1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İdmançılar psixoloqla işləsələr, dopinqdən istifadə etməzlər" - MÜSAHİBƏ
"Güzgü" Dəyişim və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Fərqanə Mehmanqızının idmançı psixologiyası ilə bağlı Sportnet.az-a müsahibəsi
- İdmançıların psixologiyasını necə xarakterizə etmək olar?
- İdmançıların da psixologiyasını normal insanlar kimi xarakterizə etmək lazımdır. Fərqlilikləri yoxdur. Onlarda motivasiya proqramına daha çox üstünlük vermək lazımdır. Çünki onlarda ən böyük problem uğursuzluqdan sonra yenidən uğur qazanmağa meyllə bağlıdır. Burada daha çox problem yaranır. Bunu araşdırmaq lazımdır. Bunun üçün tədbirlər, təlimlər keçirilməlidir. Biz bəzən düşünürük ki, idmançıdırsa, deməli, o, güclüdür. Həmin şəxs ən güclü idmançı ola bilər. Bir çox yarışlarda idmançılar yaxşı mübarizə aparır, amma ən sonda, son saniyələrdə elə bir hal baş verir ki, sanki bütün yarış boyu savaşan insan o deyil. Sonda isə məğlubiyyətlə üzləşir. Burada fiziki güc yox, psixoloji faktorlar rol oynayır. İnsanın psixologiyası güclü olanda, fiziki də güclü olur. Bu, birmənalı şəkildə qəbul olunmalıdır.
- Demək istəyirsiniz ki, uğur qazanmaq üçün psixoloji vəziyyət önəmlidir?
- Bəli. Uğur qazanmaq üçün psixoloji möhkəmlik olmalıdır. Savaşçı psixologiyası olmalıdır. Savaşçı psixologiyası deəndə biz nəyi nəzərdə tuturuq? Hər hansı idmançı böyük uğursuzluqdan sonra yenidən qalxmaq və savaşmaq istəməlidir. Onu bilməlidir ki, bundan öncə hər hansı yarışda uduzubsa, o məğlubiyyətə həm idmançı gözü ilə, həm də psixoloji faktorlara baxmaq lazımdır. Məğlub olanda hansı psixoloji faktor ona təsir edib? Hansı psixoloji durumda olub? Məsələn, idmançı fikirləşir ki, rəqib məndən güclüdür. Həmin an isə istər-istəməz əzələləri boşalır. O, uduzan anda nə düşünürdü? Bu, çox önəmli məsələdir. Daha detallı araşdırsaq, görərik ki, idmançı uduzan an nəsə düşünür. O, savaşçı ruhunda olsa, heç bir şey düşünməsə, sadəcə, uğur qazanmaq haqda fikirləşsə, qalib gələr. Hər bir qalib idmançının da psixologiyasını araşdırsaq, görərik ki, orada da psixoloji faktorlar özünü göstərib. Uduzan tərəfin də psixoloji durumunu araşdırsaq, ona da hər hansı psixoloji faktor təsir edib. Biz fikirləşirik ki, o idmançı necə məğlub oldu? Güclü idmançı məğlub ola bilərmi? Burada psixoloji faktorlar çox önəmlidir. Bəzi tədbirlər görülməli, yarışa başlamazdan əvvəl psixoloji söhbətlər aparılmalıdır. İdmançılar da öz aralarında psixoloji duruma görə fərqlənirlər. Motivasiya proqramını keçib özünü yarışa hazırlayan idmançılar da var. Bu gün psixoloqları ciddiyə almır, onlarla ünsiyyətə girmirlər. Halbuki, ünsiyyətə girsələr, daha çox uğur qazanarlar. Çünki psixoloq idmançı ilə motivasiya proqramı üzrə işləyəcək. İdmançı məğlub olduğu yarışda mütləq travmalar alır. Bu isə onun növbəti yarışlarda uğur qazanmasına mane olur.
- Psixoloq kimi idmançılara nə məsləhət verərdiniz?
- İndiyədək müəyyən idman məktəblərində seminarlar təşkil eləmişik. Onlar da uğurlu alınıb. Seminar yarışlara hazırlaşan azyaşlı və yeniyetmələr üçün keçirilib. Çox yaxşı nəticələr əldə olunub. Daha əyləncəli və maraqlı olsun deyə, qalib gələnlərin o an düşüncələrini soruşuruq. Qalib gələn tərəf o andakı düşüncələrini bölüşsün. Onun söylədikləri başqa yarış iştirakçılarına nümunə olsun. Yarışlarda qalib olan idmançılar jurnalistlərə pafosla danışır. Hər şey onların dediyi kimi deyil. Jurnalist hadisəyə psixoloq kimi yanaşmır. İdmançıya sual verilir ki, hansı hissləri yaşadınız? Təbii ki, uğur qazananlar şablon hissləri yaşayırlar.
- Bəzi idmançılar yarışlarda emosiyalarını cilovlaya bilmirlər. Onlara nələri məsləhət görərdiniz?
