
Azərbaycan Premyer Liqasında yola saldığımız XXIII turun “Qarabağ” - “Şamaxı” görüşünün heç bir özəlliyi olmasa da, maraq doğururdu. “Keşlə”ni əvəzləyən “Şamaxı” yeni adı ilə ikinci oyununa çıxırdı. Açığı, bu komandanın "köhlən atlar"dan xal qoparacağını gözləyirdim. Çünki "qırmızı-ağlar" bu mövsüm Qurban Qurbanovun komandası ilə iki dəfə - V turda 1:1 və XVIII turda 0:0 hesablı heç-heçəyə nail olan yeganə komandadır.
Amma “Azərsun Arena”dakı 15 aprel matçına bir ad vermək olardı - "Qarabağ"ın məşqi. Bu məşqin yeganə özəlliyi o oldu ki, ikinci hissənin əvvəllərindən tabloda 8:0 hesabı bərq vurdu. Həmçinin bu yekunla Premyer Liqa tarixində rekord təkrarlandı.
Gerçəkləşən fiaskonun "memar"ı isə əlbəttə, elə “Şamaxı” klubunun rəhbəri və baş məşqçisidir.
Əvvəla, onu xüsusi vurğulayım ki, Azərbaycan futbolu tarixində peşəkar əcnəbi futbol adamları və məşqçilərin minbir əziyyətləri, səyləri nəticəsində “Xəzər Universiteti” adlı komanda yenidən qurularaq "İnter Bakı" klubuna çevrilmişdi. Komanda inkişaf etdirilmiş, ölkə çempionu, kubokun qalibi olmaqla yanaşı, müntəzəm olaraq mükafatçılar sırasında yer alaraq, qitəmiqyaslı yarışlara qoşulurdu. Klub ölkə çempionatında özünəməxsus yaradıcı, atletik futbol nümayiş etdirməklə göz oxşayırdı.
Elə ki, klub rəhbərliyi dəyişdi və Zaur Axundov erası başladı, klubun qara günlərinin də təməl daşı qoyuldu. Heyəti, maliyəsi olduqca zəifləyən “İnter”in sükanı arxasına Zaur Svanadze keçərək Avropa Liqasında dalbadal iki mərhələ keçməklə klubun tarixində rekord göstərdi. Lakin bir müddət sonra Axundov klubun adını dəyişməklə birlikdə gürcü məşqçini də yola saldı.
Ardınca Ramiz Məmmədov sükanı öz üzərinə götürsə də, bir şey çıxmadı, ukraynalı Yuri Maksimov rəhbərliyin "standart"larına uyğunlaşmadı, Mladen Mlinkoviç vaxt keçirdi, Tərlan Əhmədov komandanı bataqlıqdan çıxarmaq istəyirdi ki, özünü “persona non qrata” etdilər, Yunis Hüseynov donanmanı aysberqə çırpdı, Sənan Qurbanov isə batırdı...
Zaur Axundov kluba sahiblənəndən sonra:
1. Klubu uğurlu inkişafa aparan fəaliyyətlər dalana məruz qaldı
Yuxarıda qeyd etdiyim kimi “İnter Bakı” klubu bolqarıstanlı ilə ukraynalı futbol mütəxəsislərinin yüksək zəhmətləri, əzmi sayəsində yaradılmışdı. Azərbaycanda ən güclü bazaya, infrastruktura, qısası, futbol oynamaq üçün hər cür şəraitə sahib olan klublardan idi. Komadaya səviyyəli yerli futbolçularla yanaşı, onlardan ən azı bir baş üstün, hətta öz ölkələrinin yığmalarında top qovmuş legionerlər transfer olunardı. Komandanın əvəzedici heyətində yetərincə perspektivli gənc futbolçular yetişir, uşaq komandalarına xüsusi diqqət, qayğı göstərilirdi. Komandaya Kaxaber Tsxadadzenin baş məşqçi təyin olunması ilə yeni uğur səhifəsi yazıldı. Gürcü mütəxəssisin rəhbərliyi ilə klub 2009/2010 mövsümündə çempion, 2011-ci ildə “Birlik Kubok”un qalibi oldu. 2012/2013 mövsümündə UEFA Avropa Liqasına qoşulan “İnter” Estoniyanın “Narva Trans” komandasını 5:0 hesabı ilə məğlub etməklə Azərbaycan futbolu tarixində qitəmiqyaslı yarışlarda ilk böyük hesablı qələbə qazan klub adına yiyələndi. Ümumiyyətlə, Tsxadadzenin 6 illik baş məşqçiliyi dövrü komanda üçün parlaq oldu.
