Sportnet.az-ın "Sportşou” rublikasının növbəti qonağı Azərbaycanın xalq artisti, estrada və opera müğənnisi Flora Kərimova oldu. Söz yox, özünün də etiraf etdiyi kimi, ondan idman mövzusunda ilk müsahibəyə razı salmaq elə də asan başa gəlmədi. Bunun üçün bizə bir ayadək vaxt lazım oldu. Amma hər halda, özü ofisimizə gəldi, qiymətli vaxtının bir neçə saatını bizimlə müsahibəyə, söhbətə, hətta onun olduğunu eşidib-bilib birgə şəkil çəkdirməyə gələnlərə həsr etdi.
Geniş müsahibəni isə hissə-hissə təqdim etməyə qərar verdik. Odur ki, Sportnet.az-ı izləməkdə davam edin...
- Bu yaşda gənc və zərif qalmağınızda idmanın rolu olub?
- Xeyr, idmanın rolu olmayıb. İdman mənim həyatımda mühüm yer tutmayıb. O, zərurilikdəndir. Çəkimdən narahat olanda fikirləşmişəm ki, canımı qurtarmaq lazımdır, onun da çıxış yolu idmandır. Qadınlarda xüsusən doğuşdan sonra çəki və bədən forması problemləri olur. Özümdən narazı xasiyyətim var. İdman edirəm, amma necə? Görürəm ki, müəyyən nahiyələrimdə artıq çəki var, idmana başlayıram. Amma belə bir əziyyətim var ki, birinci dəfə ağlıma hansı rəqəm gəldisə, məsələn, 5-6 növ hərəkət edəcəyəmsə, gərək hamısını o sayda edim. Ağlıma 50 dəfədən az hansısa hərəkət gəlmir. Ağlıma 50 rəqəmi gəldisə, gərək bütün hərəkətləri 50 dəfə edəm. O da məni həm fiziki, həm ruhi cəhətdən tükəndirir. Mən "bəsdir" sözü bilmirəm. Bu da məni çox yorur, əldən düşürəm. Özümə çox məzəmmətlə deyirdim ki, bunu niyə edirsən? Nə olar ki, "50" dedin. Fikrimə bir şey düşdüsə, onu etməliyəm, hətta öz ziyanıma olsa belə. Baxın, belə şeylər məni mütəmadi idmandan çəkindirir və artıq mübarizəni gündə bir dəfə yeməkdə görürəm. Beləliklə, istədiyim nəticəni ala bilirəm.
- Bəs idmanın fiziki və ya ruhən faydalarını görmüsünüzmü?
Ruhən bəli! İdmanla məşğul olanda təbii ki, bədənə də xeyri olur. İnsan idman etdikdə bədəni şux, sağlam olur, özünü gümrah hiss edir, tez-tez idman zalına gedir, ayrı ab-hava, ayrı ünsiyyət olur, fikri dağılır, təzələşir, az da olsa, problemlərdən uzaqlaşır, bədən istirahət edir, münasibət qurursan, bədən üçün çox xeyir görürsən, ən əsası, ruhun xeyir görür, qidalanırsan, özündən razı qalırsan. Çıxanda deyirsən ki, nə yaxşı bura gəldim, nə yaxşı təzələndim.
- Yerli və xarici klublardan hansıları tanıyırsınız?
