1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Quliyev: "Hakimliyin hazırkı durumu o qədər də acınacaqlı deyil" - MÜSAHİBƏ
"Sumqayıt" klubunun prezidenti Kamran Quliyev AFFA klublar Komitəsinə yeni sədr seçiləndən sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, qurumun yeni başçısı jurnalistləri maraqlandıran suallara cavab verib.
- Yeni sədr seçilməyinizlə bağlı təəssüratlarınızı bölüşməyinizi istərdik...
- Həmkarlarıma minnətdarlıq edirəm. Bu məsuliyyətli işdə onların etimadını doğrultmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm. Klublar Komitəsi çox faydalı qurumdur. O, klubların problemlərini müzakirə etmək üçün bir tribunadır. Təbii ki, biz icra orqanı deyilik. Lakin müəyyən təkliflər, tövsiyələr vermişik. Bu 2 il ərzində effektli iş qurulub. Məsələn, bu yay legionerlər və cərimələrin ödənişi ilə bağlı təkliflər vermişdik. Bu da AFFA İcraiyyə Komitəsi səviyyəsində qəbul olunub. İnanırıq ki, gələcəkdə də işimiz faydalı olacaq. Klubların problemləri aşkar görünəcək, bu haqda söhbətlər aparılacaq və aradan qaldırılması üçün də müzakirələr olacaq. Bu məsələlərə AFFA İcraiyyə Komitəsində baxılmasına çalışacağıq.
- Tuyqun Nadirovun sədrliyi dövründə "Xəzər Lənkəran” fəaliyyətini dayandırdı, Fikrət Hüseynov sədr olanda AZAL turnir cədvəlinin sonuncu pilləsinə düşdü. Qorxmursunuz ki, bu amil "Sumqayıt”a da öz təsirini göstərə bilər?
- Yaxşı zarafatdır. İnanmaq istərdik ki, biz bu tilsimi qıra bilərik. Əvvəla, mən burda "Sumqayıt”ı təmsil edirəmsə, bu, o demək deyil ki, yalnız bu komandanın məsələlərinə baxılacaq. Seçkilər tam şəffaf qaydada keçirilir. Böyük ehtimalla, gələn il də yeni rəhbər olacaq. Bu vəzifə üzərimə müəyyən qədər məsuliyyət qoyur. Bu da təkcə "Sumqayıt”ın yox, digər klubların da problemini müzakirə edərək aradan qaldırmaqla bağlıdır. Hazırda Premyer Liqada klubların sayı çox azdır. İnanırıq ki, gələcəkdə say artacaq və daha çox həmkar müzakirələrimizə qatılacaq.
- Fikrət Hüseynov bu gün ən çox müzakirə olunan məsələnin hakimlik olduğunu qeyd edib. Onun sözlərinə görə, 8 klubdan 7-si hakimlərdən narazıdır. Bu məsələnin növbəti iclasın gündəliyinə daxil edilməsi, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun dəvət olunması gözlənilirmi?
- Klublar Komitəsinin sisteminə uyğun olaraq bütün məsələlər müzakirə edildikdən sonra tövsiyə xarakterli protokol, müraciət hazırlanır. Ancaq bu gün müraciət şəklində sənəd hazırlamamışıq. Təbii ki, hakimlərlə bağlı məsələ 7 yox, 8 klubun hamısını narahat edir. Amma hakimliyin hazırkı vəziyyəti o qədər də acınacaqlı deyil. Gənc hakimlər artıq Avropada yeni rütbələr alırlar. İstərdik ki, bu və təcrübə sayəsində Premyer Liqa və I diviziondakı hakimlik problemi həll olunsun. Yəqin ki, hakimliklə bağlı gələcəkdə müzakirələrimiz olacaq. Formalaşmış şəkildə təklif hazırlamaq gündəmimizdə yoxdur. Amma müzakirə ərzində belə bir təklif olsa, Xaqani müəllimi dəvət edə bilərik. İndi yalnız ili bağladıq. Müəyyən narazılıqların olması hələ o demək olar ki, hər dəfə olur.
- Klubların hamısı hakimlikdən narazıdırsa, necə acınacaqlı deyil?
- Hakimlərimiz təhsil almasalar, bunun üzərində işləməsələr, toplanışlara getməsələr, beynəlxalq səviyyədə oyunlara təyinat almasalar, vəziyyət acınacaqlı olar. Əliyar Ağayev bu il U-19-lar arasında Avropa çempionatının final matçının baş hakimi olub. Avropa Liqasının qrup oyunları səviyyəsində hakimlərimiz var. Klublar səviyyəsində əvvəl "Neftçi” güclü idi, indisə "Qarabağ”la "Qəbələ”. Digər klublar da onlara bənzəmək istəyirlər. Çünki müəyyən bir səviyyələri var. Bu gün Əliyar Ağayev Avropada özünə yer tapıbsa, inanıram ki, həmkarları da onun yolunu davam etmək istəyirlər. Acınacaqlı deyil, ancaq çatışmazlıqlar var.
- "Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov AFFA Hakimlər Komitəsinə əcnəbi mütəxəssisin dəvət olunmasını qeyd edib. Klublar onun bu ideyasını dəstəklədimi?
- AFFA-nın praktikası var. Milli komandamızın baş məşqçisi əvvəl də əcnəbi olub, indi də. Söhbət komitə rəhbərinin seçilməsindən, ora hansısa bir adamın təyinatından getmir. Xaqani Məmmədov hazırda Hakimlər Komitəsinin sədridir. İndi hansısa namizəddən danışmağım qeyri-etik olar. Xaqani müəllimin hazırkı vəziyyəti da sual altında deyil. Nə vaxtsa belə vəziyyət yaransa, onda bu məsələni müzakirə edə, namizədlərdən danışa bilərik. Ancaq indi bu barədə müzakirə aparmağım düzgün olmaz.