Gördüyünüz bu "Elit məşq" adlı kitab uşaq futbol məşqçləri üçün nəzərdə tutulub. Vərəqlərinin keyfiyyətli, səhifələrin rəngli olmasına əsasən deyə bilərik ki, nəşrində maliyyə baxımından çətinlik olmayıb. Təsadüfən əlimizə düşən bu kitabın 2011-ci ildə AFFA-nın sifarişi əsasında "Peachline" şirkəti tərəfindən hazırlandığı məlumdur.
"Peachline" 19 yanvar 2009-cu il tarixində yaradılıb. Şirkət brendlərinin yaradılması, irəliləməsi, qrafik dizayn, video, radio reklam çarxlarının və sənədli filmlərin yaradılması üzrə çalışır.
Kitab alman dilindən tərcümə olunan materiallar əsasında uşaq məşqçiləri üçün nəzərdə tutulub. Almaniya futbolunun dünyada öncül yerlərdə getdiyini nəzərə alsaq onların iş prinspini, məşq metodunu bizdə tətbiqi baxımından bu kitabı dəyərli, lazımlı, vacib hesab etmək olar. Amma...
Məşhur rus aktyorları Vitsin, Morqunov, Nikulinin çəkildiyi bir səhnə var. Deməli, onlar pivə alıb içirlər. Vitsinin qəhrəmanı bir qurtum içib dərindən nəfəs alır və deyir: "Yaşamaq gözəldir”. Nikulinin qəhrəmanı isə ona cavab verir ki, yaxşı yaşamaq daha gözəldir (VİDEO). İndi onların təbirincə desək, tərcümə etmək yaxşıdır, amma keyfiyyətli tərcümə etmək daha gözəl olardı.
Məsələ burasındadır ki, kitabın onu alman dilindən kimin çevirməsi barədə məlumat olmasa da, tərcüməsi çox aşağı səviyyədədir. Bunu dilimizi kifayət qədər yaxşı başa düşən biri kimi deyirəm.
Bundan başqa çoxlu texniki səhvlər var. Bir neçəsini sadalayaq:
- Birincisi, mündəricat yoxdur. Mündəricatın olması, xüsusən burada niyə vacibdir? Çünki kitab əsasən futbolçulara bu oyunun texnikasının öyrədilməsinə aid – "Driblinq”, "Ötürmə/zərbələr”, "Topun qəbulu və aparılması”, "Başla oyun” və s. bölmələrdən ibarətdir. Məsələn, tutaq ki, mənə başla oyunun texnikasına aid bölmə lazımdır. Bunu tapmaq üçün 150 səhifəlik kitabı bir-bir vərəqləməliyəmmi? Amma... kitabı gözdən keçirəndən sonra öz-özümə "yaxşı ki, mündəricat yoxdur” dedim. Çünki elə bir səhvlə rastlaşdım və bundan sonra başa düşdüm ki, mündəricat olsaydı, belə səhifələri düz göstərməyəcəkdi və bu da daha çox əlavə əsəb gərginliyi yaradacaqdı.
Həmin səhvə baxaq: Kitabın 12-ci səhifəsində belə bir cümlə var: "Metodiki elementlərdən istifadə ilə (səhifə 4-5) tez və sadə şəkildə konkret texniki-taktiki məzmunlu məşq təşkil etmək olar”. İndi isə bu cümlədəki mötərizədə yazılan "səhifə 4-5” sözlərini əsas götürərək həmin səhifələrə baxaq. Burda biz nə görürük? 4-cü səhifədə AFFA prezidenti Rövnəq Abdullayevin ön sözü, 5-ci səhifədə isə "AFFA və DFB arasında saziş əsasında” yazısı, bir də AFFA ilə Almaniya Futbol Federasiyasının loqosu var. Texniki-taktiki məzmunlu məşq təşkil etməyin ön sözlə və loqolarla əlaqəsinin olmadığını izah etməyə, zənnimcə, ehtiyac yoxdur.
- Daha bir, həm də kobud səhvə baxaq: Qeyd etdiyim kimi, kitab bölmələrdən ibarətdir. Hər bir bölmənin ilk səhifəsində texnikanın növü, növbəti səhifəsində isə dairəvi diaqramda onun məqsədi barədə məlumat verilir. 16-cı səhifədən etibarən "Driblinq”, 54-cü səhifədən isə "Ötürmələr/zərbələr” bölməsi başlayır. İndi kitaba baxaq: "Ötürmə/zərbələr” bölməsində "Ötürmə/zərbə məşqlərinin məqsədləri” başlığının altındakı diaqramda bu texnika növünə aid məqsədlər əvəzinə driblinqin məqsədlərindəki diaqramı təkrar bu səhifəyə qoyublar. Beləliklə kitabı oxuyan məşqçiyə ötürmə, zərbə texnikasının məqsədləri məlum olmur.