Elə ki, Zaur Axundov taxta çıxdı, sadalanan fəaliyyətlər tarixə qovuşdu. Yeni "şah" futzaldakı uğurlarını böyük futbolda təkrarlamaq azarına düşsə də, sadə həqiqəti anlamadı ki, zal ilə yaşıl meydanda oynanılan futbol eyni deyil. Axundov yürütdüyü “yenilənmə” siyasəti ilə əcnəbi sələflərinin klub üçün yaratdığı hər şeyi dağıtdı. Komandaya "Keşlə", "Şamaxı" adlarını yapışdırmasına rəğmən, meydanda futbol adına heç nə görünmədi.
2.Tez-tez baş məşqçi dəyişikliyi, futbolçular arasında birlik, komandada vahid sistemin olmaması ənənəyə çevrildi
Tarixən Latın Amerika ölkələrində tez-tez hərbi çevrilişlər baş verir. Amma, iqtidarların dəyişikliklərinə rəğmən, nə ölkələr çiçəkləndi, nə də xalqların güzəranı yaxşılaşdı. Eyniylə Zaur Axundovun "klub şahlığı"nda son 7 ilə 7 baş məşqçi gəldi-getdi, ortada futbol yaradıcılığı gözə dəymədi.
Həqiqət naminə Zaur Svanadze ilə Tərlan Əhmədovun baş məşqçi kimi keyfiyyətli iş əmsallarını vurğulamamaq şeytana yox, kəbəyə daş atmaq olardı. Gürcü mütəxəsisin komandası kasad heyətlə Avropa Liqasında iki mərhələ keçməklə, özündən dəfələrlə güclü İspaniya "Atletik"inə rəqib olub, səfərdə 2:0, Bakıda isə meydanda mübarizə aparıb qolsuz heç-heçə ilə mərhələni dayandırdı. Çempionat oyunlarında komanda döyüşkən xarakteri ilə rəqiblərə baş ağrısı olsa da, gürcü Zaur, "xozeyin" Zaurun "futzal fəlsəfəsi" ilə uyğunlaşmayaraq yola salındı. 2017-2018-ci illər ərzində üç baş məşqçinin (Ramiz Məmmədov, Yuri Maksimov, Mladen Mlinkoviç) yola salınmasına rəğmən komanda çirkli sularda boğulurdu. Tərlan Əhmədov xilaskar fuknsiyasını üzərinə götürərək döyüşkən kollektiv formalaşdırmaqla həm oyun planında, həm də turnir cədvəlində komandanı irəlilətdi. Məhz onun sayəsində yekunda komanda özünə bürünc medalları təmin etdi. Lakin yığmanın eks-kapitanı da klub "şah"ının qəzəbinə tuş gəldi və qələmi sındırıldı.
3. Transfer bazarında keyfiyyətsizlik
"İnter" Azərbaycan çempionatında yaradıcı, atletik oyunları ilə yanaşı, səviyyəli legionerləri ilə tanınırdı. Bir vaxtılar paytaxt klubunun heyətində Georgi Lomaya, Aleksandr İaşvili, Valter Quqlemon, Valentin Belkeviç, Petar Zlatinov, Milan Zaqorats, Branislav Çervenka, Girt Karlson və digər səviyyəli futbotbolçular top qovurdu. "İnter"dən "Keşlə"yə çevrilən komanda yalnız ad dəyişikliyinə deyil, həm də keyfiyyətsiz legionerlərin axını ənənəsinə açıq qapı elan etdi.
İki mövsümə cəmi 7 oyun keçirən Aleksandr Kriştovao, heç bir faydalılığı olmayan Alvaro Tavares, Artur Batista, Umar Qudiabi, hər dəfə yola salınıb yenidən geri qaytarılan artıq çəkili 31 yaşlı Sadio Tonkaradan nə fayda?! Böyük ümidlərlə transfer olunan Yevgevi Koçukun barıtı 5 oyunluq oldu. Amil Yunanovu transfer edib, ona yetərincə şans verməyib, mövsüm sonrası yola salıb, sonra yenidən geri qaytarmağın anlamı nədir?! Təcrübəli yerli futbolçuları ehtiyatda qocaltmaq nə üçün?
Rəşad Sadiqovun butslarını asıb hüzura qovuşmaq istəməyinə rəğmən, hər dəfəsində onu fikrindən daşındırıb iştirak ərzəsində göstərməklə nəyə nail olmaq istəyirlər?! Axır ki, 2020-ci ilin iyununda güc-bəla ilə 37 yaşında karyerasını bitirən Rəşad Sadiqov dilə gəlib demişdi: "Əslində ötən il gedəcəkdim. Sadəcə, komandanın müdafiə xəttində zədəlilər olduğuna görə davam etməli oldum".
