
Heydər Əliyevin
xatirəsinə həsr olunmuşgüləş üzrə növbəti "Qızıl
Qran Pri” Azərbaycan yığmasının 25 medal qazanması ilə
yekunlaşdı. Sportnet.az-ın məlumatına görə, 2008-ci ildən keçirilən bu yarış
artıq Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) təqvimində xüsusi
yer tutur.
Turnirdə 35 ölkədən 400-dək idmançı mübarizə
aparırdı. Böyük mükafat fondunun nəzərdə tutulduğu "Qızıl Qran Pri”də il
ərzində keçirilmiş "Qran Pri”lərin qalibləri, eləcə də Dünya və Avropa
çempionatlarının qalib və mükafatçıları mübarizə aparırdılar. Turnirdə həmçinin
İran və Rusiya güləşçiləri də yarışırdılar. Amma bəzi yığmaların heyətlərində titullu
idmançılar azlıq təşkil edirdi. Məsələn, Rusiya millisində son Avropa
çempionatının qaliblərindən yalnız Zaur Kuramaqomedov yer almışdı. ABŞ və
Macarıstan kimi dünya güləş aləmində müəyyən nüfuza malik yığmaların məşqçilər
korpusu isə "Qızıl Qran Pri”də əsas heyətin bütün üzvlərinə şans vermişdi.
Ev sahibi
olan ölkəmizin hər çəkidə bir neçə idmançı ilə təmsil olunmaq hüququ olduğundan
məşqçilər korpusu üçün bu yarış həm də dünya çempionatı öncəsi heyəti
müəyyənləşdirmək baxımından önəmli idi.
Bu yarışadək 42 qızıl, 32 gümüş və 55 bürünc medal olmaqla, ümumilikdə 129 medal qazanan Azərbaycan güləş yığması builki yarışın da əsas favoriti sayılırdı. Yarışın ilk günündən iddiasını ortaya qoyan yığmamız proqnozların əbəs olmadığını sübut etdi.
Əliyev, Həsənov və Qazyumovdan növbəti
qızıl
İlk gündə mübarizəyə Semyon Çterevin rəhbərlik etdiyi sərbəst güləş yığması qoşuldu. Bolqarıstanlı
mütəxəssisin rəhbərlik
etdiyi məşqçilər korpusu bu yarışda Olimpiya çempionları Şərif Şərifov və
Toğrul Əsgərov istisna olmaqla, demək olar, əsas heyətin bütün üzvlərinə şans
vermişdi.Ən yüngül - 57 kq çəkidə yığmanın şərəfini 3 idmançı qoruyurdu
ki, onlardan ən yaxşı nəticəni Dağıstan əsilli Əhmədnəbi Qvartzilov göstərdi.
Finaladək itkisiz irəliləyən gənc idmançı bu mərhələdə gürcüstanlı VladimirXinçeqaşviliyə xal hesabı
ilə məğlub oldu. Yaşar Əliyev və Mahmud Məhəmmədov isə bürünclə kifayətləndi.
Əliyev üçün bu nəticə uğurlu hesab olunsa da, neçə vaxtdır elə də ciddi nəticə
ilə yadda qalmayan eks-Avropa
çempionumuz Məhəmmədov üçün
bu nəticə möhtəşəm dönüş kimi xarakterizə oluna bilməz.
61 kq çəkidə isə ölkəmiz son Avropa çempionatının qalibi Hacı Əliyev ilə təmsil
olunurdu. Avropa çempionatında hamıdan güclü olmağı bacaran 23 yaşlı pəhləvanımız bu yarışı
da akitivinə yazdı. Bütün rəqiblərinə qalib gələn 61 kq-ın lideri mövqeyini bir
qədər də möhkəmlətdi.
65 kq-da ölkəmiz 3idmançı ilə təmsil olunurdu ki, onlardan da ən yaxşı nəticəni Məhəmməd Müslümov
göstərdi. Finaladək bütün rəqiblərinə qalib gələn legioner idmançı bu mərhələdə
amerikalı Metkalfa məğlub
oldu. Ağahüseyn Mustafayev isərusiyalı Murtiz Müslümova
qalib gələrək yarışların bürünc medalına layiq görüldü.
70 kq-da da geniş heyətlə təmsil olunan yığmamızın əsas ümidi son Avropa
çempionu Ruslan Dibirhacıyev olsa da, ən yaxşı nəticə Pekin olimpiadasının
iştirakçısı təcrübəli Emin Əzizovdan gəldi. Finaladək itkisiz irəliləyən Əzizov
bu mərhələdə Dibirhacıyevi yarımfinalda məğlub edən rusiyalı İsrail Kasumovla bacara
bilmədi.Təsəlliverici görüşdə ukraynalı Rostislav Pervaçuku məğlub edən Dibirhacıyev isə bürünc medala
layiq görüldü. Bundan başqa digər idmançımız Hacımurad Ömərov da yarışı faxri
kürsünün üçüncü pilləsində tamamladı.
