1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bizimlə görüşə həyat yoldaşı və iti ilə gəlirdi" - MÜSAHİBƏ
"Neftçi” komandasının baş məşqçisi Roberto Bordin "CBC Sport”un "İmza” verilişində Əminə Kazımovanın suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Liviyada italyan ailəsində anadan olmusunuz...
- Bəli, elədir. Valideynlərim italyandır, amma babalarım Liviyada anadan olublar. Belə alındı ki, həyatımın ilk 3 ilini orada yaşadım, sonra İtaliyaya köçdük.
- Futbolçu kimi hər zaman İtaliyada oynamısınız. Legioner həyatı yaşamaq şansınız olmayıb?
- Xeyr, xaricdə yalnız məşqçi kimi çalışmışam. A Seriyası kimi çempionatda oynamaq özü böyük uğurdur. Prinsipcə, karyeramdan çox razıyam. Amma deyə bilərəm ki, bu gün hər futbolçu üçün ölkəsindən kənarında legioner kimi oynamaq çox önəmlidir.
- Futbolçu həyatınızın ən yaxşı dövrü "Napoli"də keçib. Neapol klubu ilə 1997-ci ildə İtaliya Kubokunun finalına kimi gəlib çıxsanız da, həlledici oyunda məğlub olmusunuz...
- Bəli, həqiqətən də "Napoli”də karyeramın çox gözəl 4 ilini keçirmişəm. Mənim üçün belə bir klubda oynamaq çox önəmli idi. Amma etiraf edim ki, oradakı ilk iki ilim uğurlu olmadı. Sonra isə, sizin də dediyiniz kimi, İtaliya Kubokunun finalında oynamaq şansı qazandım. Təəssüf ki, iki görüşün nəticəsinə görə, qalib gələ bilmədik. Bu uğursuzluqdan çox təsirləndik. Komandanın kapitanı kimi kuboku qazanmaq mənim özüm, komandam və şəhərimiz üçün çox vacib idi…
- Klaudio Kanicca, Fabio Kannavaro kimi futbolçularla bir komandada oynamısınız. Onların oyunu, komanda yoldaşları ilə münasibətləri, futboldankənar həyatı bizə də maraqlıdır…
- Hə, həqiqətən, ikisi də dahi futbolçu olub. Kanicca ilə "Atalanta”da oynamışam. Çox yaxşı və zarafatcıl oğlan idi. Zarafata açıq bir insan. Kampaniya adamı idi və kollektivi birləşdirməyi bacarırdı. Futbol bacarığına gəlincə, bir daha təkrar edim, əla futbolçu olub, millidə də özünü göstərib, Maradona kimi futbolçunun oyundaşı olub. Çox güclü idi. Kannavaroya gəlincə, o da əla futbolçu olub. Güclü idi, klubun akademiyasından gəlmişdi və iddialı olması hər zaman gözlərindən oxunurdu. İnkişaf etdi və çox böyük uğurlara imza atdı. Yaxşı bilirsiniz, Kannavaro hansı uğurlara nail oldu, böyük çempion kimi tarixə düşdü. Özünü lider kimi göstərməyi də bacardı. Fərdi keyfiyyətlərindən başqa, həm də əla insandır. Gündən-günə onun iş keyfiyyətlərinin inkişafı özünü göstərirdi və o, istədiyini əldə etdi. Beləliklə, bir daha qeyd edirəm, iki əla futbolçu və iki böyük insan.
- Kaniccanın zarafatcıl biri olduğunu dediniz. Onunla bağlı hansısa gülməli hadisəni xatırlaya bilərsinizmi?
- Hə, doğrudan, Kanicca çox gülməli, şən oğlan idi. Hər gün paltardəyişmə otağında gülməli hadisələr yaşanırdı, çünki zarafat etməyi sevirdi. Xatırlayıram, adətən məşqə və ya bizimlə görüşə həyat yoldaşı, dostu və iti ilə birlikdə gəlirdi. "Porşe”də gəlirdi və gülməli görünürdü ki, balaca maşından o, dostu, həyat yoldaşı və iti bir-bir çıxırlar...