- Psixoloqların belə bir sözü var: Qaynar emosiya olan hallarda qalib gəlmək üçün sadəcə, soyuqqanlı olmaq lazımdır. İdmançılarda emosiya çoxdur. İnsanların müxtəlif enerjiləri var. Qaynar yerdə, stresli anda soyuqqanlı olmaq lazımdır. Ətrafdakıları düşünmək olmaz. "Ətrafdakılar məndən yarışmağımı, qalib gəlməyimi istəyir" deyə düşüncə olmamalıdır. İdmançı özü nə istəyir? Sabahı üçün nə istəyir? Biz hamımız həyatımız üçün proqram yazır, o proqrama uyğun da hərəkət edirik. Bu proqramdan çıxanda o biri proqramlar dağılır. İnsan fikirləşməlidir ki, mən nə istəyirəm. Uğursuzluq da ola bilər. Amma bu, o demək deyil ki, istədiyindən əl çəkəsən. Ətraf sizə qarşı güvənmədi. Buna fikir verməməlisiniz. İdmançı ətrafdakılar üçün uğur qazanmaq barədə fikirləşməməlidir. O ilk növbədə, özü üçün istəməlidir. Yeni bir yarış da idmançının özü üçündür. İdmançı "Əfratdakılar məndən qalib gəlməyimi istəyir" desə, yarışda uduzanda, hər kəs onu təndiq edəcək. Bu, kütlə psixologiyasıdır. Biri qışqırdısa, hər kəs qışqıracaq. Susacaqsa, hər kəs susacaq. Həmrəylik psixologiyası budur. Bu isə emosiyaların çox olduğu yerdə görsənir. Mövzüdan kənara çıxaq: Biz yolla gedəndə yuxarı baxaq, fikir versək, görərik ki, bizimlə birgə yuxarı baxanlar olacaq. Biz arxaya baxa-baxa qaçsaq görərik ki, bizimlə birlikdə qaçanlar olacaq. Bu psixologiya hər bir şəxsdə var. Kütlə olduğu halda isə bu həmrəylik psixologiyası hər bir kəsdə özünü göstərir. Bu, ən çox liderlərin istifadə etdiyi psixologiyadır. İdmançı bu kütlənin qarşısında kütlədən biri olmamalıdır. Özünə sual verməlidir: Nə üçün bura gəlmişəm? Yarışlara girmədən öncə qərar verməlidir. Mən ətrafdakılar üçün istəyirəmsə, mənim üçün deyə bir şey olmayacaq. O, ətraf üçün yarışacaq. İdmançı kütlə üçün yarışırsa, o, qalib gəlsə belə, uğurun həzzini almayacaq. Bəzi idmançılar olub ki, dünya çempionluğu əldə etdikləri halda, sonradan intihar ediblər. Bu insan o nailiyyəti özü üçün qazanmadığından, fikirləşir ki, mən bu uğuru əldə etdim, daha sonra nə edəcəyəm? Artıq qazanılacaq bir şey qalmayıb. İnsanlar bunu qəhrəman kimi qəbul ediblər. Bizim mənəvi aclığımız odur ki, bu qədər qalibiyyətdən özümüzü yox, ətrafı tətmin edirik. O mənəvi aclıq idmançının ruhunu incidir. Bəzən belə fikirlər səsləndirirlər ki, intihar sükutdur, sakitçilikdir. İntihar hər şeyin bitməsidir.
- Yəni, idmançı publika üçün yox, özü üçün mübarizə aparmalıdır...
- Bu fikir hər kəsə aiddir. İdmançı kütlə içində tək olmağı bacarmalıdır. Elə hallar da olur ki, qarşı tərəf üstünlüyü ələ keçirir və kütlə buna reaksiya verir. Azarkeşlər rəqibin adını çəkirsə, əslində həmin idmançı kütlənin səsi ilə məğlub olur. Halbuki, o, kütləyə önəm verməsə, savaşmağa davam etsə, qalib gələ bilər. "Kütlə mənim uduzduğumu görür və artıq uduzdum" deyə düşünsə, məğlubiyyət qaçılmaz olacaq, qalib gəlmək mümkün olmayacaq. Kütlənin təzyiqi altına düşməyənlər mütləq qalib gəlirlər. Azarkeşlərin səsi o anda onlara çox təsir edir.
- Hər bir idmançının məşqçisi olur. Sizcə, məşqçinin özü də psixoloq olmalıdırmı?
- Baş məşqçi öz işlərindən əlavə, hər bir idmançının normal şəraitdə və yarış anında psixoloji durumunu bilməli, onların yarışdan əvvəlki durumları haqda məlumatlı olmalıdır. "İnsanın xasiyyəti budur" deyə ifadə olmamalıdır. Hər insanın xasiyyəti o andakı təziqə görə dəyişir. Hirsli adam necə olur? Hər hansı bir insanın hirsli, adi, sevinən və qəmli vaxtı olur. O, eyni insan olurmu? Xeyr. Sanki başqa obrazlardır. İdmançı da yarış anından əvvəl və yarışdan sonra qalib gəlirsə, yaxud uduzursa, hansı psixoloji durumda olur? O anda ona necə təsir etmək lazımdır? Bunları məşqçilər bilməlidirlər. İdmançı yarışda olan vaxt bir anlıq məşqçinin üzünə baxır, onun üz mimikaları özündə psixoloji ruh yüksəkliyi yaradır. Bu andan sonra artıq o, qələbə qazana bilər. Orada idmançı ilə birgə məşqçinin psixologiyası da yarışır. Bu vaxta qədər o motivasiya proqramı ilə necə işləyib? Hər bir məşqçinin idmançı ilə bərabər ruhu yarışır. Özü kənarda dursa da, onun bu vaxta qədər olan əməyi yarışır. Həmin əziyyətin hədər olmaması üçün daha çox biliyə malik olmaq lazımdır. Qarşısındakı idmançını daha yaxşı idarə etməlidir.
