1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Aleksey Savinov: “Bakı”nın borcu iddialı klubun illik büdcəsi qədərdir” - MÜSAHİBƏ
"Bakı”nın moldovalı sabiq futbolçusu Aleksey Savinovun Sportnet.az-a müsahibəsi...
- Sizinlə sonuncu dəfə iyulda söhbətləşmişdik. Həmin vaxtdan bu yana karyeranızda hansı yeniliklər olub?
- Məşqçilik karyeramda dəyişikliklər olub. Hazırda Kişkaren şəhərini təmsil edən "Spikul” futbol klubunda məşqçi işləyirəm. Bu komanda Moldova çempionatının I Divizionunda çıxış edir. Hazırda liderik. Qarşımızda duran vəzifə güclülər dəstəsinə çıxmaqdır. Bizim İon Çoyna kimi çox iddialı klub prezidentimiz var. O, futbolçuların hazırlığı üçün yaxşı şərait yaradıb. Biz gənc futbolçulara üstünlük veririk. Komandada bir neçə təcrübəli oyunçu da var. Azərbaycanda da tanınan hücumçu Vyaşeslav Sofroni belələrindəndir. O, həm yaxşı futbolçu, həm yaxşı insandır. Futbol planında əsl peşəkar olaraq gənc oyunçularımıza yaxşı nümunədir. Mənə onunla çalışmaq çox xoşdur.
- Siz komandanın baç məşqçisisiniz, yoxsa?
- Baş məşqçimiz Denis Kalinkovdur.
- Vaxtilə "Xəzər Lənkəran”da çıxış etmiş futbolçu...
- Bəli. O, paralel olaraq məşqçi lisenziyası almaq üçün oxuyur. Kalinkovla tandemdə çalışırıq.
- Bir vaxtlar İsveç, indi isə İslandiya millisində olduğu kimi?
- Belə də demək olar. İstənilən halda, son söz Kalinkova məxsusdur. Həlledici qərarları o verir. Ancaq məşq prosesləri ilə bağlı məsələləri müzakirə edirik və komandanı birgə hazırlayırıq.
- Azərbaycan I Divizionunda 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya yüksəlməli olsa da, elitaya buraxılmır. Çünki maddi təminat üzündən lisenziya ala bilmir. Biz sizdə belə zəmanət varmı ki, yüksək liqaya çıxsanız, orada çıxış edə biləcəksiniz?
- Çempionatdan öncə prezidentimizlə görüş oldu. Prinsipcə, onunla daim görüşürük. Əvvəla, klub rəhbəri qarşımıza yüksək diviziona çıxmaq vəzifəsi qoydu. İkincisi də bizi inandırdı ki, hər şey qaydasında olacaq. Təki məqsədimizə çataq.
- Çempionatınızın güclülər dəstəsində komanda saxlamaq üçün nə qədər məbləğdə pul tələb olunur?
- Büdcə ilə bağlı sual çox çətindir. Çünki həyat dəyişir və hər şey komandanın qarşısına hansı vəzifənin qoyulmasından asılı olur. Aydındır ki, avrokuboklara çıxmaq uğrunda mübarizə üçün böyük, güclülər dəstəsində qalmağa minimal büdcə lazımdır. Konkret rəqəmlərə gəlincə, sizə heç nə deyə bilmərəm. Çünki belə informasiyaya malik deyiləm. İstənilən halda, futbolda nə qədər çox pulun varsa, bir o qədər yaxşıdır (gülür).
- Bizdə deyirlər ki, Azərbaycana gələn legionerlər üçün ya mentalitetə, ya da yolun uzaqlığına görə yaşamaq çətin olur. Bəs Moldovada klubların vəziyyəti qaydasında olsa, Avropadan normal legioner ala bilərsiniz?
- Niyə də yox?!
- Azərbaycanla müqayisədə deyirəm...
- Konkret misal çəkim: "Şerif” klubunun əla şəraiti var. Bəlkə də Avropada ən yaxşı bazası olan klubdur.
- "Şerif”in bunadək hansı uğurlu transferi olub? Hansı supertransferin adını çəkə bilərsiniz ki, Bakıya yox, Tiraspola gələrdi?
