Ceyhun Tanrıverdiyev Gəncə futbolunun yetişdirdiyi tanınmış simalardandı. Futbolçu karyerası ərzində Vidadi Rzayev, Mahmud Qurbanov qədər parlaya bilməsə də, istənilən halda Gəncənin 90-cı illərdə yetişdirdiyi futbolçular xatırlananda onun da adı yada düşür. Karyerası boyu elə də çox komandada oynamayıb. Daha çox elə doğma "Kəpəz"də forma geyinib. Bir müddət "Neftçi"də və hərbi xidmət dövründə MOİK-də çıxış edib. Hazırda Ceyhun məşqçi kimi çalışır. Həm doğma Gəncədə, "Təhsil" Cəmiyyətində futbol bölməsinə rəhbərlik edir, həm də U-16 yığmasının baş məşqçisi Mirbağır İsayevin köməkçisidir.
Mətbuatda çoxdan idi ki, görünmürdü. Onunla U-16 Liqasının "Sumqayıt" - "Kəpəz" matçından sonra görüşdük. "Gənclik şəhəri”nə sumqayıtlıların heyətində bir neçə futbolçu yığmaya namizəd olduğundan onların oyununu izləməyə gəlmişdi.
- Ceyhun, futbolçu karyeranı nə vaxt bitirdin?
- Hardasa, 2000-ci illərin əvvəllərində. Təxminən 15 il futbol oynadım. Sonra da məşqçiliyə başladım. Gəncədə "Təhsil" Cəmiyyətinin futbol bölməsində işə düzəldim və indiyə kimi də oradayam. Eyni zamanda U-16 yığma komandasında baş məşqçi Mirbağır İsayevin köməkçisiyəm.
- Karyerandan razı qalmısan?
- Tam olaraq yox. Düşünürəm ki, daha yaxşı ola bilərdi. Düzdür, daim iddialı komandalarda oynamışam... "Kəpəz", "Neftçi". Yalnız 1997-ci ildə hərbi xidmətimlə əlaqədar 1 il çıxış etdiyim MOİK-i çıxmaq şərtilə.
- "Kəpəz"in heyətində "Austriya"ya qarşı keçirdiyiniz ilk avrokubok matçlarını xatırlayırsan?
- Əlbəttə. İlk oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər Stadionunda keçirmişdik. 0:4 uduzsaq da, o cür məğlubiyyətə layiq deyildik. Beynəlxalq təcrübəmiz yox idi. Bu, öz yerində. Amma həmin oyunda qapıçımızın iki kobud səhvi həlledici oldu. Cavab oyununda bir az da toparlandıq və səfərdə qol da vurduq. Lakin bundan artığına gücümüz çatmadı.
- Sən oynadığın dönəmdə "Kəpəz" həmişə iddialı olub. Elə bir komandanı dəyişib "Neftçi"yə keçməyin nə ilə bağlı idi?
- Bilirsiniz, o vaxt Azərbaycan çempionatında 3 əsas iddialı komanda var idi - "Kəpəz", "Neftçi" və "Qarabağ". Hər üçü daim çempionluq uğurunda mübarizə aparırdı. Həmin ərəfədə "Neftçi" UEFA kubokunda Sofiyanın "Lokomotiv" komandası ilə qarşılaşmalı idi. Oyundan əvvəl "Neftçi" məni icarəyə götürmüşdü. Sonra elə oldu ki, 1 illik müqavilə təklif etdi və razılaşdım. Beləliklə, 1 il "Neftçi"nin formasını geyindim.
- Sonra MOİK-ə keçdin...
- Hə, o başqa məsələ idi. Həmin ərəfədə hərbi xidmət məsələsi ortaya çıxdı. Sırf əsgərliyə görə MOİK-ə keçdim və 1 il də MOİK-də oynadım. Ondan sonra yendən "Kəpəz"ə qayıtdım.
- Az öncə 3 iddialı komandanın adını çəkdin. Amma o vaxt digər iddialı komandalar da var idi axı...
- Elədir. İlk ölkə çempionatlarında "Turan", Sumqayıt "Xəzər"i, "Xəzri" kimi komandalar var idi. Sadəcə, adlarını çəkdiyim 3 komanda daimi çempionluğa oynayırdı.
