Daha bir keşməkeşli ili başa vurduq. 2015-ci ilin idman dinamikası ölkənin iqtisadi vəziyyəti ilə həmahəng oldu desək, yanılmarıq. Nə qədər ki maddi imkanlar geniş idi, idmançılar zəngin, idman həyatı rəngarəng idi. Bunu "Bakı 2015" I Avropa Oyunlarının təşkilatçılığı, 56 medalçıya 8 milyon manatdan çox vəsaitin mükafat olaraq, ödənilməsi də sübut edirdi.
Amma ilin ikinci yarısında başlanan iqtisadi böhran idmana da təsirsiz ötüşmədi. Bakının 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürməməsi, bəzi növlər üzrə yarışlara yığma komandaların ezamiyyətinin müəyyən sıxıntılarla müşayiət olunması artıq heç kimə sirr deyildi. Hər ilin sonunda "Buta"da keçirilən yekun tədbir isə bu dəfə "Fairmont" otelinə təyin olunmuşdu. Menyuya isə yalnız şirniyyatlar salınmışdı. Ardıcıl ikinci il milli komandaların ən yaxşı futbolçularının mükafatlandırılma mərasimi keçirilmədi... Bir sözlə, Qənaətcillik elə ilk müşahidədəcə hiss olunurdu.
Analoji hal ölkə futboluna da hakim kəsilmişdi. Azərbaycanın əsas və müxtəlif yaş qrupları üzrə milli komandaları daha yeri gəldi-gəlmədi xarici toplanışlara yollanmır, klubların əksəriyyəti isə futbolçularla ya vidalaşmaq, ya da xərclərini azaltmaq zorunda qalırdılar.
Maddi böhran ilin sonunda pik nöqtəyə çatdı. Bir tərəfdən, dünya bazarlarında neftin barrelinin qiymətinin 3 dəfə aşağı düşməsi, digər tərəfdən, manatın ikinci dəfə devalvasiyaya uğraması nəticəsində ölkənin futbol təsərrüfatı tam iflic vəziyyətə düşdü. Əvvəllər istənilən ortabab əcnəbi futbolçu açıqlamasında Azərbaycandan təklif aldığını deyirdisə, indi xarici mətbuatda belə açıqlamalara nadir hallarda rast gəlmək olar. Yerli futbolçular isə çarəsizlikdən qəpik-quruşa da oynamağa hazır idilər.
Düzdür, Azərbaycanın 2 klubu - "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Amma bunlar ölkədə futbola diqqətin göstərildiyi dövrün son akkordları, həmin klublar isə xəyallardan reallığa keçid edən sonuncu mogikanlar idi.
Yeni İl isə ölkə idmanı üçün nikbin bir şey vəd etmir. Düzdür, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 4 il əvvəlki uğuru ən azı təkrarlamaq imkanı da var, Avropa Liqasının qrup mərhələsinə düşmə şansları da. Amma bu nailiyyətlərin əldə olunmasına gedən yolda təlim-məşq toplanışları və yarışlara əvvəlki kimi gen-bol vəsaitin xərclənəcəyi inandırıcı görünmür.
Bütün bu çətinliklərin və boşluqların fonunda İdman Araşdırmalar Mərkəzi ardıcıl 3-cü dəfə "İlin qalibləri" layihəsini həyata keçirməyə müvəffəq oldu. Əvvəlki illərlə müqayisədə, 8 nominasiya üzrə 11 qalib 48 KİV-in idman jurnalistləri arasındakı sorğu nəticəsində seçildi. Ardından onlar elə idman ictimaiyyətinin tanınmış nümayəndələri tərəfindən mükafatlandırıldılar. Əlbəttə, seçim idman jurnalistlərinə məxsus idi. Qalibləri müəyyənləşdirən də onlar idilər. Amma bu, o demək deyil ki, İAM öz sorğusunun nəticələrinin arxasında durmamalı, nəticələri şübhə altına salan fikirlərə əhəmiyyət verməməlidir.
Bəli, "İlin baş məşqçisi" nominasiyasında futbol üzrə qalib adına 2 real namizəd var idi: Qurban Qurbanov və Roman Qriqorçuk. Əvvəlki 2 sorğuda Qurbanov qalib olmuş, hətta 2014-cü ildə hamının səsini qazandığı üçün "Mütləq qalib" kimi xüsusi kəmərlə mükafatlandırılmışdı. Bəs bu dəfə niyə seçilmədi? Bəlkə bu, "Qarabağ"ın 2015-ci ildə əvvəlcə Çempionlar Liqası, sonra isə Avropa Liqasında durğunluq yaşaması, hamının Qazaxıstan "Astana"sı kimi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə gözlədiyi halda, Azərbaycanın "qızıl dubl" sahibinin Çempionlar Liqasının qrup mərhələsinin astanasında qalması ilə əlaqədar idi?
İdman jurnalistləri hər nə qədər öz ətrafına səs versələr də, yenə də ölkə idmanında ən obyektiv kəsim kimi qalmaqdadırlar. Əlbəttə, nəinki futbolla azacıq maraqlanan, hətta peşəkarla qeyri-peşəkar futbolçunun fərqini bilməyən ictimai-siyasi sayt rəhbərinin fikrini öyrəndikdə, "Qurban" deyəcək. Futbol mütəxəssislərimiz kiməsə xoş görünmək üçün özlərini yerli baş məşqçiyə qurban edəcəklər. Amma ortada acı reallıq var: Xarici həmkarlarına qısqanclıq yerli mütəxəssislərimizə hakim kəsilməkdədir. Kaxaber Tsxadadze getdi, indi hədəfdə Roman Qriqorçukdur. Heç şübhə etmirəm ki, "Neftçi" tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə 2012-ci ildə yox, bu mövsüm "Qarabağ"la birgə vəsiqə qazansaydı, nəticədən asılı olmayaraq, "İlin məşqçisi" nominasiyasında Böyükağa Hacıyev qalib olacaqdı. Elə isə əcnəbi mütəxəssislərə qarşı qısqanclığın səbəbi nədir?
Çox təəssüf ki, idman jurnalistlərinin seçimini bəzi hallarda şübhə altına salan da elə idman jurnalistləri olur.
Həmrəylik günü zatən geridə qaldı, Yeni İliniz mübarək!