- Başa düşürsünüz, yüksək səviyyəli legionerlər nə Moldovaya, nə də Azərbaycana gələcəklər... Çünki onlar üçün Moldova çempionatında oynamaq geriyə addımdır. Orta səviyyədə legionerlər isə ya tramplin, ya da maddi məsələlərə görə bura gələcəklər. Bu, "Şerif”, "Daçiya” klublarıdır ki, onlarda maddi durum yaxşıdır. "Top transferlər” haqda isə bunu demək düzgün olmazdı. Karyerasını bitirən yaşda deyilsə, onu Moldovaya gətirmək çox çətindir. Çünki istənilən yüksək səviyyəli peşəkar legioner üçün Moldova çempionatında oynaması karyerasında geriyə addım olacaq. Onlara hansı məbləği təklif etsən, pulda uduzacaqlar, ancaq oynamağa gəlməyəcəklər.
- Belə çıxır ki, legionerlər Moldova və Azərbaycan arasında seçim qarşısında qalsalar, ölkəmizə üstünlük verəcəklər?
- Məncə, "top futbolçu” nə Azərbaycana, nə də Moldovaya gedəcək.
- Axı indiyədək Azərbaycana bir çox tanınmış legioner gəlib...
- Onlar yaxşı səviyyədə legionerlərdir. Ancaq "top futbolçu”lar deyillər.
- Məsələn, tanınmış türkiyəli hücumçu Oktay Dərəlioğlu...
- Onu və "Qarabağ”da olan 1-2 legioneri istisna etmək olar. Ancaq qalanları lap yüksək səviyyədə deyillər. İndiyədək Azərbaycana yüzlərlə legioner gəlmiş olar, elə deyilmi?
- Bəli.
- Eləsi var, yaxşı səviyyədə legionerlər idi, eləsi də var aşağı. Onlar arasında milli üzvləri də vardı. Ancaq "top legioner” nə Azərbaycanda, nə də Moldovada oynayacaq. "Top səviyyə" "Böyük beşlik” çempionatıdır, İtaliya, Almaniya, İngiltərə, İspaniya, Fransadır...
- Bilirsiniz ki, Azərbaycana - "Neftçi"yə Emil Mpenza gəlmişdi...
- Ancaq o, Azərbaycana gələndə yaşlı idi. Mpenza bura, sadəcə, karyerasını bitirmək və pul qazanmaq üçün gəlmişdi. Yaşlı futbolçular bu məqsədlə həm də ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrə yollanırlar. Məsələn, Alessandro Del Pyero Avstraliyaya oynamağa getdi. Biz heç cür təsəvvür edə bilmərik ki, o, 25-26 yaşında bu ölkəyə karyera üçün yollanardı. Del Pyero Avstraliyaya, sadəcə, karyerasını bitirərək pul qazanmağa getmişdi.
- Yaxşı heyətə malik Rumıniya yığması son Avropa çempionatının final mərhələsində çıxış edib. Rumıniyalı futbolçular "Moldova, yoxsa Azərbaycan çempionatı" dilemması qarşısında qalanda sizin ölkəni seçməzlər?
- Bunu demək çətindir. Kimsə özünə yaşayış baxımından rahat şəraiti seçir. Kimsə ölkənin mentalitetinə, dil amilinə görə seçim edir. Açığı, Azərbaycana hansı adaptasiyanın lazım olduğunu başa düşmürəm. Çünki Bakı çox gözəl, rahat, Avropa səviyyəli şəhərdir. Mən həmişə dostlarıma söyləyirəm ki, Bakı - ikinci Dubaydır. Üstəlik, indi müasir stadionlara malikdir. Səhv etmirəmsə, Bakıda hazırda 5-dən çox belə arena, futbolçular üçün yaxşı şərait var. Mən başa düşmürəm ki, bütün bunlar varsa, nəyə adaptasiya olmaq lazımdır?
- Siz Bakıdan danışırsınız, ancaq əyalətdə uyğunlaşma qeyri-mümkündür. Hətta "Qəbələ” kimi klubda da...