- Onlardan "Turan"la oyunlarınız bir başqa olurdu...
- O heç də, o başqa idi (gülür). "Turan"la oyunlarımız "Qərb derbisi" idi. Çempionatdakı ən prinsipial rəqibimiz "Turan" idi.
- Deyilənə görə, o vaxt "Kəpəz" Tovuzda, "Turan"da Gəncədə mütləq döyülməli idi..
- (Gülür). Yox döyülmək söhbəti olmayıb. Düzdür, bir dəfə qalmaqal olmuşdu, amma digər oyunar normal keçirdi. Azarkeşlər arasında söz-söhbətlər həmişə olur və bunları da normal qəbul etmək lazımdır.
- Bir az da məşhur "Gəncə tuneli" haqda danışaq. Deyilənə görə, həmin tunel çox uzundur...
- O qədər də yox. Tofiq Bəhramov adına Respublika stadionunun tuneli daha uzundur.
- Yaxşı, camaatı o tunelə salıb döyürdünüz?
- Kimi döymüşük?
- Kimi dindirirsən, o tuneldən danışır... Vay o gündən ki, "Kəpəz" Gəncədə uduzaydı. Rəqib futbolçuları tuneldə döyürdülər.
- Yox, elə şey olmayıb. O tunelin adı daha çox uzun olmasına görə tanınır. Amma heç kim orada döyülməyib. Arada müəyyən narazılıqlar bütün oyunlarda, bütün stadionlarda olub.
- Özü də deyilənə görə, çox vaxt işıqlar qəsdən söndürülürdü ki, rəqib komandalar onları döyənlərin sifətini görməsin...
- O vaxtı elə dövr idi ki, heç respubliada işıq yox idi, qaldı ki, tunel ola. Ona görə işıqların qəsdən söndürülməsi söhbəti də düz deyil. Məncə, bu məsələni çox şişirdiblər.
- O dövrün futbolu ilə indiki dövrün futbolunu müqayisə etmək olar?
- İndi şərait daha yaxşıdır. Stadionların durumu futbol oynamaq üçün daha rahatdı. O vaxt meydanların çoxu yaxşı vəziyyətdə olmurdu. Amma oynanılan futbol baxımından fərq böyükdür. Əvvəllər futbol daha keyfiyyətli idi. Çünki çempionatdakı iddialı klublarda forma geyinən futbolçuların çoxu sovet məktəbi keçmişdi. Ona görə, futbolun keyfiyyəti də yüksək idi. Bundan başqa, hakimlər üçün o dövr oyun idarə etmək çox çətin idi. Xüsusilə də bölgələrdə. Təzyiqlər çox olurdu. İndi hakimlik etməyə nə var ki? Təhlükəsizlikləri tam təmin olunur.
- Bəs, maddi baxımdan necə?
- Şübhəsiz, indi klubların maddi durumu əvvəlki ilə müqayisədə qat-qat yaxşıdır. O dövr indiki kimi pullar yox idi.
- Düz söhbətdir ki, gəncəlilər başqa bölgələrdən olan futbolçuların "Kəpəz"də oynamasına imkan vermirdilər?
- Yanlış məlumatdır. Əksinə, mən sizə deyim ki, o dövr başqa bölgələrdən olan elə futbolçular olub ki, gəlib məhz "Kəpəz"də oynayıb, "Kəpəz"də parlayıb sonradan yığma komandaya dəvət almışdılar.
- Sabiq klubun "Neftçi"nin hazırkı durumu haqda nə deyə bilərsən?
- Bizim dövrümüzdə komanada istək var idi. Hər oyuna qələbə əzmi ilə çıxırdıq. Amma təəssüf ki, bu gün "Neftçi"də forma geyinən futbolçularda o istək, o əzmkarlıq yoxdur. Habuki belə olmalı deyil. "Neftçi" bizim flqamanımızdır. Bu klubda forma geyinən hər bir futolçu geyindiyi formanın məsuliyyətini dərk etməlidir.
Mənbə: "Het-trik news” qəzeti