Vüqar MƏMMƏDOV
34 yaşlı Rəşad Sadıqov ən zəif oyunlarından birini Avropa Liqasında İtaliya "Fiorentina"sına qarşı keçirdi.
Adətən, bu yaşda futbolçular bütün gücünü bir istiqamətdə cəmləmək üçün yığmadan imtina edir və özlərini yalnız kluba həsr edirlər. Rəşadsa klub və yığmada oynamağı bir yana dursun, hələ məşqçilik də edir. "Qarabağ”ın U-19-nu nəzərdə tuturam. Məhz Sadıqovun bu qərarı, zənnimcə, səhv idi.
Təsəvvür edin, Rəşad futbol oynayır və oynaya-oynaya komandasına hansı taktikanı seçəcəyini düşünür. Bu bir əldə iki qarpiz saxlamağa bənzər. Belə vəziyyət insanın fikirlərinin bir nöqtədə cəmləşməsinə mane olur. Hələ mən "Zirə"yə də köməklik göstərməsini, imkan düşdükcə, oyunlarını izləməsini demirəm.
Bu cür davam etsə, Rəşad hələ çox səhv edəcək. Çıxış yolu futbol oynadığı dövrdə məşqçiliyi buraxmasıdır. Hansısa futbolçunun bu şəkildə, futbol oynaya-oynaya başqa bir komandaya məşqçilik etməsini xatırlamıram. Peşəkar futbolda belə şeylərə yer yoxdur. Bu, qeyri-ciddi addımdır. Ya məşqçilik elə, ya da futbolçu ol! Birini seçməlisən.
Fikrimcə, Rəşadın futbolçu kimi hələ tükənmədiyini və ona meydanda yenə ehtiyac olduğunu nəzərə alsaq, "Oynaması daha düzgün qərardır" qənaətinə gələrik.
Bir çoxu kimi, mən də "Qarabağdan qənaətbəxş oyun gözləyirdim. "Fiorentina" ilə oyunun əvvəlinə baxanda düşüncəmizdə yanılmadığımızı da görə bilərik. Lakin qırmızı vərəqə işləri korladı. Bunadək "Qarabağ” öz səliqəli futbolunu oynayırdı. Meydandan qovulanın mərkəz müdafiəçilərindən biri olması müdafiənin vəziyyətini daha da ağırlaşdırdı. Amma zənnimcə, məğlubiyyətin əsas səbəbi bu deyildi.
Azlıqda qalıb hesabı qoruyan, hətta öz xeyrinə dəyişən komandalar tanıyırıq. 2009-cu ildə "Barselona” Çempionlar Liqasını qazandığı mövsümdə yarımfinalda "Çelsi”yə lazım olan qolu azlıqda vurmuşdu. Məsələ burasındadır ki, qırmızı vərəqə futbolçularımızda ruh düşkünlüyü yaratdı. Bu psixoloji sarsıntı idi və "Qarabağ”ın liderləri – Rəşad Sadıqov, Riçard Almeyda meydanda məhz bu halı dərhal aradan qaldırmalı idilər. Çünki həmin an bunu etməli olan məşqçilər meydana girə bilməzdilər. Lakin göründüyü kimi, liderlər bunu edə bilmədilər. Əksinə, onlar hamıdan tez ruhdan düşdülər. Bəlkə də Qurban Qurbanov Bədavi Hüseynovu dərhal meydana buraxsaydı, sarsıntını aradan qaldırardı.
Psixoloji vəziyyətdən söz düşmüşkən, "Qarabağ”a yeni qapıçı gələndən sonra İbrahim Şehiçin oyununda geriləmə müşahidə olunur. Daha bilmirəm onu təzə qapıçı cadulayıb, yoxsa narahatlıq keçirir ki, hər an əsas heyətdə yerini itirə bilər. Hər nədirsə, son vaxtlar çoxlu top buraxır.
Oyunun əvvəlində "Qarabağ” qapıya bir neçə zərbə vurdu. Oyun planında da üstün tərəf idi. Elə ciddi yüzfaizlik qol epizodları yaratmasa da, hər halda təhlükəli görünürdü. Şərhçilər isə öz ampulalarında idilər. Vurğulayırdılar ki, "Qarabağ” bu vəziyyətlərdən istifadə etməlidir, əks təqdirdə, bu, onların əleyhinə işləyə bilər. Yəni, "vurmayana vurarlar"-zad...
Ümumiyyətlə futbolda "vurmayana vurarlar” söhbəti yoxdur. Hə, qırılma anları var, bu da o vaxt olur ki, həlledici anlarda futbolçu 100 faizlik qol epizodundan istifadə edə bilməsin. Belə vəziyyət əks-effekt verə və öz qapında qol görə bilərsən. Psixoloji cəhətdən güclü komandalar isə heç qırılma anına imkan vermirlər. onlar bir neçə yüz faizlik qolu sağa-sola xərcləyər, amma rəqibi öz qapılarına yaxın buraxmazlar. Sonda növbəti qol epizodlarından yararlanıb istəklərinə çatarlar. Çatdılar da...