Mehman SÜLEYMANOV
"Xəzər Lənkəran” və "Qalatasaray”. Qardaş 2 ölkənin – Azərbaycanla Türkiyənin böyük azarkeş kütləsinə malik 2 klubu. Həm yaranma tarixləri, həm də uğurları arasında böyük fərq olduğundan, müqayisəyəgəlməzdirlər. Ancaq hər iki qeyri-paytaxt komandasını son illərdə birləşdirən bir məqam, daha doğrusu, bir insan var. Bu, tanınmış mütəxəssis Mustafa Dənizlidir. 67 yaşlı mütəxəssisin son 2 klubu məhz "Xəzər Lənkəran” ilə "Qalatasaray” olub. Ancaq hər ikisi uğursuzluğa düçar olaraq heç 1 mövsüm işləməyib.
Dənizli Türkiyənin 3 böyük klubu – "Qalatasaray”, "Fənərbağça” və "Beşiktaş”ın baş məşqçisi olmuş yeganə mütəxəssis kimi adını tarixə yazdırıb. Bu, onun "Cim Bom”a 3-cü gəlişi idi. Ancaq ilk 2-də – 1987 - 1989 və 1990 - 1992-ci illərdə hərəsində 2 mövsüm işləyə bilmiş, hətta uğurlar – Türkiyə Super Liqası, kuboku və Super Kubokunu qazanmışdı. Ancaq bu dəfə 3 ayı tamam olandan sonra istefa verməli oldu.
Ötən il noyabrın 26-da "Qalatasaray”a yenidən baş məşqçi təyin olunan Mustafa hoca komandanı qəbul edəndə 12 oyundan sonra 22 xalla turnir cədvəlində 3-cü idi. İndi isə "Cim Bom” 23 oyundan 37 xalla 5-dir. Yəni Dənizlinin vaxtında 11 matçda 15 xal toplayan komanda Super Liqada 2 pillə geriləyib və çempionluq şansını azaldıb. O, "Cim Bom”u ölkə kubokunda 1/4 finala çıxara bilib və həftəiçi cavab matçları ilə yarımfinalçılar müəyyənləşəcək. "Qalatasaray” "Akhisar Bələdiyyəspor” ilə ilk oyunda səfərdə 2:1 hesabı ilə qalib gəldiyindən, mübarizəni davam etdirməyə böyük şansı var.
Maraqlıdır ki, Dənizli "Xəzər Lənkəran”la da çempionatda ilk oyununda səfərdə heç-heçə etmişdi. Onda – 2013-cü ilin dekabrın 8-də "İnter”lə matçı qolsuz bərabərliklə bitmişdi. O, "Qalatasaray”da isə "Kasımpaşa” ilə səfər oyununa 2:2-lik heç-heçə ilə başlamışdı. Kim bilir, bəlkə həmin tur nəhs - 13-cü olduğundan öz sözünü dedi.
Dənizli "Qalatasaray” ilə avrokuboklarda 3 matçda qələbə qazana bilmədi. Çempionlar Liqasında "Astana” kimi debütantı qrupda güclü arxada qoydu, evdə məğlubiyyətdən xilas olaraq (1:1), 1 xal qazandı. Yollandığı Avropa Liqasında da öz meydanında 1:1 hesablı heç-heçə etdi. Ancaq "Latsio”ya 1/16 final mərhələsində cavab oyununda 1:3 hesablı məğlubiyyətlə Avropaya "əlvida” dedi.
Əslində, Dənizli Azərbaycanda "siftə”ni ölkə kubokunda etmiş və işinə böyükhesablı qələbə ilə başlamışdı. Birinci divizion təmsilçisi "Neftçala” Lənkəranda darmadağın edilmişdi – 4:0. Həmin mövsüm "Xəzər Lənkəran”ın çempionatda avrokuboklara düşmə şansı az olduğundan, əsas ümidlər ölkə kubokuna idi. Növbəti mərhələdə də rəqib birinci divizion təmsilçisi idi. Mustafa Dənizlinin komandası lider "Araz Naxçıvan”ı çətinliklə də olsa keçə bilir – səfərdə 1:1, evdə 1:0. Ancaq yarımfinalda Yuri Syominin "Qəbələ”si "Xəzər Lənkəran”ın kubokun qalibi olmaq ümidlərini puça çıxarır. Qəbələdəki ilk oyunda 0:3 hesablı məğlubiyyət Dənizlinin Azərbaycanda ilk böyükhesablı yenilgisi olur və komandasının avrokuboklarsız qalacağını deməyə əsas verir. Lənkərandakı cavab matçında (1:1) sensasiya baş vermir və "Qəbələ” tarixində ilk dəfə finala çıxır.
Bundan sonra Dənizlinin "Xəzər Lənkəran”dan gecəcəyi gün kimi aydın idi və türkiyəli mütəxəssis son tura qalmayaraq vətəninə dönür. Həmin vaxt onu baş məşqçi kimi əvəzləyən köməkçisi Oğuz Çətin növbəti mövsümdə özü komandanın "sükanı arxası”a keçir. Ancaq o da heç bir mövsüm duruş gətirmir. Mustafa hocanın isə "ağ-yaşıllar”da statistik göstəriciləri belə olur – 25 oyun, 10 qələbə, 9 heç-heçə, 6 məğlubiyyət, topların fərqi 38-32, 39 xal.
Məşhur filmlərimizdən "Yol əhvalatı”nda demişkən, "Ay Mustafa, vay Mustafa"! Sən mənim də fanatı olduğum, könüllərin çempionu sayılan "Qalatasaray”ın dərdinə əlac ola bilmədin. Əslində, sənin gəlişin birmənalı qarşılanmadığından, uzun müddət qalacağın real görünmürdü. Sadəcə, bu, cəmi 3 ay oldu, "Xəzər Lənkəran”dan (6 ay) da az. Göründüyü kimi, futbolda təcrübən nə qədər böyük olsa da, problemlərdə olan komandaları düşdüyü vəziyyətdən çıxartmağa qadir deyilmişsən. Həm "Xəzər Lənkəran”da, həm də "Qalatasaray”da bunu görərək, kənara çəkilməyi daha məqsədəuyğun saydın...