- Dəfələrlə əfsanəvi Roberto Baccoya qarşı oynamısınız. Onun barəsində nə deyə bilərsiniz?
- Roberto Bacco kimi oyunçu haqqında nə demək olar? Maradona ilə eyni səviyyədə hesab edilirdi. Ona qarşı oynamaq, Maradonaya qarşı oynamaq kimi idi. Baccoya qarşı oynayanda onun oyununa çox təəccüblənirdik. Konkret olaraq, ondan topu almaqda çətinlik çəkirdik. Sadəcə, onunla yanaşı qaçır və topla davranışını müşayiət edə bilirdik. Bir daha qeyd edim ki, Bacco ən böyük italiyalı istedadlardan biri idi. Çox yaxşı oyunçu olub və dünya səviyyəsində özünü göstərə bilib.
- Bacco ilə bağlı da hansısa maraqlı bir hadisəni danışa bilərsinizmi?
- Bəli, belə bir gülməli an yadıma gəlir. O, "Yuventus”da oynayanda onlarla oyunumuz vardı. Elə alındı ki, mən şəxsən ona qarşı oynamalı oldum, onu saxlamalı idim. Bacco elə bir fint işlətdi ki, nə baş verdiyini anlamadım. Sürüşüb yıxıldım və kəllə-kəlləyə dəydik. Hətta məndən soruşdu ki, neynirsən? Bax belə bir gülməli məqam oldu. O, topla elə yaxşı davranırdı ki, bilmirdin, nə edəsən, düzgün qərar verməyə vaxt tapmırdın.
- Əfsanəvi Dieqo Maradona da legioner karyerasının böyük hissəsini İtaliyada, "Napoli”də keçirib…
- Heyif ki, Maradona ilə eyni komandada oynamaq imkanım olmayıb. Çünki mən "Napoli”yə gələndən 2 il əvvəl o, klubdan getmişdi. Amma komanda ilə Argentinaya turnirə getdiyimiz vaxt o bütün heyəti bir günlük evinə dəvət etdi. Beləcə, onunla futboldan danşmaq imkanımız oldu, zarafatlaşdıq, birlikdə yemək yedik. Çox səmimi insandır, özünəməxsus… Ona doğma olan "Napoli”ni çox sevir. Şəxsi həyatına gəlincə, düzü, bu barədə çox az şey bilirəm. Bir də ki, şəxsi həyat şəxsi olaraq da qalmalıdır.
- Heç İtaliya millisinə düşmək şansınız olubmu?
- Təəssüf ki, yox. Təəsüf ki… Çünki o vaxt yaxşı oyunçular çox idi və deməli, milli üçün seçim böyük idi. Mənə gəlincə, özümü uğurlu sayıram. Çünki 12 ilə yaxın A seriyasında çıxış etmişəm. Milliyə düşməksə, heyif ki, alınmadı. Ona görə ki, həmin dövrdə İtaliya milli komandasından dəvət almaq həddindən artıq çətin məsələ idi. Çoxlu yaxşı futbolçularımız vardı, haqqında danışdığımız Bacco, həmçinin Vialli, Mançini kimi. Sonrakı futbolçular nəslində də, yenə haqqında danışdığımız Kannavaro və başqaları… Amma bir daha təkrar edirəm, şadam ki, A seriyasında çıxış etmişəm və prinsipcə, öz karyeramdan razıyam.
- 40 yaşına kimi futbol oynamısınız. Futbolçu karyeranızı bitirmək çətin idi?
- Sözsüz, çətin idi. Amma fikrimcə, 40 yaş bir futbolçunun karyerasını yekunlaşdırması üçün, kifayət qədər, yaxşı yaşdır. Yüksək diviziondakı karyeramdan razıyam, futbolçu həyatımın sonlarında isə İtaliyanın 3-cü divizionunda, C seriyasında çıxış etmişəm. Hər zaman futbola peşəkar yanaşır, həmişə maksimum məşq edirdim ki, bazar günləri oyuna çıxım. Hər oyuna tam hazır olmağa çalışırdım. Bir də ki, fiziki göstəricilərim də yaxşı idi, orqanizmim imkan verdi ki, 40 yaşıma kimi oynayım. Sonra da bəxtim gətirdi ki, futbolçu karyeramı bitirən kimi, baş məşqçinin köməkçisi kimi çalışmaq imkanım yarandı.