- Razıyam. Ola bilər ki, bu, hansısa məişət məsələləri ilə bağlıdır. Hətta məişət problemləri də demək olmaz. Çünki "Qəbələ”nin futbolçularında belə çətinliklər ola bilməz. Bildiyim qədərilə onlar əla oteldə, bazada, şəraitdə qalırlar. O başqa məsələ ki, insanlar harasa çıxıb əyləncə görmək istəyirlər. Onda istəsələr, istirahət günlərində Bakıya yollana bilərlər. Vəssalam, bununla problem bitəcək. Digər problem dil baryeri ilə bağlı ola bilər. Ancaq "Qarabağ”, "Qəbələ” kimi klublarda futbolçular, legionerlər üçün çox yaxşı şərait yaradılıb. Bilirəm ki, oradakı oyunçuların heç nəyə ehtiyacları olmur. Ona görə legionerlər üçün adaptasiya ilə bağlı çətinliklərin olduğunu demək bəhanədir. Futbolçular özünü göstərmək baxımından uğursuzluğa düçar olurlarsa, bu, özlərinə haqq qazandırmağa cəhddir.
- Mpenzadan təsadüfən söz salmadıq. Bilirəm ki, sizin də Azərbaycanda "Bakı” ilə maddi məsələlərə dair probleminiz vardı. Artıq bunu yoluna qoydunuz?
- Düzü, biz "Bakı”da bir sıra uğurlar qazandıq və heç vaxt problemlərimiz olmamışdı. Nə maddi, nə də məişət baxımından... Yalnız müqavilənin son ilində klub ya öhdəçiliyi yerinə yetirə bilmirdi, ya da bunu etmək istəmirdi. Buna görə FİFA-ya şikayət etməli olduq və bu, müsbət cavablandırıldı. Təəssüf ki, "Bakı” klubu dağıldı. Biz 2 il öncə məhkəmə prosesində qalib gəldik.
- Artıq borcunuzu ödəyiblər?
- Yox.
- Buna görə "Bakı”dan çempionatda xallar silindi...
- Bildiyim qədərilə, hə.
- Yəni, sizin üzünüzdən...
- Əslində, yalnız bizim üzümüzdən yox. FİFA-ya "Bakı”dan şikayət edən bir çox futbolçu məhkəməni qazanıb. Bunlar legionerlərdir. Özü də təkcə biz deyilik. Siyahı çox uzundur. Hamı bilir ki, "Bakı”nın xeyli borcu var.
- "Bakı” rəhbərliyi bildirir ki, həmin legionerlərə borcu hissə-hissə ödəməklə məsələni həll etmək istəyirlər. Bununla bağlı sizinlə əlaqə saxlayıblarmı?
- Yox.
- Amma klub rəsmisi Yaşar Seyidov belə açıqlama verib...
- Yaşar müəllimə çox böyük hörmətim var. Yəqin ki, o, Azərbaycanda futbol sahəsində ən yaxşı klub funksionerlərindən biridir. Ancaq mənimlə heç kim əlaqə saxlamayıb. Eşitməmişəm ki, kimsə futbolçularla borc məsələsini yoluna qoymağa çalışsın.
- "Bakı”nın təxminən nə qədər futbolçuya borclu olduğunu bilmirirsiniz?
- Dəqiq rəqəmi sizə deməyəcəyəm. Ancaq borcun məbləğinin və klubun borclu qaldığı futbolçuların sayının çox olduğunu bilirəm.
- Bütöv bir komanda qədər...
- Bəli.
- Bu, 18, yoxsa 11 nəfərlik komandadır?
- Çox güman ki, Azərbaycanın yaxşı, iddialı klubunun 1 illik büdcəsidir.
- "Bakı”nın sizə nə qədər borlcu olduğunu deyə bilərsiniz?
- Açığı, məbləği demək istəməzdim. Bu, düzgün olmazdı. Prinsipcə, futbolçu müqavilə imzalayanda da məbləğ açıqlanmır. Bunu açıqlamağımın mənası da yoxdur. Məbləğ yetərincə böyükdür. Bu, 1 illik müqavilə ilə nəzərdə tutulub.
Elşən MƏMMƏDOV