Bu gün "Futbol+” qəzetinin 18 yaşı tamam olur. Bu münasibətlə qəzetin baş redaktoru Mahir Rüstəmli apasport.az saytına müsahibə verib. Sportnet.az həmin müsahibəni təqdim edir...
- "Futbol+” uzun illərdi mətbuat bazarında olan azsaylı idman qəzetlərindən biridi. Bu gün saytlarla rəqabət aparmaq sizə çətinlik törətmir?
- Təbii ki, rəqabət indi çətindi. Mənim hesablamalarıma görə, 30-a yaxın idman saytı var. Biz sadəcə, rəqabətin xarakterini, məzmununu dəyişməyə məcburuq. Əlbəttə ki, operativlikdə saytları qabaqlaya bilmərik. Çünki sayt hər an yenilənir, qəzet isə səhərdən-səhərə çıxır. Bu mənada uduzsaq da, həmin geriqalmanı xəbərə yanaşmada fərqli münasibət ortaya qoymaqla kompensasiya etməyə çalışırıq. Biz xəbəri daha çox təhlili yöndən təqdim etməyə, saytlardakı həmkarlarımızın görmədiklərini, xəbərin arxasında gizlənənləri üzə çıxarmağa çalışırıq.
- Saytların yaranmasının qəzetin satışına nə kimi təsiri oldu?
- Mən əsas problem kimi bunu göstərməzdim. Əlbəttə ki, saytların olması rəqabət baxımından müəyyən mənada bizə təsir etdi. Ən ciddi təsir edən məqam ölkədə qəzet satışı bazarının məhdudlaşması, daralmasıdı.
- "Futbol+” qəzetinin digər nəşrlərdən fərqi nədədi?
- Bunu demək, bəlkə də, təvazökarlıqdan uzaq görünər. Amma ilk növbədə hadisələrə özəl yanaşma, ictimai rəyə təsir etmək və ictimai rəyi yönəltmək cəhdini qeyd etmək istərdim. Biz bütün hadisələrə öz mövqeyimizi ortaya qoymağa, axına qoşulub, başqaları kimi düşünməməyə çalışırıq. İstər hadisələrə, istərsə də nəticələrə daha çox məntiqli baxışı seçmək, o baxışa söykənmək və onu oxucuya dəlillərlə göstərmək yolunu seçmişik.
- Yaxın gələcəkdə Rusiyanın "Sport-Express” kimi, həm sayt, həm də qəzet variantını düşünmürsünüz?
- Bu variantı düşünürük. Lakin indi Azərbaycanda bu, mümkün deyil. Çünki ilk növbədə, Rusiya ilə Azərbaycanın reklam bazarını müqayisə etmək gülünc olar. Mən də "Sport-Express”in daimi oxucusuyam. Açıq deyim ki, hazırda "Sport-Express” əvvəlkindən çox zəifdi. Bununla belə, reklam bazarının sayəsində qəzet nəinki ayaqda durur, hətta inkişaf da edir və əlavə törəmələri yaranır.
- Sayt dönəmindən əvvəlki idman jurnalistikası ilə indikini necə müqayisə etmək olar?
- Etiraf edək ki, indi aşağı səviyyəli saytlar çoxdu. Həmin saytlarda da yoxlanılmamış yazılar, qeyri-ciddi informasiyalar kifayət qədərdi. Həmçinin "sarı mətbuat”a meyllənmək var. Saytların çoxluğu həm də çox axın gətirdi. Hamıya elə gəldi ki, idman mətbuatında, xüsusən də, futbol sahəsində işləmək asandı. Bilirsiniz ki, bir ara klublar bəzi saytları maliyyələşdirirdi, onlara pul ayırırdı. Faktiki olaraq, yalnız rəhbərindən və bir noutbukdan ibarət saytlar peyda olmağa başladı. Mənə elə gəlir ki, zamanla bunlar ələnəcək. Yalnız ciddi jurnalistikaya sadiq qalan, doğrudan da, bu sahədə çalışmaq, töhfələr vermək istəyən insanlar qalacaq.