- Siz "Parma”da Arriqo Sakki, həmçinin "Atalanta” və "Napoli”də Marçello Lippinin rəhbərliyi altında oynamısınız. Onlar barədə fikirləriniz bizə də maraqlıdır. Onlardan nə öyrənmisiniz?
- Doğrudur. Sakki haqqında danışsaq, o, Lippidən əvvəl məşqçim olub. Təbii ki, çox yaxşı, dahi məşqçi idi. Məşqçiliyi Hollandiyada oxuyub öyrənmişdi və holland futbolunun prinsiplərini İtaliyada tətbiq edirdi. Hər xırdalığa fikir verən insan idi, hər kiçik detalı analiz edirdi. Elə şeylər edirdik ki, onu 30 ildən sonra bu gün edirlər. Misal üçün oyunların videoanalizləri, rəqiblərin təhlili. Bax belə, bu insan idealist idi, detallara çox böyük diqqət ayırırdı. Bütün bu amillər də oyunlara düzgün hazırlaşmağa imkan verirdi. Bir də onu deyə bilərəm ki, çox tələbkar insan idi, əsasən də, məşqlərdə. Əgər sən 100 fazilik məşq edirsənsə, çıxıb belə də oynayacaqsan. Lippiyə gəlincə isə, o, "Atalanta” və "Napoli”də məşqçim olub. Çox yaxşı və dahi məşqçi olmaqla bərabər, çox yaxşı da insandır. Elə qayda-qanun yaratmışdı ki, özümüzü rahat hiss edirdik. Özümüzü böyük ailə hesab edirdik, mehriban kollektiv formalaşdırmışdı. Belə demək olarsa, o bizim üçün ata kimi idi. Bəzən, lazım olanda, danlayır, bəzən də tərifləyirdi. Olduqca isti münasibətimiz var idi.
- 2016-cı ildən baş məşqçi kimi fəaliyyətiniz başladı. Moldovanın "Şerif” klubunda uğurlu məqşçilik karyeranız olub. Amma avrokuboklarda "Qarabağ”a məğlub olmusunuz...
- Bəli, 2016-cı ildən ölkə xaricində, Moldovada baş məşqçi kimi çalışmağa başladım. "Şerif” klubuna gəlincə, yeni yaranan komanda -təxminən 20 yaşı olsa da, çoxlu sayda titul qazanıb. Səhv etmirəmsə, ölkə kubokunu nəzərə almasaq, o vaxt 14, ya 15 dəfə çempion olmuşdu. "Şerif”də çalışmağım mənim üçün əvəzsiz təcrübə oldu. Həqiqətən səviyyəli klubdur. Hər şeyi var, çox yaxşı infrastruktura malikdir. Fikrimcə, Moldovada, Tiraspoldakı infrastruktura malik klubda işləmək hər məşqçi üçün böyük uğur və imkan deməkdir. "Qarabağ”la oyunlarımıza gəlincə, növbəti mərhələyə çıxa bilmədik. Çünki Bakıda birinci qarşılaşmada bəxtimiz gətirib qolsuz heç-heçə etsək də, Tiraspolda cavab oyununda uduzduq. Çempionlar Liqasında irəliləyə bilməsək də, Avropa Liqasının pley-offunda Varşava "Legiya”sını keçib qrupa düşdük. Orada isə yaxşı nəticə əldə etdik və 9 xal qazandıq.
- Azərbaycan futbolunda ilk italyan məşqçisiniz. "Neftçi”yə necə dəvət aldınız?
- İtalyan agent vasitəsilə klubun direktoru və prezidenti ilə tanış oldum. İlk görüşdəcə xoş ünsiyyət qurduq, ortaq fikirlərimiz çox idi. Dərhal anladım ki, bu mənim üçün yaxşı şansdır, yaxşı fürsətdir. Bu çempionatı tanıyırdım, əvvəl də bu çempionatdan olan "Qarabağ” komandası ilə qarşılaşmışdım. Beləcə anladım ki, əla imkandır, bu gün də bura gəldiyim üçün şadam.
