”, "Fənərbağça” və "Beşiktaş”ın qazandığı xallar sayəsində UEFA-nın reytinqində nisbətən üst pillələrdə qərarlaşır. Digər klubların səviyyəsi isə elə də yüksək deyil. "Bursaspor”un Gürcüstanda 4-cü olmuş komanda tərəfindən, penaltilər seriyasında olsa belə, mübarizədən kənarlaşdırılması dediklərimizə sübutdur.
Ümumiyyətlə, UEFA reytinqini ətraflı öyrəndikdə maraqlı məqam diqqəti çəkir. İspaniyada klublar bütün elliklə reytinqi qaldırırlarsa, Türkiyə "Qalatasaray”, "Fənərbağça” və "Beşiktaş”ın sayəsində irəliləyirsə, bir çox ölkələr, əsasən, bir lider klubun uğurlu çıxışı nəticəsində çox xal toplayıb nisbətən yüksək yerlər tuturlar. Məsələn, İsveçrə "Bazel”ə, Avstriya "Zalsburq”a, Danimarka "Kopenhagen”ə, Şotlandiya "Seltik”ə, Belarus BATE-yə, Xorvatiya Zaqreb "Dinamo”suna, Moldova "Şerif”ə, elə Sloveniya da "Maribor”a minnətdar olmalıdır.
"Zalsburq”dan söz düşmüşkən, Avstriya futbolunun aşkar lideri "Qarabağ”ın ötən il 2 dəfə məğlub olduğu (Bakıda – 0:2, səfərdə - 1:2) Frankfurt "Ayntraxt”ından da güclüdür. 2014/15 mövsümü öncəsi "Zalsburq” klubların reytinqində 46,185 xalla 46-cı, Almaniya klubu isə 28,328 xalla 79-cu pillədə idi. UEFA-nın reytinqi təsdiq edir ki, Avstriya çempionu nəinki "Ayntraxt”dan, hətta "Fənərbağça”, "Roma”, "Verder”, "Seltik”, "Spartak”, "Beşiktaş”, "Panatinaikos”, Mönxenqladbax "Borussiya”sı və "Real Sosyedad”dan da güclüdür...
Əgər 2014/15 mövsümünü də nəzərə alsaq, "Zalsburq”un son 5 ildəki əmsalı 32,910-a, "Qarabağ”ınkı isə 7,575-ə bərabər olacaq. Belə çıxır ki, oyun ərəfəsində Avstriya təmsilçisi Azərbaycan çempionundan 4,34 dəfə güclüdür?
Avropa Liqasındakı təmsilçimizə gəlincə, "Neftçi”nin əmsalı 8,075-ə, "Çixura”nınkı isə 3,350-yə bərabərdir. Deməli, Azərbaycan təmsilçisi rəqibindən 2,4 dəfə güclüdür?
Bu rəqəmlərin həqiqəti əks etdirib-etdirmədiyini meydanda görəcəyik...
Ümumiyyətlə, həm Çempionlar Liqası, həm də Avropa Liqasında ilk iki seçmə mərhələ geridə qalıb. Qazaxıstan komandalarının uğurlu çıxışı diqqəti çəkir. Onlar ölkələrinə artıq 2,625 xal qazandırıblar. "Vaduts” isə, mübarizəni dayandırsa da, "tək canına” Lixtenşteynin hesabına 2,500 xal əlavə edib.
Azərbaycan klubları isə hələ 1,500 xal qazanıblar və 4 komandamızdan 2-si mübarizəni dayandırıb. Rekord 2012/13 mövsümündə qeydə alınıb – 3,000 xal.
Digər maraqlı məqamlar kimi, Farer adalarının bir təmsilçisinin yoluna davam etməsi (bunun sayəsində 51-ci yerdən 49-a yüksəlib), həmçinin UEFA-nın reytinqində nisbətən aşağı pillələrdə qərarlaşan ölkələrdən 24-cü yerdəki İsveçin 5 komandasının hamısının mübarizəni davam etdirməsi də diqqəti çəkir.