Yunis Hüseynov komadaya rəhbərlik edən zaman mətbuat konfranslarının birində ona ünvanlanan “Rail Məlikov, Ruslan Əmircanov kimi təcrübəli futbolçulara nə vaxt şans verəcəksiz?” sualına “O yaşda futbolçuların komandamızda olması mənə əlavə güc verir, odur ki, onların meydan çıxmaları o qədər də vacib deyil” deyə aydınlıq gətirmişdi. Klubda istər transfer siyasəti, istər futbolçulardan düzgün yararlanmamaq baxımından o qədər problemlər var ki, dilə gətirməklə bitməz...
4. Qarşıya qoyulan məqsədlərin real şəraitlə uzlaşmaması
Zaur Axundovun Müşahidə Şurasının sədri olandan bəri qarşıya qoyduğu məqsədlərə hansı strategiya cızaraq nail olmaq istədiyi bəlli deyil. Gah klubun qarşısına döyüşkən heyət formalaşdırıb oyun planında inkişaf, gah Avropa Liqasına vəsiqə, gah kubok götürmək, gah da ilk "üçlük"də yer almaq kimi hədəflər qoyulur. Bəxtə-xuda komanda son ölkə kubokunu qazansa da, istər Konfrans Liqasında Rusiya "Soçi"si ilə matçlarda darmadağın olması, istərsə də cari çempionatdakı çıxışı göz önündədir. Çempionatın gedişatında «Keşlə”nin adının dəyişdirilərək "Şamaxı"ya çevrilməsi bir daha göstərdi ki, klubun cızdığı vahid strategiyası, konkret hədəfi yoxdur.
“Sənan Qurbanov anti-fenomeni”
Roman Qriqorçukun vaxtında "Qəbələ"də köməkçi-məşqçi kimi çalışmağa başlayan Sənan Qurbanov ukraynalının gedişindən sonra baş məşqçi adını aldı. Komanda 2018/2019 mövsümündə turnir cədvəlini 4-cü pillədə tamamlayıb, Avropa Liqasına vəsiqə qazansa da, elə ilk mərhələdə Lüksemburqun "Proqres" klubuna iki oyunun nəticəsinə görə uduzaraq yarışdan kənar qaldı. Ardınca 2019/2020 mövsümündə 3 oyunda ard-arda uğursuz çıxışdan sonra Sənan Qurbanov “Qəbələ”dən getdi.
2021-ci ildə "qara zolaq"da ilişib qalan "Keşlə"nin sükanı arxasına keçən Qurbanov Premyer Liqada uğur qazanmasa da, bəxt, təsadüf nəticəsində komandası kubokun qalibi olmağı bacardı. Niyə bəxt və təsadüf? Ona görə ki, Sənan Qurbanovun rəhbərliyi altında komanda yaradıcı, döyüşkən oyunu ilə deyil, yalnız bəxtə-xuda qol vurub, bütün heyəti öz qapısı önünə yığıb, qorxaq futbolla titula sahibləndi. Həmçinin Konfrans Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulub Şimal qonşumuzun "Soçi" klubuna hər iki oyunda darmadağın olunmaqla komandanın oyun planında yoxsulluğu bir daha görsəndi. Ondan sonrakı cari çempionat oyunları da göz qabağındadır.
Sənan Qurbanovun baş məşqçi kimi qüsurları:
1. Motivatorluq bacarığının olmaması
Sənan Qurbanovun rəhbərlik etdiyi hər iki komandanın (əsasən də "Keşlə"nin) mənəvi-psixoloji durumu xeyli zəif olub. İstənilən baş məşqçi həm də bir psixoloq, motivator kimi bacarıqlara sahib olmalıdır ki, komandasında yer alan hər bir futbolçunun mənəvi, psixoloji vəziyyətlərindən agah olmaqla hamını yumruq halında birləşdirə bilsin.
2. Məşqçi xarizmasının və nüfuzun olmaması
Baş məşqçinin xarimatik, nüfuzlu olması hər zaman futbolçulara təsir edən səbəblərdəndir. Bu iki keyfiyyətə sahib məşqçilər uğrunda futbolçular meydanda bütün bacarıqlarlarını ortaya qoyub zəfərlər əldə edirlər. Məsələn, XXIII turda evdə "Səbail"lə oyun "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovla rəqib komandanın futbolçuları, məşqçilər korpusu əl sıxıb qucaqlaşmağa can atırdı. İndi görün, Rəşad Sadıqovun öz futbolçuları onu necə sevir, hörmət-ehtiram bəsləyir ki, komandası turnir cədvəlində üçüncü yerə qədər gəlib çıxıb. Amma bu sözləri Sənan Qurbanov üçün heç cür demək olmur. Onun nə “Qəbələ”, nə "Keşlə"də ağırlığı, xarizması gözə dəydi.
