Avropa Oyunlarının və dünya çempionatının qalibi, boksçu Elvin Məmişzadə "adalet.az"a geniş müsahibə verib. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Bu il Rəsul Çunayevdən sonra Azərbaycanda "qızıl dubl" edən iki idmançıdan biri oldunuz. Başa vurduğunuz parlaq mövsümə yenidən nəzər salaq...
- İl mənim üçün çox uğursuz başladı. Bildiyiniz kimi, WSB Liqasında çıxış edirdim, oradakı nəticələrim çox zəif oldu. Bu da məni bir qədər ruhdan salmışdı. Təzədən yığma komandaya döndüm. Davamlı məşqlər sayəsində formamı bərpa etdim. Ölkəmizdə təşkil olunan test xarakterli "Böyük İpək Yolu" turnirinin qalibi oldum. İyunda Avropa Oyunlarında, keçən həftə isə dünya çempionatında qızıl medal qazandım. 2015 karyeramın zirvə ili kimi yaddaşıma həkk olundu.
- Çempionat öncəsi əsas favoritlərdən biri hesab olunurdunuz. Maraqlıdır, özünüz ciddi rəqib olaraq kimləri xarakterizə edirdiniz?
- Məndən başqa 52 kiloqram çəki dərəcəsində 24 boksçu vardı ki, onların hamısına ciddi rəqib kimi yanaşırdım. Hər birinin üzərində ayrıca hazırlıq keçmişdim. Əsas diqqət yetirdiyim Böyük Britaniya təmsilçisi? 1/4 finalda məğlub etdiyim Məhəmməd Əli idi. O, gəncdir, texnikalıdır, ard-arda zərbələr endirməklə rəqibi yormağa meylli boksçudur. Ondan başqa Qazaxıstan, Özbəkistan, Kuba və dünya boks aləmində o qədər də nüfuz sahibi olmayan Kolumbiyanın təmsilçisi də xüsusi hazırlıq tələb edirdi.
- Bu çəkidə Rusiya boksçusunun olmaması təəccüb doğurdu...
- Mişa Aloyan 2016- cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etdiyindən, Rusiyanı beynəlxalq yarışlarda başqa boksçu - Vasili Vetkin təmsil edir. O da nə Avropa Oyunlarında, nə də Avropa çempionatında dünya çempionatına vəsiqə qazana bildi.
- Əksər görüşlərdə qələbəni tam üstünlük əldə etdiniz ki, bu da digər çempionlardan sizi fərqləndirdi. Bununla bağlı xüsusi mükafat verildi?
- Xeyr. Ola bilsin, yekunda ilin boksçusu seçdilər.
- Son 5 ildə yalnız bir nailiyyətiniz vardı ki, o da Avropa çempionatının bürünc medalı idi. Nəticə göstərmək üçün nə çatmırdı?
- 2013-cü ildə Avropa çempionatının 3-cüsü olduqdan sonra dünya çempionatında iştirak etdim və orada həqiqətən əsil uğursuzluqla üzləşdim. Əsasən uğursuzluqlarım dünya çempionatları ilə əlaqədar olub. 2011 və 2013-cü illərdə medalın bir addımlığında - 1/4 finalda dayanmışam. Bu il tilsimi qırdım. Açığı, Qətərdə hətta yarımfinala yüksəlməyim mənə qəribə təsir bağışladı. Medalı təmin etdiyim üçün çox sevincli idim.
- Uğursuzluqlarınızda hakim ədalətsizliyinin də rolu olduğu vurğulanırdı. Məsələn, Bakıda keçirilən dünya çempionatının Rusiya təmsilçisi ilə 1/4 final görüşü yadımdadır. Orda sizə qarşı həqiqətən haqsızlıq olmuşdu...