74 kq-da isə ölkəmiz iki idmançı ilə təmsil olunurdu. İkiqat Avropa çempionu,
iki dəfə dünya çempionatının bürünc mükafatçısı Cəbrayıl Həsənov bu yarışda rəqib
tanımadı. Bütün rəqiblərindən açıq-aşkar üstün olan astaralı pəhləvan yalnız
İran idmançısı ilə yarımfinal görüşündə çətinlik çəkdi. Final görüşünü də
vaxtından əvvəl başa vuran 24 yaşlı pəhləvan növbəti dəfə analoji turnirin qalibi oldu. Onunla yanaşı bu
çəkidə mübarizə aparan digər pəhlvan Əşrəf Əliyev üçün isə bu yarış heç nəylə
yadda qalmadı. London olimpiadasından sonra ulduzu sönən 26 yaşlı idmançı 1/4
finalda yuxarıda haqqında bəhs etdiyimiz İran güləşçisinə məğlub oldu.
86 kq-da dörd idmançı ilə təmsil olunan yığmamızdan ən yaxşı nəticə Aleksandr
Qostiyevdən gəldi. Bürünc medal uğrunda görüşdə komanda yoldaşı İbrahim
Yusubovu məğlub edən legioner idmançı yarışları üçüncü pillədə tamamladı.
97 kq-da isə Roman Bəkirov və Xetaq Qazyumovla təmsil olunan yığmamız növbəti
qızılı məhz ikincinin sayəsində qazandı. İlk görüşdəcə son Olimpiya Oyunlarının
qalibi, ABŞ təmsilçisi Yakob Varneri sıradan çıxaran 32 yaşlı üçqat Avropa
çempionumuz finalda olimpiadanın gümüş mükafatçısı, ukraynalı Valeri
Andreytsevi məğlub etməklə idmandan getməyin hələ tez olduğunu sübut etdi.
Ən ağır çəkidə isə
yığmanın üzvlərindən ən yüksək göstəriciyə çeçen əsilli Aslan Cebişov imza
atdı. Belaruslu dünya çempionu Aleksey Şemarov zədələndiyindən, Cebişova texniki qələbə verildi. Uzun
illərdir - 2009-cu il
Avropa çempionatından bəri heç bir nəticə göstərməyən Əli İsayev isə bu dəfə də
əliboş qaldı.
Toplam 3 qızıl, 3 gümüş 7 bürünc medal qazanan sərbəst güləşçilərimiz komanda hesabında
birinci olub.
Qızıl Qran Prinin
ikinci günü isə xalça qadın güləşçilərin ixtiyarına verildi ki, yığma
komandamızın hesabına medalları ənənəvi uğurlular - Mariya Stadnik və Yuliya Ratkeviç yazdı. Hər iki idmançı
bütün rəqiblərinə qalib gələrək yarışların qalibi adını qazandı. Dünya qadın
güləşinin liderlərindən sayılan bu iki idmançıdan başqa yığmanın heyətində
mübarizə aparan güləşçilərdən heç biri bürünc medala da layiq görülmədi. Bu da
məşqçilər korpusunu həyəcanlandırmaldır.
Bayramovun uğursuz, Hüseynovun möhtəşəm
dönüşü. Məmmədovdan əsl sensassiya
Yarışların
sonuncu günündə isə mübarizəyə Yunan-Roma güləçiləri qoşuldu. Cəmşid
Xeyrəbadinin rəhbərlik etdiyi iranlı məşqçilər korpusu bu yarışda demək olar,
əsas heyətin bütün üzvlərinə şans vermişdi. Hətta uzun müddətdir döşək üzərində
görünməyən Rövşən Bayramovun yarışlarda iştirakı bir qədər gözlənilməz
oldu.
Ən yüngül çəkidə - 59 kq-da
ölkəmizi 4 idmançı təmsil edirdi. Onların arasında yuxarıda adını çəkdiyimiz
Rövşən Bayramovdan başqa ikiqat Avropa mükafatçısı Kamran Məmmədov və gənclər
arasında dünya
və Avropa çempionu Orxan Əhmədov da var idi. Lakin gözlənilənlərin əksinə, ən
yüksək nəticə indiyədək ölkədaxili yarışılardan savayı hər hansı ciddi uğura
nail ola bilməyən Taleh Məmmədovdan gəldi. Bütün rəqiblərinə qalib gələn T.Məmmədovyarışların əsas sürprizi
oldu. Yarımfinalda iranlı idmançıya məğlub olan K.Məmmədov isə bürünc medal qarşılaşmasında son
Avropa çempionu, bolqarıstanlı Aleksandr Kostadinovu açıq-aşkar üstünlüklə məğlub edərək T.Məmmədovu fəxri kürsüdə tək buraxmadı. Orxan
Əhmədov və Rövşən Bayramov ilk görüşlərindəcə mübarizəni dayandırmalı oldu.
Əhmədovun böyüklərin yarışlarında hər hansı ciddi uğura atmaması onun çıxışına
elə də böyük ümid doğurmurdu. Lakin Bayramovun startdaca güləş aləmində elə də
tanınmayan Norveç idmançısı Stiq Andre Berqeyə uduzması yarışın əsas sensassiyalarından biri oldu.
