"Suqovuşanda bu cür bazanın inşası digər idman növlərinin də Qarabağa qayıdışı üçün böyük başlanğıcdır".
Sportnet.az xəbər verir ki, bunu "report"a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) üzvü olan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
"Cənab Prezidentimiz, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin bizim üçün əlamətdar və əziz olan Novruz bayramı günü Qarabağda - Suqovuşanda Azərbaycan xalqını təbrik etməsi, idman ictimaiyyəti üçün xüsusi önəm daşıyan avarçəkmə üzrə ilk təlim-məşq bazasının təməlini qoyması çox böyük, əlamətdar və tarixi hadisədir. Ona görə tarixi hadisədir ki, işğaldan azad olunan torpaqlarımızda ilk idman növünün təməli qoyuldu. Bununla da cənab Prezidentin bir müddət öncə Avropa çempionatında uğur qazanmış güləşçilərlə görüşdə vurğuladığı "Qarabağımızda da idman bazaları" tikiləcək sözlərinin artıq əməli-praktiki şahidi olduq", - R.Abbasov deyib.
O bildirib ki, Qarabağda heç sovet dövründə belə bazaların olmadığını nəzərə alsaq, bu, böyük və tarixi hadisədir: "Suqovuşan Azərbaycan kanoe və kayakçılarının təlimləri üçün çox böyük əhəmiyyət kəsb edir. Həm dəniz səviyyəsindən yüksəkliyi, həm də axmaz olması təlim-məşq toplanışlarının və gələcəkdə beynəlxalq yarışların keçirilməsi üçün əlverişlidir. Bu, həm manevr, həm də təlimlərin hazırlanması üçün fərqli məkandır. Eyni zamanda, bunun xüsusi əhəmiyyəti ondan ibarətdir ki, ətrafında cənab Prezidentin də vurğuladığı kimi kurort ərazisi var. Bu, həm turizm, həm də kayak və kanoe idman növü üçün yeni mərhələdir. İstisna deyil ki, bu idman növünün inkişafı üçün bundan sonra işğaldan azad olunmuş ərazilərdə daha bir baza olacaq. Bu idman növü üçün iqlimə və su sürətinin axınına görə fərqli məkanların olması onu deməyə əsas verir ki, gələcəkdə yüksək göstəricilərə nail olacağıq. Suqovuşan akademik avarçəkmədə əsasən məşq üçün yararlı olacaq. Bilirsiniz ki, bu növ üçün daha böyük su hövzəsi lazımdır".
MOK rəsmisinin sözlərinə görə, Qarabağın bu bölgəsində infrastrukturun inkişafı ilə birlikdə Suqovuşandan kayak və kanoe üzrə təlim-məşq toplanışı ilə yanaşı, yarışların keçirilməsi üçün da yararlana bilərik: "Bu da həmin əraziyə sərmayənin gəlməsi deməkdir və həmin bölgənin dünyada tanıtımı üçün çox böyük önəm kəsb edəcək. Hamımızı təbrik edirik, Qarabağda ilk idman infrastruktrunun təməlinin qoyulması münasibətilə göz aydınlığı veririk. Cənab Prezidentə idman ictimaiyyəti, xalqımız adından təşəkkürümüzü bildiririk. Ümidvarıq ki, işğaldan azad edilmiş ərazilərdə gələcəkdə digər idman növləri üzrə bazaların da təməlinin qoyuluşunun və açılışının şahidi olacağıq".
R.Abbasov vurğulayıb ki, Prezidentin güləşçilərlə görüşü zamanı gənclər və idman nazirliyinə, federasiyalara və bütün idman mütəxəssislərinə xüsusi tapşırığı oldu ki, Qarabağın ərazisi öyrənilsin. Burada landşaft, dəniz səviyyəsindən yüksəklik və iqlim nəzərdə tutulur:
"Görürük ki, Azərbaycan idmanı işğaldan azad olunmuş ərazilərə doğru inkişafa gedəcək. Qarabağdakı idman obyektləri iqlimə görə daha çox baza xarakteri daşıyacaq. Çünki oralar həm də kurort zonasıdır. Qarabağ işğaldan öncə bir çox idman növünün inkişafında xüsusi rol oynamış bölgə olub. Bu ərazilərdə dünya, Avropa çempionları yetişib. Məsələn, Qubadlıdan Milli Qəhrəman, şəhid Əliyar Əliyev kimi yunan-Roma güləşçisi, Ağdamdan Ceyhun Məmmədov kimi dünya şöhrətli samboçu çıxıb. Xankəndi, Zəngilan, Laçın və Kəlbəcərdə təkmübarizlik, şərq əlbəyaxa idman növləri üzrə idmançılarımız, cüdoçularımız, boksçularımız olub. Ağdamın "İmarət" stadionunda "Qarabağ" komandası oynayıb. Böyük idman yenidən işğaldan azad olunmuş əraziyə qayıdır. İlk növbədə infrastrukturun yaranması kütləviliyin əsasını qoyacaq, digər idman növlərinin inkişafına və beynəlxalq yarışların Qarabağa qayıtmasına təkan verəcək. Bu isə o bölgənin çiçəklənməsi deməkdir".