- Razıyam. Ümumiyyətlə, Azərbaycan idmançıları həmişə hakim ədalətsizliyi ilə üzləşib. Biri elə Elvin İsayev. Mən onun qədər hakimlərin qurbanı olan ikinci idmançı tanımıram. O dəfələrlə bu kimi hallara görə medaldan məhrum olub.
- Bu dünya çempionatı yığma üçün 1 qızıl, 1 gümüş, 2 bürünc və Albert Səlimovun lisenziya məsələsini WSB Liqasında həll etməsini nəzərə alsaq, iki lisenziya ilə yadda qaldı. Bu nəticəni uğurlu hesab etmək olar?
- Uğurlu nəticədir. Bir çox boksçularımız lisenziya və medal qazana bilərdi, ancaq təəssüflər olsun ki, hakim ədalətsizliyi ucbatından əliboş qaldılar. Bilirsiniz ki, bu dünya çempionatı məhdud sayda - 23 lisenziya verirdi. Bakıdakı dünya çempionatında isə 40-dan çox idi. Səlimov lisenziya qazanmasaydı belə, bunu gümüş medalla həll edəcəkdi. Beləliklə, əgər 23 mümkün lisenziyadan 3-ünü qazanmışıqsa, bu, kifayət qədər yüksək nəticə hesab olunmalıdır.
- 7 çəki dərəcəsində lisenziya qazanılmayıb. Necə düşünürsünüz bu lisenziyalardan neçəsini əldə etmək mümkündür?
- Məncə, biz olimpiadaya tam heyətlə qatılacağıq. Hər çəki dərəcəsi üzrə dünyada 10 güclü boksçu var ki, onlardan 1-i də bizimkilərdir.
- Qarşıdan Rio de Janeryro Yay Olimpiya Oyunları gəlir. Bu da sizin ikinci iştirakınız olacaq. Reytinq favoriti kimi yollanacağınız olimpiadadan gözləntiləriniz nədir?
- Üzərimdə böyük məsuliyyət var. Olimpiadalarda bizim nəinki qızıl, heç gümüş medalımız da yoxdur. Əlimdən gəldiyi qədər bu tilsimi də qırmağa çalışacağam. Amma deyərdim ki, Azərbaycan boksu inkişaf səviyyəsinə görə dünyada birincidir. Bunu son üç dünya çempionatında əldə etdiyimiz nəticələr sübut edir.
- Dünya çempionluğu ilə bağlı idman ictimaiyyətindən kimlər sizi təbrik etdi?
- Dünya çempionatından sonra mənə çox təbrik gəldi, amma İlham Zəkiyevin zəngi bir başqa qürurverici idi. Sağ olsunlar, Şahin İmranov, Fuad Aslanov və digər məşhur idmançılarımız da döyüşlərimi diqqətdə saxlayırdılar.
- Boksa gəlişizdən danışın...
- Kiməsə baxıb gəlməmişəm. Uşaqlıqdan çox davakar olmuşam. Bunu görən əmim məsləhət bildi ki, hansısa idman növü ilə məşğul olum. Əmimin məsləhəti ilə valideynlərim məni boks məktəbinə yazdırdılar.
- Boks bir qədər ağır idman növüdür. Burada ciddi zədə almaq ehtimalı digər döyüş növlərindən daha çoxdur. Haçansa boksu atıb, digər idman növü ilə məşğul olmaq istəmisiniz?
- Boksla bərabər futbola da gedirdim. Ancaq o vaxtlar futbol indiki kimi inkişaf etməmişdi. Atam məsləhət gördü ki, boksda qalım. Çünki futbol komanda növüdür, sən nə qədər yaxşı oynasan da, nəticə digər on nəfərin ümumi səviyyəsinə bağlı olacaq. Təkəbbürlülük kimi çıxmasın, məncə, yaxşı futbolçu da ola bilərdim. İndi də dostlarla tez-tez futbol oynayırıq.
- İdmandan başqa daha nələrlə maraqlanırsınız?
