Bəzən elə hallar baş verir ki, deməyə çox sözün olur. Belə olanda da bilmirsən hansından başlayasan. Məncə, ən məsləhətlisi əvvəldən başlamaqdır.
Gəncəyə səfərimiz xoş xəbərlə başladı. "Kəpəz”in baş məşqçisi Şahin Diniyev baba olmuşdu. Rəhbərliyi altında oynayan oğlu, futbolçu Kərim Diniyev atalıq qürurunu yaşayırdı. Bu münasibətlə matçdan öncə klubun fan-klublarla iş üzrə əlaqələndiricisi Elmar Əliyevin oğlu Nihat Əliyev gül buketini azarkeşlər qarşısında ona təqdim etdi.
Oyunda maraqlı hadisələr bununla bitmədi. Stadiona təşrif buyuran "Forza Neftçi” azarkeşləri hələ yerlərini almamış gəncəlilər tərəfindən fitə basıldı. Hələ oturmağa macal tapmamış futbolçular azarkeşlərə qırmızı vərəqə göstərdilər. Bu sosial layihənin məqsədi son zamanlar artan qadın zorakılığına qarşı diqqət çəkmək, fanatları və televiziya qarşısındakı izləyiciləri bu barədə məlumatlandırmaq idi.
Bu hadisə yerini start fitindən öncəki bir dəqiqəlik sükuta buraxdı. Buna səbəb "Xəzər Lənkəran”ın sabiq futbolçusu Şəhriyar Xəlilovun 25 yaşında dünyasını dəyişməsi və onun xatirəsinin yad edilməsi idi. Həyat nə qəribədir, eyni gündə, eyni stadionda bir tərəfdə kiminsə dünyaya gəlməsi qeyd edildi, digər tərəfdə kiminsə bu dünyadan köçməsi anıldı. Bir sözlə, həyat gözləmir, dayanmır. Elə futbol da...
Artıq hamı yerini alıb "Kəpəz” – "Neftçi” matçının startını gözləyirdi.
6-7 dəqiqəlik gecikmə ilə qarşılaşma başladı. Oyunu izləməyə gələn Gəncə şəhər icra başçısı Elmar Vəliyev və oğlu, "Kəpəz"in prezidenti Elmir Vəliyev rahat əyləşib matçı seyr edirdilər. Amma biz jurnalistlər onlar qədər rahat deyildik. Arada heç bir sərhəd və maneə olmadan düz arxa oturacaqlarda bizimlə birgə "Kəpəz”in çılğın azarkeşləri yerləşdirilmişdi. Bəlkə də düşünərsiniz ki, azarkeş jurnalistə nə maneə törədə bilər ki? Doğru fikirləşirsiniz. Onların bizə heç bir təzyiqi olmadı. Ancaq "Kəpəz”in arxadakı çılğınlardan "biri”nin noutbukumu qoyduğum masaya qalxıb "striptiz” sərgiləməsi əhvalımı pozdu. Üstəlik, icra başçısı da bunun canlı şahidi oldu.
"Kəpəz”in hər təhlükəli epizodunda azarkeşləri kürəyimizdə hiss etməyimiz onsuz da rahat olmayan jurnalist həyatının "komfort”unu azaltmışdı. Elə "Neftçi”nin rəsmiləri də rahat deyildilər. Yerli azarkeşlərin etirazı, icra başçısının göstərişi və polislərin müdaxiləsi ilə "ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov klubun digər rəsmi nümayəndələri ilə birgə tribunadan qovuldular. Onlar özlərinə "Forza Neftçi”nin tribunasında yer tapdılar.
"Şou” hələ davam edirdi. Barabanların guppultusu həmkarlarımın başı üzərində əks-səda verirdi. Burdakı "başı üzərində” hissəsi heç də məcazi məna daşımır. Təsəvvür edin ki, əyləşmiş şəxsin başı üzərində baraban çalınırdı. Necə də tragikomik...
Amma bir məqam da diqqətimizdən yayınmadı. Oyun 2:0 gəncəlilərin xeyrinə olarkən digər sektorlarda əyləşən azarkeşlərin bir qismi matçın bitiməsinə 10 dəqiqə qalmış artıq stadionu tərk edirdilər. Bəlkə də elə əsl azarkeşlər onlar idi. Keyfiyyətsiz oyundan sıxılanlar hesaba aldanmadılar. Səssiz-səmirsiz darvazalardan bayıra doğru addımladılar...
Final fitindən sonra da hadisələr səngimək bilmirdi. "Forza Neftçi” azarkeşləri "ağ-qaralar”ın avtobusunun yanında durub komandanın gəlməsini gözləyirdilər. Biz də bir neçə həmkarımla birgə olayları müşahidə edirdik. Fan-klubun üzvlərindən bəziləri Cavid İmamverdiyev və Mahir Şükürovu çağıraraq onlarla aqressiv söhbət etmək istəyirdi. Polisin və bəzi klub nümayəndələrinin işə qarışması nəticəsində aqressiv müdaxilə mümkün olmadı. Belə olan halda, dil işə düşdü. Azarkeşlərin həmin təhqirləri yəqin ki, futbolçulara çatdırılacaq.
Bütün bunlardan sonra "Neftçi”nin futbolçuları üçün soyuq duş qəbul etmək münasib olardı. Lakin oyunçular özləri bu "qismət”dən imtina etdilər. "Kəpəz”in stadionunda isti su gəlmədiyindən "Neftçi”nin futbolçuları yuyunmadan arenanın ərazisini tərk etdilər.
Elə biz də qısa səfər qeydlərimizi burada yekunlaşdırsaq yaxşıdır. Çünki "striptiz" və "şou"dan başqa nədən danışsaq, maraqsız alına bilər )))
Seymur KƏRİMLİ, Gəncə