- Əfsuslar olsun ki, baxmıram, hərdən sorağı gəlir. Hansısa idman növündə çox səs-küy olanda xəbər tuturam. "Barselona”, Braziliya, Almaniya və s. komandalardan xəbərdaram. Mən azarkeş yox, təəssübkeşəm. Azərbaycana nə aiddirsə, onun təəssübkeşiyəm və azarkeş olmaya-olmaya onun qələbə sevincini dadıram. Amma oturub hansısa komandaya azarkeşlik edim, o olmayıb. Bir şey təbiətdə yoxdursa, özünü məcbur etmək və dəbdə olmaq üçün "Mən bu sahənin də intellektualıyam və ya az da olsa, bilicisiyəm" deyib, özümü o yalana alçaltmaq istəmirəm. Öz peşəmə aid deyirəm: 3-4 xarici müğənninin adını əzbərləyirlər, yeri gəlib-gəlmədi o adları çəkməklə öz musiqi dünyagörüşlərini sərgiləmək istəyirlər. Amma dərinliyinə varsaq, onun biliyi elə 3-4 nəfərdən ibarətdir. Dərinliyini bilmədiyim məsələ ilə bağlı insanları aldatmaq istəmirəm. Amma mənə elə gəlir ki, fikirlərin müxtəlifliyi və dürüstlük önəmlidir.
- Qarabağlı olaraq, "Qarabağ” klubu haqqında nə deyə bilərsiniz?
- Qarabağ qədər mənim... (gözləri dolur) Ana həmişə nigaran övladını digər sağlam övladlarından çox sevir. Mənim də "Qarabağ” klubuna münasibətim ananın nigaran qaldığı övladına münasibəti kimidir. Görürsünüz, Azərbaycan klubları çoxdur, amma "Qarabağ" elə bir xüsusi yeri olan klubdur ki, onun adını digər klublarımızla birgə çəkmirəm. Çünki yaralı yerimdir. "Qarabağ” mənim üçün əvvəla itirilmiş torpaqdır, insani cəhətdən, vətənpərvərlik cəhətdən onun yeri mənim üçün başqadır.
- "Qarabağ” klubunun futbolçularını tanıyırsınız?
- Oyunçular dəyişə bilərlər. Ümumiyyətlə, bütün klublarda oyunçular dəyişirlər, bu gün bir klubdadırlar, sabah başqa. Onlara münasibətim təbii ki, məxsusidir. Ancaq bu, komandanın adı ilə bağlıdır. Bu gün o, "Qarabağ” klubunda oynaya bilər, mən onun azarkeşi ola, onu bəyənib, izləyib, dəyərləndirmək arzusunda ola bilərəm. Ancaq sabah harasa keçsə və ya xarici klublara getsə, artıq mənim maraq dairəmdən çıxır. Çünki məni hardasa Azərbaycan mənasında maraqlandırır. Getdikdən sonra mən ona sadəcə gözəl oyunçu kimi baxa bilərəm. Ancaq marağım Azərbaycanın idman savaşında namusunun, qeyrətinin, onun səviyyəsinin, perstejinin təmsilçisinə olacaq. Ona görə də azarkeş anlamında mənim münasibətim daha genişdir, hətta azarkeş hissiyatından daha da aşır. Bir də hansısa ölkə qələbə əldə edəndə hamı bəh-bəh edib küçələrə axışanda, mən o ölkənin mənim ölkəmə, millətimə olan qiymətinə baxıram. Bilmədiyim bir məsələ kiminsə sözündə və ya müsahibəsində birdən-birə açılanda buna çox qırılıram.
- "Qarabağ”ın Çempionlar Liqasında hansı klubla qarşılaşacağından məlumatınız varmı?
- Mən istəyirəm ki, "Qarabağ” dünya, Avropa səviyyəsində qalib olsun və Azərbaycanın hüdudlarından bir addım öndə olsun. Onda zəng edib soruşarsınız ki, Flora xanım, xəbəriniz var? Cavab versəm ki, hansı xəbərdən, deyin ki, ayıb olsun.
- "Qarabağ” Azərbaycan çempionu kimi Avropa arenasına çıxacaq və ölkəmizi təmsil edəcək. Bu klub əvvəlki mövsümlərdə də Avropa arenasında olub və bir neçə mərhələ keçib...
- Hər halda sonadək qalib gəlmədilər. Ümumiyyətlə, hər şeydə, o cümlədən, idmanda ayrıseçkilik sala bilmirəm. "Uddu" deyə bilərəm, amma "uduzdu" sözünü deməyə çəkinirəm.
(ardı olacaq)
Sevinc XANQIZI