3. Komandada formalaşdırma və komplektləşdirmənin aparılmaması
Sənan Qurbanovun rəhbərlik etdiyi “Keşlə”də futbolçuların mənəvi, psixoloji, fiziki, taktiki hazırlıqları ürəkaçan səviyyədə deyil. Yuxarıda qeyd etdiyim uğursuz transferlər, komandanın məqsədi, oyun planı, seçdiyi taktiki sxemləri, almanlar demiş, falşdır. Keyfiyyətsiz legionerləri komandaya cəlb etmək, yerli oyunçuları get-gələ salmaq, onların bacarıqlarından, təcrübələrindən yetəri qədər istifadə etməmək və s. komandada vahid sistemin olmadığına bariz sübutdur.
Komanda hücumda yenə nə isə etməyə çalışsa da, müdafiədən ümumiyyətlə söhbət gedə bilməz. Mərkəz müdafiəsi bombardman sonrası yaranmış çökəkliyi xatırladır. Son 23 oyunda "Keşlə" əsasən müdafiənin mərkəzindəki boşluqlardan qollar yeməklə, meydanı başıaşağı tərk edir. Zavallı Stanislav Namaşko həm son müdafiəçi, həm də qapıçı kimi rəqib hücumlarının qarşını təkbaşına almaqla məşğuldur. Bəlkə qapıda moldovalı olmasaydı, bu gün komanda 23 oyuna 41 yox, 100 top buraxardı.
4. Nizam-intizamı təmin edə bilməmək
Sarı vərəqələrin sayını nəzərə almasaq, mövsüm ərzində “Keşlə”lə 8 qırmızı (7 futbolçu və baş məşqçi) vərəqə ilə “mükafatlandırılıb". Bu göstərici ilə "qırmızı-ağlar" çempionatda “vahid lider”lik edirlər. Meydandan qovulan 7 futbolçudan 6-sı arxa xətt oyunçularıdır. Bu, bir daha onu sübut edir ki, başda müdafiə xətti olmaqla, komanda nizam-intizam sarıdan “pəhriz”dədir. Sənan Qurbanov gəlişi ilə komandada intizamsızlıq çəpərini o qədər daraltdı ki, ordan nə özünü, nə də futbolçularını çıxara bildi.
Düşərli olmayan 15 rəqəmi
Sənan Qurbanovun məşqçilik "avtoritet"i Azərbaycandan kənara çıxmasa da, onun keçmiş SSRİ-nin ən müəmmalı rəhbəri olan Yuri Andropovla mistik paralelliklərini aparardım. Bu, hər iki şəxsin həyatında iz qoyan 15 rəqəmi ilə bağlıdır. Andropov dünyanın ən güclü xüsusi xidmət orqanlarından olan Dövlət Təhlükəsizlik Komitəsinin 15 il sədri olmaqla, kapitalist düşərgəsindəki dövlətləri vahimədə saxlamağı bacardığı halda, böyük sosialist dövlətində cəmi 15 ay birinci şəxs oldu. Lakin o, rəhbərliyi dövründə nə qədər çalışsa da, SSRİ-də gedən tənəzzül prossesinin qarşısını ala bilmədi. Andropovun 9 fevral 1984-cü ildə vaxtsız ölümü nəhəng dövlətin çöküşünü daha da sürətləndirdi.
Sənan Qurbanovun istər "Qəbələ"də, istərsə də "Keşlə"də baş məşqçi fəaliyyəti 15 aydan o tərəfə keçmədi. Onun rəhbərliyi altında "qırmızı-qaralar"ın 15 ay ərzindəki nəticəsi: 43 oyun 15 qələbə, 17 heç-heçə, 17 məğlubiyyət, top fərqi 41-54.
"Keşlə"dəki 15 aylıq məşqçi statistikası: 47 matç, 12 qələbə, 12 heç-heçə, 23 məğlubiyyət, top fərqi 49-80.
Nəticələrdən göründüyü kimi "Keşlə"dəki 15 aylıq məşqçilik daha acınacaqlıdır. Deməli, Sənan Qurbanov mütəxəsis kimi səhvlərindən nəticə çıxarıb inkişaf etmək əvəzinə daha da geriləyib.
Yekun
Zaur Axundov futbol “fəlsəfə”si ilə sahibi olduğu klubu 3 ada sığışdırsa da, zəfər tarixi yaza bilmədi. Sənan Qurbanov isə 30 aylıq məşqçilik “fenomen”i ilə zirvələri fəth etmək əvəzinə komandanı bataqlığa yuvarlatdı.
P.S. "İnter"in sabiq prezidenti Georgi Nikolov köhnə komandasının yenildiyini görərkən “Bu komanda heç vaxt 0:8 hesabı ilə uduzmayıb” xatirələrini kədərlə vurğulamaqla, klubun hansı zirvələrdən yerə vurulduğunu göstərir.
Abdulla İSMAYILOĞLU