- Sizcə, idman jurnalistikasında nə çatmır?
- Peşəkarlar var, sadəcə, onlar dağınıq vəziyyətdədi. Hərəsi bir kənarda qalıb. İndi saytların da, elə qəzetlərin də sayı çoxdu. İlk növbədə, 4-5 qəzet birləşib 2-3 qəzetə çevrilməlidi. 30-a yaxın sayt birləşməli və 10 güclü sayt qalmalıdı. Belə olarsa, indikindən də xeyli güclü sayt və qəzetlər ortaya çıxarmaq olar.
- Qəzetinizdən kifayət qədər jurnalist çıxıb. Kimin getməsi sizə daha çox təsir edib?
- Demək olar ki, hər birinin. Ad çəksəm, inciyərlər. Həm də bu sual ətrafında heç düşünməmişəm. Hamısının gedişi bizim üçün böyük itkidi. Amma sevinc hissi ilə onu da qeyd edim ki, burdan gedənlərin 90-95 faizi yüksəlib, hansısa məsul işə gedib. Çox nadir hallarda ola bilər ki, "Futbol+”dan çıxan kimsə futbol aləmindən qeyb olsun. Gedənlərin yerinə hər zaman yeni kadrlar yetişdirməyə çalışıram.
- Hazırda əksər qəzetlərin ümumi bir problemi var – maliyyə. Uzun illərdi bu işin içində olan bir şəxs kimi, bunun çıxış yolunu nədə görürsünüz?
- Ən ciddi problem bayaq da qeyd etdiyim kimi, satış bazarının məhdudlaşmasıdı. Satış bazarı olmasa, vəziyyətdən çıxmaq çox çətin olacaq. Həmçinin ölkədə reklam bazarı da olmalıdı. Reklam olmadan, qəzetin müəyyən xərclərini reklam vasitəsilə qarşılamadan vəziyyətdən çıxmaq çətin olar. Daha bir məqamı qeyd etmək istəyirəm. Oxu prosesi gündəlik məşğuliyyət olmalıdı. Evlərdə, iş yerlərində, məktəblərdə adamlar gündəlik fəaliyyətlərinə həm də qəzet oxumaqla, onları gözdən keçirməklə başlamalıdılar. Düzdü, elm və texnologiyanın nailiyyətləri çox olduğundan, insanlar yazılı mətbuatdan, kitabdan uzaqlaşırlar. İstənilən halda, oxu vərdişləri qalmalıdı. Biz həm də qəzet oxuyan bir xalq kimi tanınmalıyıq. Yalnız kompüter, "playstation” oynayan xalq kimi yox.
- Azərbaycan futbolu mətbuatda layiq olduğu qədər işıqlandırılır?
- Məncə, kifayət qədər işıqlandırılır. Məsələn, 90-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində futbol ictimai-siyasi qəzetlərdə daha səviyyəli işıqlandırılırdı. Onlar indi də informasiya agentliklərindən və ya saytlardan xəbərlər götürüb, futbola yer verirlər. Amma əvvəllər bu məsələlərə daha yaxşı yanaşırdılar. Futbolumuzun uğurlarını nəzərə alsaq, məncə, lazımınca işıqlandırılır. Unutmayaq ki, bizdə hazırda əsasən klub futbolu inkişafdadı, o da əcnəbilərin hesabına. Təəssüf ki, yığmalarımız bizi hələ sevindirmir. Belə davam etdikcə də futbol millətin ümumi işi, sevinci olmayacaq. Həmin mərhələyə hələ çatmadığımızı nəzərə alsaq, düşünürəm ki, futbolumuz normal şəkildə işıqlandırılır.
- Futbolumuzun durumu ilə mətbuatın durumunun uzlaşmamağının səbəbini nədə görürsünüz?