66 kq-da isə ölkəmizi 3 idmançı təmsil edirdi. Onların arasında qızıl medala
əsas iddialı idmançı isə şübhəsiz ki, dünya və Avropa çempionu Həsən Əliyev idi.
Finaladək itkisiz irəliləyən Əliyevi bu mərhələdə London yay Olimpiya
Oyunlarının yarımfinalında məğlub olduğu gürcüstanlı Revaz Laşki gözləyirdi. Vitse-olimpiya
çempionu ilə görüş Əliyev üçün kiçik revanş xarakteri kəsb edirdi ki, rəqibini
xal hesabı ilə məğlub edən idmançımız fəxri kürsünün ən yüksək pilləsində
qərarlaşdı. Startdaca son Avropa çempionu -
rusiyalı Zaur
Kuramaqomedovu məğlub etməklə adından söz etdirən Rövşən Tağıyev isə bürünc
medal görüşündə məğlub olmaqla, yarışı əliboş tərk etdi. Digər idmançımız Azad
Əliyev isə hər hansı nəzərəçarpacaq çıxışla yadda qalmadı.
71 kq çəki dərəcəsində isə ən yüksək nəticəni son Avropa çempionatının gümüş
mükafatçısı tələbələrin yay universiadasının qalibi Rəsul Çunayev göstərdi.
Finaladək gələn Çunayevibu mərhələdə Avropa çempionatında yenildiyi macarıstanlı Tamas Lorins gözləyirdi. Revanş baş tutmadı. Bu dəfə tuşe ilə olmasa da, xal hesabı ilə məğlub olan Çunayev
"atalar üçdən deyib” məsəlinə əsaslanıb, qarşıdan gələn dünya çempionatını gözləməlidir. Bürünc
medal uğrunda görüşdə İran güləşçisinə qalib gəlməklə Rəsulu fəxri kürsüdə tək
buraxmayan Əliyev üçün isə Bakı turnirini əlamətdar hesab etmək olar.
75 kq-da isə Rafiq Hüseynovun möhtəşəm dönüşü qeydə alındı.Bütün rəqiblərini
məğlub edən eks-Avropa
çempionu uzunmüddətdir davam edən susqunluğu pozdu.
80 kq çəki dərəcəsində isə ölkəmiz kifayət qədər titullu idmançılarla təmsil
olunurdu. Bunlar London Olimpiadasının bürünc mükafatçısı Emin Əhmədov,
dəfələrlə Avropa çempionatının mükafatına layiq görülən Elvin Mürsəliyev idi.
Yarımfinalda macar Peter Bacşiyə məğlub olmaqla ümidini bürüncə bağlayan
Əhmədov bu mərhələdə London olimpiadasında
birlikdə fəxri kürsünün üçüncü pilləsində qərarlaşdığı litvalı Aleksandr
Kazakeviçə məğlub oldu. Mürsəliyev isə bu il Avropa
çempionatında qazandığı
bürüncə qızıl əlavə etdi. Finalda çempionatın bürünc medalı uğrunda qarşılaşmasında məğlub etdiyi
Bacşini bir daha məğlub etməyi bacaran 29 yaşlı idmançı, heç də karyerasının
qürub çağını yaşamadığını sübut etdi.
Son dünya çempionatının gümüş mükafatçısı Saman Təhmasibi isə 85 kq çəkidə
fərqləndi. O yalnız finalda məğlub olaraq ikinci oldu.
98 kq-da isə yeganə medal Şalva Qadabadzedən gəldi. Son vaxtlar elə də uğurlu
çıxışla fərqlənməyən bu çəkidə yığmanın şəksiz lideri komanda yoldaşı Araz
Həsənovu bürünc medal qarşılaşmasında məğlub etməklə fəxri kürsünün üçüncü
pilləsində qərarlaşdı.
Sabah Şəriəti və Səbuhi Hümbətovla təmsil olunduğumuz ən ağır çəki dərəcəsində - 130 kq-da isə yığmamız bir medalla
yadda qaldı. Yalnız finalda gürcü idmançıya məğlub olan iranlı legioner bununla
da yığmamızın heyətində ilk ciddi uğuruna imza atdı. Şəriətiisə bürünc uğrunda görüşü
əldən verməklə medal ümidini gələn yarışlara saxlamalı oldu.
Ümumilikdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanan klassiklərimiz üçün bu
yarışı uğurlu adlandırmaq olar. Türk sələflərinə nisbətdə Xeyrəbadinin
rəhbərlik etdiyi məşqçilər korpusunun nəticələri xeyli qənaətbəxşdir.
Qadın güləşi
üzrə yığmanı çıxmaq şərtiylə, Sərbəst və Yunan-Roma yığmalarının qazandığı
nəticələr qarşıdan gələn dünya
çemponatında da millimizin kifayət qədər zəngin medal kolleksiyası ilə yadda
qalacağına zəmin yaradır.
SAHIB ƏSƏDBƏYLİ