- "Neftçi” rəhbərliyi qarşınıza hansı hədəfi qoyub?
- Dediyim kimi, ortaq fikirlərimiz var idi, qarşımıza daha yaxşı nəticəyə nail olmağı məqsəd qoyduq. Ötən mövsümlə müqayisədə, daha yaxşı nəticəyə imza atmalıyıq. Təbii ki, avrokuboklara vəsiqə qazanmalıyıq.
- Bakıda "Uypeşt"ə 3:1 hesabı ilə qalib gələn "Neftçi" səfərdə 4 cavabsız qol buraxdı. Sizi günahlandıranlar da az olmadı. Bu məğlubiyyətin səbəbləri nə idi?
- Təbii ki, hər birimiz bu nəticədən məyus olduq, bütün oyunçular, klubda çalışan hamı. Düzdür, oyuna cavabdeh olan şəxs məqşçidir. O, taktiki, psixoloji cəhətdən komandanı oyuna hazırlamalıdır. Bunları öz üzərimə götürürəm. Amma düzünə qalsa, oyunlara baxıb analiz etmək və sonra nəticəyə gəlmək lazımdir. Bakıda ilk oyunda çox yaxşı oynadıq. Buraxılan qoldan sonra əzmkarlıq nümayiş etdirib 3 qol vurduq, hətta daha çox vura bilərdik. Əlbəttə, Macarıstanda hər birimiz səhv etdik və nəticədə qapımızdan 4 top buraxdıq. Düşünmürəm ki, belə böyük məğlubiyyətə layiq idik. Amma olan oldu. Sadəcə, baxıb nəticə çıxarmalıyıq. Bundan başqa, problemimiz də vardı, kapitanımız zədələnmişdi. Ona görə də psixoloji vəziyyətimiz bir az korlandı. Amma sonra komanda bu məğlubiyyətə düzgün reaksiya verdi, ayağa qalxdı. Vəziyyəti düzəldə bildik.
- Komandada nələri dəyişmisiniz?
- İlk növbədə, bacardığımı etməyə çalışıram. Yəni öyrəndiklərimi və təcrübəmi tətbiq edirəm. Onlara hər zaman oyunçu kimi yaşadıqlarımı və məşqçi kimi gördüklərimi ötürməyə çalışıram. Açığı, bu, mənim ürəyimdən gələn işdir, gördüyüm iş mənim üçün dəyərlidir və hər şeyi maksimum etməyə can atıram. Doğrudan da peşəmi sevirəm. Bu fikri də onlara çatdırmağa çalışıram. Heç kim onları futbolçu olmağa məcbur etmir. Amma bu yolu seçmisənsə, işini ürəkdən görməli, hər şeyi yüksək səviyyədə etməlisən. Ən böyük tələbim işlərinə peşəkar yanaşmalarıdır. Düzgün qidalanıb, istirahət edib və düzgün məşq etsinlər. Yalnız bundan sonra böyük nəticələr əldə etmək mümknüdür.
- Azərbaycan futbolunda bəyəndiyiniz və bəyənmədiyiniz nələr olub?
- Bu çempionat haqqında fikirlərim müsbətdir. Burada yaxşı komandalar, yaxşı yerli futbolçular, kifayət qədər səviyyəli legionerlər var. Üzücü məqam güclülər dəstəsində 8 komandanın olmasıdır. Səhv etmirəmsə, əvvəllər komandaların sayı 12 olub. Xoşagəlməz deməzdim, amma üzücü məqamdır. Potensial var, məncə, əsas çempionatda daha çox komandanı mübarizəyə qoşmaq olar. Ümumilikdə deyə bilərəm ki, çempionatın səviyyəsi var.
- Bakını ətraflı gəzmək imkanınız olubmu? Harda yaşayırsınız?