- Demək olar ki, milli komandalarda psixoloq ştatı yoxdur. Sizcə, buna ehtiyac varmı?
- Bu gün idman sahəsində psixologiya ilə bağlı böyük boşluq var. Kollektiv idman növlərində psixoloq daha çox lazımdır. Vurğuladıq ki, psixoloji faktor çox önəmlidir. İdmançının özünün də şəxsi həyatı var axı... Onun həyatında uğursuzluğu olur. Özünü ifadə edə biləcəyi bir qurum olmalıdır. İdmançılarla işləyən psixoloji qurum olsa, çox yaxşı olar. İdmançılar psixoloqlarla işləsələr, qanundan kənar olan dopinqlərdən istifadə etməzlər. Bəzi idmançılarımızın dopinqdən istifadə etdiyini və bizim adımızı batırdıqlarını bilirik. Dopinq nədir? Birbaşa sinir sisteminə təsir edir. Psixoloqların köməyi ilə, psixoloji yöndə möhkəmlənməklə bunun qarşısını almaq olar. Bir az düşünək. İdmançı bəzən stresdə olur. Yarışın stresi, məişət, ailə, şəxsi problemlərindən bir çıxış yolu tapır - dopinq... Ən asan yolu seçir. Bizim başımız ağrıyanda ağrıkəsicilərə üz tuturuq. Amma nevroloqa müraciət etsək, bunun səbəbini öyrənə bilər, onun birdəfəlik əlacını taparıq. Hər bir xalqın öz psixologiyası da var. Bizim psixologiyamız da belədir ki, ən son anda həkimə gedirik. Ölməliyəm ki, məni həkimə aparsınlar. Psixoloji durumumuz çox gərgin olmalıdır ki, psixoloqa müraciət edək. İdmançı da fikirləşir ki, nəyə görə getməliyəm? Ən yaxşısı dopinqdir.
- Onları yönləndirən peşəkar psixoloq olsa, yəqin ki, bu yollara əl atmazlar...
- Onu da düz qeyd etdiniz ki, bu gün psixologiyada peşekarlıqdan əziyyət çəkirik. 3 aylıq sertifikatla olan psixoloqdansa, dopinq yaxşıdır (gülür - T.Q.)
- Hansısa idmançı və məşqçi sizə müraciət edib?
- Məktəblərdə yarışlarda müraciət edənlər olub.
- Peşəkar idmançılar necə?
- Peşəkar idmançılar da olub. Anonimliyi qorumalıyam. Ona görə də deyə bilmərəm. Müraciət edənlər olub.
- Bizim futbolçuların psixolji durumu nə yerdə olmalıdır ki, daha yaxşı nəticələr qazansınlar?
- Biz bilirik ki, futbol dünya siyasətidir. Yaxşı futbolçularımız azdır. İdmançılarımızın üstünə düşmək istəmirəm. Onlar əllərindən gələni edirlər. Bizdə belə bir deyim var: Kollektiv idman növlərində birlik yoxdur. Ölkəmizə gələn əcnəbilər niyə oynaya bilmir? Bizdə birlik olmasaydı, voleybolçularımız uğur qazana bilməzdilər. Az da olsa, uğur qazanıblar. Onu da qeyd edim ki, voleybolçularımızda psixoloq var. Bəlkə də ona görə bu idman növündə müsbət nəticələr əldə olunur.
- Son olaraq idmançılara nə tövsiyyələriniz var?
- Hər idmançı bir ailənin üzvüdür. Onun uşaqlıq travmaları ola bilər. Məsləhətim odur ki, yarışdan əvvəl problemləri varsa, psixoloqa müraciət etsinlər. Yarışlarda uğursuzluqlar da ola bilər. Həmin vaxt da müraciət etmək lazımdır. İdmançı məşqlərə necə fikir verirsə, motivasiya proqramı ilə də işləsə, yaxşı nəticələr alar. Qalib gələn idmançılarımızda isə eqo formalaşır. Bu isə növbəti yarışlarda qalibiyyətin qarşısını alır. Eqolar o qədər şişir ki, hər hansı uğursuzluq olanda intihara meyl edirlər. Çünki onlar düşündükləri zirvədən enirlər. Psixoloji cəhətdən möhkəm olmalıdırlar. Onda fiziki cəhətdən olan güclərini qarşı tərəfə göstərə bilərlər.
Təbriz QULİYEV