1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanovun oxuduğu kitab
Elşən MƏMMƏDOV
Azərbaycan yığmasının Kosovo ilə Millətlər Liqasındakı səfər oyunundan sonra Bakıya qayıdan təyyarə həmkarımızın "çanta olayı" səbəbindən ləngiyəsi oldu.
Salona daxil olduğumuz vaxt hamı içəridə bizi gözləyirdi. Bu zaman gözüm baş məşqçi Qurban Qurbanova sataşdı. İlk dəfə idi ki, onu eynəkdə görürdüm. Kitab oxuyurdu. Yanından keçib gedərkən, qeyri-ixtiyari kitaba nəzər saldım. Oxuduğu "Qurani Kərim" idi. Güman ki, bu üsulla daxilən sakitləşmək istəyirdi.
Mən də oyunsonrası mətbuat konfransından hələ Kosovoya uçuşun başlanğıcınadək olanları bu müqəddəs kitab kimi tərsinə "varaqlamağa" başladım...
Əvvəlcə 0:4 hesablı məğlubiyyətdən sonra Qurban Qurbanovun jurnalistlər önünə hansı əhval-ruhiyyədə gəldiyini xatırladım. Təbii ki, uğursuz nəticədən çox təsirlənmişdi. Bununla belə, yenə təmkinini pozmadı, hisslərinə hakim olmağı bacardı, komandasında heç bir günah görmədiyini bildirdi...
Sonra Qurban Qurbanovun vurulan hər qola reaksiyalarını, oyun ərzində texniki zonadakı hərəkətlərini göz önünə gətirdim. Yenə səbirli idi, başını aşağı salıb ona ayrılan sahə hüdudları daxilində ağır-ağır var-gəl edirdi. İkinci hissədə yerini Mirabdulla Abbasova verən Mahir Mədətovla qısa dialoqu da oldu. Bundan başqa heç nə...
Dövlət himnimizin fitə basılmasını xatırladım. 14 minədək tamaşaçı Azərbaycanın Kosovonun müstəqilliyini tanımamasına belə etiraz edirdi. Bu, futbolçularımıza psixoloji təsir göstəcək addım idi. Bu cür məqamda Qurban Qurbanov oyunçuları ikiqat motivasiya ilə döyüşə səsləməli, yerli fanatların cavablarını yaşıl meydanda artıqlaması ilə vermələrinin gərəkliyini onlara anlatmalı idi. Amma nəinki kosovolular susduruldu, əksinə, cəmi 62 saniyə sonra hesabı açan Arber Zenelinin sonradan "het-trik" etməsinin qarşısını almağın belə yolu tapılmadı.
Bir az da əvvəli - AFFA-nın baş katibi Elxan Məmmədovla veteran futbolçu İskəndər Cavadovun açıqlamalarını yada saldım. Hər ikisi iddialı danışmışdı. Məmmədov bu qarşılaşmanı Azərbaycan yığmasının tarixi ərzində ən vacib oyun adlandırmış, Cavadov isə Kosovo kimi komandaların məğlub edilməli olduğunu vurğulamışdı. Amma təəssüf ki, millimiz Qurban Qurbanovun rəhbərliyi dövründə ən zəif oyununu keçirdi.
Ən nəhayət, səfər müddətində futbolçuların üzlərindəki ifadəni gözlərim önündə canlandırdım. Çox arxayın görünürdülər, gözlər yanmırdı. Mətbuata açıqlama vermələrinə isə qadağa qoyulmuşdu.
Çox adam deyə bilər ki, kosovoluların ustalıq səviyyələri üstündür, bir çox üzvü "Qarabağ"dan dəvət almış azərbaycanlı futbolçular isə xeyli yorulurlar. Amma bu, futbol hüdudlarını aşan oyun idi. Bu, yaşıl meydan adlı rinqdə döyüş olmalı idi. Vuruşmaq, çarpışmaq, qələbəni dişlə, dırnaqla qazanmaq lazım idi. Həmin gün meydana sadəcə 11 futbolçu yox, döyüşçü, qladiator çıxmalı idi.
Səfərdə Kosovonu məğlub etmək tapşırığı səbrlə, təmkinlə yerinə yetiriləsi məsələ deyildi. Ən azı "Qalatasaray" kimi, Türkiyə millisi kimi döyüşmək gərəkirdi. Onlara isə Fatih Terim kimi sərkərdə gərək idi. Amma heç kim döyüşmədi, sərkərdələri döyüşdürmədi. Sadəcə, qorxdular. Hələ düz-əməlli tanınmayan bir ölkənin komandası qarşısında aciz qaldılar. Bu səhnələri canlı izləmək həqiqətən də ağır idi.
Bax, komanda bu döyüşə hazır deyildi.