- Yəqin ki, maliyyəni nəzərdə tutursunuz. Futbol bir əyləncədi. Düzdü, bildiyim qədərilə indi futbolda da o qədər pul yoxdu. Bir neçə klubu nəzərə almasaq, digərlərində ciddi maliyyə problemi var. Amma əvvəllər də futbolçularla, bu sahədə çalışanlarla jurnalistlərin qazancı arasında kəskin fərq var idi. Məncə, biz güclərimizi birləşdirməliyik. Yəni qəzetlərdə, saytlarda çalışanlar birləşib daha ciddi qüvvə şəklində ortaya çıxmalıyıq ki, futbol təsərrüfatında çalışanların da hörməti artsın. Artıq biləcəklər ki, müxtəlif nəsilləri təmsil edən 15-20 nəfərdən ibarət güclü kollektiv var və onlarla hesablaşmaq lazımdı. Digər bir məqamı da qeyd edim. Jurnalistikada bir dövr oldu ki, nəsillər arasında əlaqə itdi. Yaşlı jurnalistlər bir kənara çəkildilər, idman sahəsində qəzet olmadı.
- Əksər futbolçular müsahibə verməkdən imtina edir, hətta zənglərə də cavab vermirlər. Sizcə, futbolçuların mətbuata saymaz yanaşmasında jurnalistlərin rolu yoxdu?
- Müəyyən mənada var. Bildiyimə görə, bəzi həmkarlarımız hətta adi bir müsahibə qarşılığında futbolçudan nəsə umurlar. O müsahibəni elə təqdim edirlər ki, guya onu reklam edirlər. Halbuki, kimdənsə müsahibə götürmək, yazı hazırlamaq bizim gündəlik işimizdi. Futbolçudan nəsə umanda, onun qarşısında gözükölgəli olanda futbolçu da hansısa məqamda hörmət etməyəcək. Hər kəs öz peşəsinə, dəyərlərinə sadiq qalmalıdı. Bu halda, qarşılıqlı hörmət olar.
- Azərbaycan futbolu arzuladığınız vəziyyətdədi?
- Əlbəttə ki, xeyr. Mənim arzularım Azərbaycan yığması ilə bağlıdı. İstərdim ki, həyatda olduğum müddətdə yığmamızı dünya çempionatında da olmasa, nə vaxtsa Avropa çempionatının final mərhələsində görüm. Bu, mənim ən böyük arzularımdan biridi. Hansısa böyük turnirdə öz millimizi görmədən işdən zövq almaq çox çətindi. Biz böyük turnirin hansısa birində olmalıyıq. Yalnız bu halda müəyyən sevinc hissi keçirmək olar. Düşünərsən ki, 18 il boşuna çalışmadıq.
- İnanırsınız ki, nə vaxtsa mətbuatımız yığmamızın hansısa çempionatın final mərhələsindəki çıxışından, klublarımızın Çempionlar Liqasında qrup səddini aşmalarından yazacaq?
- İnşallah, olacaq. Adam ümidsiz, arzusuz yaşaya bilməz. Bir qədər daha ağıllı çalışsaq, işlərimizi planla qursaq, məncə, o hədəflərə də çata bilərik. Yaxın illərə qədər Avropa Liqasının qrupu da bizə əlçatmaz hədəf kimi görünürdü. Amma bu gün iki komandamız Avroliqanın qrupundadı. Düzdü, həmin komandalarda legionerlər çoxluq təşkil edirlər. Amma reallıq budu ki, Azərbaycan iki klubla Avroliqanın qrupunda təmsil olunur. Bu yolla Çempionlar Liqasının qrupuna düşmək də, dünya və ya Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq da mümkündü.
- "Qarabağ”la "Qəbələ”nin uğuru futbolumuzun ümumi inkişafından xəbər verir?
- Ən azı klub futbolunun inkişafından xəbər verir. İstər klublar özləri, istərsə də ölkəmiz UEFA əmsallar cədvəlində irəliləyir. Bunlar da uğurun əlamətləridi. İrəliləyirsənsə, sabah püşkatmada daha güclü rəqiblə düşmək və növbəti mövsümlərdə daha çox irəliləmək imkanı qazanırsan.