- Mərkəzdə, komandanın bazasının yaxınlığında yaşayıram. Mənə çox rahatdır. Çünki komandaya yaxınam. Deyim ki, Bakı möhtəşəm şəhərdir. İçərişəhəri və mərkəzdə bir neçə yeri gəzmək imkanım olub. Arada qızımla parkları gəzməyə çıxırıq, bura onun da xoşuna gəlir. Deyə bilərəm ki, daha çox evcanlıyam. Evdə dincəlməyi sevirəm, açığı, elə boş vaxtımın çoxunu da evdə keçirirəm. İşləyirəm, sonra bazadan evə qayıdıb məşqlər üzərində çalışıram.
- Ailəniz də sizinlə birgə burada yaşayır? Ailənizi də, qiyabi də olsa, tanımaq xoş olardı. Onlardan danışın.
- Bəli, burada Yelena və 14 aylıq qızım Aurora ilə birlikdə yaşayıram. Bundan başqa, İtaliyada Leonardo və Cenevra adlı iki övladım da var. Onlar üçün çox darıxıram. Çox istərdim, hamımız birlikdə yaşayaq.
- İtaliya yeməkləri daha dadlıdır, Liviya, yoxsa Azərbaycan?
- Liviya mətbəxti haqqında çox söz deyə bilmərəm. Çünki 3 yaşıma kimi orada olmuşam. Sadəcə anamın kus-kus yeməyini yaxşı bişirdiyini xatırlayıram. İtalyan ailəsi olduğumuz üçün daha çox öz yeməklərimizə üstünlük verirdik. Azərbaycan mətbəxinə gəlincə isə, onu deyim ki, Moldova ilə oxşar cəhətləriniz var. İtaliyada əvvəlcə qəlyanaltı, sonra şorba və ardınca əsas yeməyi yeyirik. Moldova və Azərbaycanda isə bəzən bütün yeməklər eyni vaxtda gəlir. İçərişəhərdə fərqli məkanlarda Azərbaycanın milli yeməklərindən bir neçəsinin dadına baxmışam, fərqli kabablar yemişəm, öyrəşmədiyim bir dad idi, amma etiraf edim ki, çox bəyəndim. Əlbəttə, ev üsulu ilə hazırlanan bütün yeməklər ləzzətlidir.
- Ömrünüzün ən yaddaqalan Yeni İl bayramı?
- "Napoli”də oynayanda keçirdiyim bir Yeni il bayramını xatırlayıram. Səhv etmirəmsə, yanvarın 2-də və ya 3-də oyunumuz vardı. Klubumuzun oyunçusu Çiro Ferrara bayramı birlikdə qeyd etməyimiz üçün bütün komandanı evinə dəvət etdi. Baş məqçimiz Marçelo Lippi də orada idi. Təəssüf ki, bu ən qısa Yeni il bayramı oldu. Çünki, demək olar ki, gecə saat 12 tamam olan kimi hamı avtobus və şəxsi avtomobillərinə minib bazaya yollandı. Axı biz oyuna hazırlaşmalı idik. Ferraranın evindən bazaya gedən yolda çox mötəşəm fişəng şousu gördük. Neapollular çox səs-küylüdürlər. Onların başladığı şou 10-15 dəqiqə deyil, saatlarla çəkir. Elə bunun sayəsində biz də belə gözəl şəhərdə füsünkar mənzərənin şahidi olduq. Bir də onların qəribə adəti var: deyirlər ki, yeni ilin ilk günü köhnə və lazımsız əşyalardan qurtulmaq lazımdır. Ona görə də həmin gün bütün şəhər köhnə əşyalar mağazasını xatrıladır. Şəhərdə gəzərəkən lazımlı-lazımsız hər şeyi görə bilərsiniz.
- 2019-cu ildən nələr gözləyirsiniz?
- Mən şəxsən uğur və hər şeyin müsbət olmasını gözləyirəm. Əlbəttə, ilin ilk 5-6 ayı bizim üçün - klub rəhbərliyi, futbolçular, azarkeşlər və bizimlə çalışan hamı üçün çox vacibdir. Çünki mövsüm bitəcək və gördüyümüz işlərin nəticəsi bəlli olacaq. Düşünürəm, yaxşı nəticə göstərsək, buna birlikdə çox sevinəcək və xoşbəxt olacağıq. Can sağlamlığını da unutmaq istəmirəm. Bu hamımız üçün ən vacibdir.