Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov şahmat üzrə Bakı Qran-Pri turnirinin yekunları ilə bağlı jurnalislərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Yarışın yekunu və şahmatçılarımızın çıxışı haqda nə deyə bilərsiz?
- Əfsuslar olsun ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov 50 faizlik nəticəyə imza atdısa, Şəhriyar Məmmədyarov mənfi göstərici ilə yarışı tamamladı. Klublararası Avropa çempionatında SOCAR-ın tərkibində və Olimpiadada yığmanın heyətində yaxşı oynamışdılar. 2008-də Bakıda keçirilən analoji yarışda Vüqar Həşimov ilk turlardan liderlik edirdi. Ümid edirəm ki, şahmatçılarımız növbəti turnirlərdə daha uğurlu çıxış edəcəklər. Turnirin təşkilatçılığına gəlincə bütün şahmatçılar razılıq bildiriblər. Onlar yaradılan şəraitdən məmnun qalıblar.
- SOCAR-ın maksimum nəticə ilə ikinci dəfə qitənin qalibi olmasından sonra komandada yerli şahmatçıların sayını artırmağı düşünürsünüz?
- Superklub yaradanda düşünürdük ki, heyət ancaq azərbaycanlı şahmatçılardan qurulsun. Amma gördük ki, belə alınmır. Hər komandada 8 şahmatçı olmalıdı. Fikirləşdik ki, heyətin yarısı yerlilərdən ibarət olsun. Uğur qazanmaq üçün legionerlərin daha çox olmasının vacibliyini anladıq. Bütün idman növlərində belədi. Bu prinsip uğur gətirir. İndiyədək SOCAR qatıldığı 4 Avropa Kuboku turnirinin hamısında medallar uğrunda mübarizə aparıb. Bir dəfə 2-4-cü yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə medal qazana bilməyən komandamız bir dəfə "gümüş”ü, 2 dəfə isə "qızıl”ı boynundan asıb. SOCAR son illər qitənin ən sabit iddialı klubudu. Ötən il yaratdığımız "Odlar Yurdu” sırf yerlilərdən qurulub və komandanın kapitanı da bizim şahmatın yetirməsi olan israilli Emil Sutovskidi. Bu klub debütdəcə özünü göstərməyi bacardı.
- Sutovski söyləyib ki, şahmatın izləyici kütləsini artırmaq üçün marketinq xarakterli işlər həyata keçirilməli, uşaqlar üçün şou nümayiş etdirilməli idi...
- Düz deyib. Bu, bizim ağlımıza gəlməmişdi. Yaşlı nəsil şahmatı izləməklə nostalji hisslərini xatırlaya bilər. Yeniyetmə şahmatçılar isə kumirlərini canlı izləmək imkanı əldə edir. Təəssüf ki, bəzi səbəblərdən orta nəsillə bağlı problem var. Fikrimcə, uşaqlar üçün seanslar təşkil etmək, viktorinalar təşkil etmək məqsədəuyğun olar. Bunu gələcək üçün nəzərə alacağıq.
- Ölkəmizdə şahmatçıların uğursuz çıxış etməsi daha çox təzyiq altında olmalarından qaynaqlanır?
- Yox, mən bu fikri yaxına buraxmıram. Şahmatda ev-səfər anlayışı yoxdur. Bu, sırf beyin oyunudur. Bu məsələni çox qabartsanız, şahmatçılarımız bu düşüncəni qəbul edəcəklər. Onlara mənfi təsir göstərə bilər.
- Gələn il yığmalararası dünya çempionatı Ermənistanda, bir il sonra isə Olimpiada ölkəmizdə keçiriləcək. Bir-birinə düşmən olan ölkələrin komandalarının qarşı tərəfə səfər etməməsiylə bağlı razılıq əldə oluna bilərmi və ya əksinə?
- Bu, ölkələrin daxili işidir. Hər iki tərəf lazımi təminatlar verib və verəcək. İrəvana səfər haqda düşünüb, yekun qərarımızı verəcəyik. Avropa Oyunlarına erməni idmançılar dəvət olunub və ümidvaram ki, məsələ müsbət həll olunacaq. Şahmat Olimpiadasında da Ermənistan komandasını görməyə hazırıq. Yaşayarıq, görərik. Bu məsələnin sakit tərzdə müzakirə olunması belə az iş deyil.
- Bakıda təşkil olunacaq Dünya kuboku və şahmat olimpiadasının baş tutacağı məkan bəllidi?
- Olimpiada "Kristal Zal”da keçiriləcək. Dünya Kuboku barədə isə əlavə məsləhətləşməyə ehtiyac duyuruq. İlkin məkanın məqsədəuyğunluğu haqda fikirləşirik. İcraiyyə Komitəsi və əməliyyat şirkəti fəaliyyət göstərir. Texniki məsələlər həllini tapmalıdır. Tədbirlər planımız hazırdır. Maliyyə mənbəyini bilirik, dövlət tərəfindən lazımi sənədlər verilib. Ancaq işə başlamaq qalıb. Başqa hər hansı çətinliyimiz yoxdur. Bizə qalan yüksək səviyyəli təşkilatçılıqdır. Tarixdə qalacaq Olimpiada keçirməliyik.