- Başqa heç nə ilə. Özüm həm də idman azarkeşiyəm. Digər növlərdə idmançılarımızın iştirakı ilə keçirilən turnirləri diqqətdə saxlayıram. Vaxt olduqca gedib ölkəmizdə keçirilən yarışları arenadan izləyirəm. Açığı, boksdan çox güləş, cüdo, futbolla maraqlanıram.
- Simpatiyanız olan idmançı kimdir?
- Rövşən Bayramov.
- Azarkeşlik etdiyiniz futbol klubu hansıdır?
- "Qarabağ" və "Qəbələ". Xarici kublardan isə "Real Madrid". "Yekədiş" Ronaldonun oyun üslubunu isə çox bəyənirəm. Hərdən internetdə axtarış verib, onun oyunlarına baxıram.
- Azərbaycan boksunun yenilənən nəslinin nümayəndəsisiniz. Sizdən öncə Rövşən Hüseynov, Əli İsmayılov, Vüqar Ələkbərov, Ağası Məmmədov, bayaq adını çəkdiyiniz Fuad Aslanov və Şahin İmranov kimi tanınmış boksçularımız olub. Onlardan kimə azarkeşlik edirdiniz?
- Açığı, böyük boks turnirlərinin - dünya, Avropa çempionatları, olimpiadaların mövcud olduğunu bilmirdim. Bunu ilk dəfə 2004-cü il Afina Yay Olimpiya Oyunlarında Fuad Aslanovun görüşünə baxarkən öyrənmişəm. O və Şahin İmranovun döyüşlərinə daim baxırdım. Onların müəyyən keyfiyyətlərini sözün yaxşı mənasında oğurlamışam.
- Bizim idmançılar loru dildə desək, ulduz xəstəliyinə qarşı həssasdırlar. İki mötəbər turnirin qalibisiniz, qeyri-ixtiyari bu kimi hallar yaşanmır?
- Avropa Oyunlarında qızıl medal qazandıqdan sonra hardasa çempionluq sevinci keçirirdim, amma dünya çempionatında qalib olmağıma hələ də inanmıram. Hakim kubalı boksçu ilə final görüşündən sonra qələbə qazandığımı elan edəndə fikir verdinizsə, çox da sevinmədim. Çünki dərk etmirdim. Elə bilirəm yuxudur. Açığı, heç ayılmaq da istəmirəm. Mənə belə sərf edir.
- Şahin İmranov müsahibəsində vurğulamışdı ki, idmançının karyerasındakı enişdə, bir növ uçuruma yuvarlanmasında onun özündən çox, ətrafı böyük rol oynayır. Bu amilə diqqət edirsiniz?
- Ətrafımdakılar ya idmançılardır, ya da təhsilli işgüzar insanlar. Əminəm ki, onlardan mənə pislik gəlməz. Əksinə, məni irəli apararlar. Bugünkü nailiyyətlərimə görə də dostlarıma təşəkkür edirəm, onlar mənə çox dəstək olurlar.
- Yaş keçdikcə çəkini saxlamaq çətinləşir. Özü də nəzərə alsaq ki, 52 kiloqram boksda ən yüngül çəkilərdən hesab olunur. Gələcəkdə - Rio-2016-dan sonra daha yuxarı çəkiyə keçmək fikriniz yoxdur?
- Xeyr. İdmanı atanadək bu çəkidə qalacağam. Düzdür, çəki salmaq çətin prosesdir, amma mənə bu çəkidə vuruşmaq daha rahatdır.
- Əvvəllər bu çəkidə monqolustanlı Tuqsurqot Nayambayar, uelsli Endriu Selbi kimi məşhur boksçular vardı, rəqabət daha güclü idi...
- Bəli, tamamilə sizinlə razıyam. O dövrdəkilərdən yalnız Mişa Aloyan qalıb.
Sahib ƏSƏDBƏYLİ
Sahib ƏSƏDBƏYLİ