- Gözümə sataşan daha bir səhvi də qeyd edim: "Driblinq” bölməsində verilən diaqramın üstündki başlığa "Driblinqin öyrənilməsinin əsas məqsədləri” əvəzinə tamamilə dəxli olmayan sözlər, "Başlanğıcda meydançanın təşkili 1” yazılıb.
Bu kitaba mən ötəri baxmışam və bu səhvləri də təsadüfən görmüşəm. Yəni, məqsədli şəkildə, yazı yazıb tənqid etmək üçün səhv axtarmamışam. Yəqin ki, yenə başqa səhvlər də var. Artıq yerə həm özümü, həm də oxucunu yormamaq üçün bunları araşdırmağa ehtiyac görmədim. Elə yuxarıdakı qeydlər görülən işə qiymət vermək üçün kifayət edər. Belə səhvlərin bir dərs vəsaitində olması bağışlanmazdır. Çünki bu kitab öyrədici vasitədir. Əgər səhv varsa, bu, o deməkdir ki, məşqçi-müəllim ya səhv öyrədəcək, ya da ən yaxşı halda kitabdakı səhv olan yerləri öyrətməyəcək.
Bununla iş bitsəydi, dərd yarı idi. Məsələ burasındadır ki, kitabdakı fikirlər bərbad tərcümə nəticəsində demək olar ki, başadüşülməzdir. Məşqçilərin əksərinin keçmiş futbolçu olduğunu, bu səbəbdən, əsasən ziyalı kəsim olmadığını nəzərə alaraq, deyə bilərik ki, onların bu kitabdan nə isə başa düşəcəkləri inandırıcı deyil.
***
Biz həmişəmi belə olmuşuq? Yəni, səhlənkar, işinə dirnaqarası yanaşan. Xeyr. Sovet dövründə dünya və rus ədəbiyyatından tərcümə olunmuş yüzlərlə əsərdə bir dənə də olsun – təkrar yazıram, bir dənə də olsun, səhv tapmaq olmurdu. Peşəkar tərcüməçilər tərəfindən dilimizə çevrilən əsərlərin məzmunu da elə gözəl çatdırılırdı ki, adam oxumaqdan zövq alırdı. Oxuduqca dilimizin gözəlliyinə heyran qalırdıq. Bu gün yazılarımızda hansısa fikrimizi düzgün çatdıra biliriksə, həmin insanlara borclu olmalıyıq.
Sovet dövrü nəşriyyat direktoru işləmiş bir yazıçı deyirdi ki, əgər bir kitabda hətta bir hərf səhvi belə varsa, onda həmin nəşr "brak” sayılmalıdır. Dünya inkişfdadır. Əsərlər 30, 40, 50 il əvvəl elə yüksək səviyyədə, ruhuna xələl gətirmədən tərcümə olunub, səhvsiz nəşr olunaraq oxucunun ixtiyarına verilirdisə, məntiqlə indi bundan qat-qat artıq keyfiyyətdə olmalı idi. Lakin görünür, dünya inkişaf etsə də bu hal bizdə tərsinə baş verir. Niyə bu işlər belə oldu, axı? Cavb vermək olmur.
***
Nə üçün vaxtımızı və enerjimizi sərf edib bunları yazırıq? Çünki vacibdir. Belə vəsaitlər düzgün şəkildə dilimizə tərcümə olunaraq çatdırılsa, futbolumuz çox şey əldə edər. Problem bizim uşaqlarda deyil, problem onları öyrədəndədir. İnsanlar hər yerdə eyni şəkildədir. Braziliyada da, Hollandiyada da, Almaniyada da, Azərbaycanda da. Hamının bir başı, iki əli, iki ayağı var. Uşaqlar kiçik yaşlarında futbol müəlliminin yanına gələrkən yazılmamış ağ vərəq kimi olurlar. Onların futbolçu talelərini həmin müəllimlər yazır. Və baxır, bu vərəqə nə yazırlar.
Düzgün yazmaq üçün düzgün yazanlardan öyrənmək lazımdır. Bu gün ən bacarıqlı futbolçu "istehsal edən fabriklər” Almaniyadadır. Lakin onların metodikasını belə, normal şəkildə tərcümə edib çatdiran yoxdur. Bəlkə deyirəm, almanlar özlərinin tərtib etdikləri kitabı gəlib bizim dilə də çevirməli idilər?