
Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisi tarixində dördüncü dəfə komandalar arasında Avropa çempionatında gümüş medal qazanıb.
Spornet.az-ın məlumatına görə, Teymur Rəcəbovun kapitanı olduğu kollektiv Gürcüstanın Batumi şəhərində keçirilən nüfuzlu yarışda çempionluq şansını son turda əldən verib.
IX turda Azərbaycan Serbiyaya uduzub - 1:3. Milli üzvlərindən Eltac Səfərli Velimir İviçə qalib gəlibsə, Şəhriyar Məmmədyarov Aleksey Saranaya, Aydın Süleymanlı Robert Markusa, Rauf Məmmədov Aleksandar İndjiçə uduzub.
Bundan yararlanan Ukrayna ingiltərə üzərində 2,5:1,5 hesablı qələbə ilə xalını 15-ə çatdırıb və qızıl medala sahib olub.
Hərəyə 13 xala malik komandalardan Azərbaycan əlavə göstəricilərdə ikinci, Serbiya üçüncü yeri tutub.
Qadınların mübarizəsində isə Polşa məhz Azərbaycan üzərində 2,5:1,5 hesablı qələbə sayəsində 16 xalla çempion olub. Milli üzvlərindən Xanım Balacayeva, Ayan Allahverdiyeva və Gövhər Beydullayeva heç-heçə etsə də, Gülnar Məmmədova uduzub.
Ukrayna 14 xalla 2-ci, Almaniya 13 xalla 3-cü yeri tutub.
Azərbaycan isə 37 ölkə arasında 10 xalla 12-ci yeri tutub.