
Azərbaycan milli komandasının və "Qəbələ" klubunun futbolçusu Volodimir Levin "football.ua" nəşrinə geniş müsahibə verib. Sportnet.az həmin müsahibəni qısa ixtisarla təqdim edir...
- Artıq 10 ildir Azərbaycanda çıxış edirsiniz, bu ölkənin milli komandasının üzvüsünüz. Demək olarmı ki, bu dövlətdə kök salmısınız?
- Bəli, mən uzun müddətdir ki, Azərbaycanda çıxış edirəm. Düzdür, özümü burada rahat hiss edirəm. Ancaq köküm Ukraynada yerləşir. Hazırda Qəbələdə yaşayıram. Ailəm də arada məni ziyarət edir. İstərdim tez-tez olsun. Ancaq övladım balaca olduğundan, bu, alınmır.
- Azərbaycan dilini artıq az da olsa, bilirsiniz?
- Dilə gəlincə, adi şeyləri bilirəm. Dili öyrənməyə ehtiyac olmadı. Çünki Azərbaycanda problemsiz rus dilində ünsiyyət qurmaq olur. Belə baxanda Azərbaycan dili elə də çətin deyil.
- Azərbaycan sizin taleyinizə neçə çıxdı? Orada çıxış etməyi sizə kim təklif etdi? İlk dəfə bu varianta necə yanaşmışdınız və orada çox qalmağı düşünürdünüz?
- "Çernomorets" ilə müqaviləm bitdikdən sonra Olek Juravko mənə dedi ki, ukraynalı məşqçi Anatoliy Konkov "İnter"ə keçib. Ona isə orada qardaşı Valeriy Juravko kömək edəcəkdi. Ona görə Juravko mənə Azərbaycana getməyi təklif etdi, mən də çox düşünmədən əşyalarımı yığıb Azərbaycana getdim. Yüksək liqa klubu, yeni ölkə mənə maraqlı idi. Ancaq bu qədər uzun zamanlıq gedəcəyim heç ağlıma gəlməzdi.
- "İnter"də ilk baş məşqçiniz Anatoli Konkov idi. O, sizin işinizdə və həyatınızda nə ilə yadda qalıb?
- Ciddi və tələbkar idi. Anatoliy Dmitriyeviç bazaya gələndə bütün işçilər "Farağat" dururdular. İntizamın səviyyəsini yüksəltmək üçün ona heç səsinin tonunu qaldırmağa ehtiyac yox idi.
- Ümumiyyətlə, "İnter" necə klubdur? Sahibi, sponsoru kimdir? "Neftçi"yə rəğmən necə bacardılar ölkə çempionatının lideri olmağı?
- 2004-cu ildə Universitet bazasında yaradılıb. Kluba Azərbaycanın Beynəlxalq Bankından rəhbərlik edirlər. Bu gün də eyni rəhbərlikdir. 2004-u ildə Azərbaycanda nəinki "İnter” "Neftçi” ilə çempionluq uğrunda mübarizə apardı, 4-5 iddialı klub da yaranmışdı.
- Əvvəllər "İnter”də çoxlu ukraynalı futbolçu vardı. Həmyerlilərinizdən kimlərlə birgə oynamısınız Azərbaycanda?
- İlk vaxtlar "İnter”də həmyerlilərimiz elə də çox deyildi. Sergey Çernyak və Andrey Davidenko, bir də bizim çempionatda tanınmış belaruslu Makovski qardaşları vardı. Ancaq bir il keçdikdən sonra klubda ukraynalıların sayı daha da artdı. Komandaya Jenya Kotov, Saşa Kiryuxin, Sergey Onopko, Andrey Mixaylov, belaruslu Vitali Varivonçik və Artyom – Andrey Milevski əkiz qardaşları qoşuldular. Həm də Artyom və Andrey haqda deyilənlər haqlı deyildi. Artyom ilə şəxsi tanışlığım yoxdur, ancaq Andrey haqda deyə bilərəm ki, o nə çəkmir, nə içmir, ailəlidir, idmançıdır. Anatoliy Konkov getdikdən sonra isə Valentin Belkyeviç bizə qoşuldu.
- Valentin Belkeyeviç ilə birgə oynamaq rahat idi? O, oyunda və həyatda necə biri idi? Niyə Azərbaycanda və "İnter”də çox qala bilmədi?
- Valikin futbol karyerası barəsində susuram, hər kəs yaxşı bilir ki, o "Dinamo” (Kiyev) və Belarus millisində nələr edib. Həyatda isə pozitiv bir insan idi. Futbol və futboldankənar mövzularda məsləhət verməyi sevirdi. Məsələn, bilyard oynamağı çox bəyənirdi. Biz də, o da başa düşürdük ki, Bakıda çox qala bilməyəcək. Kiyevə qayıtdıqdan sonra o, gənclər komandasında işə başladı. Mənə elə gəlir ki, elə "İnter”dən getməsinə də səbəb bu idi.
- İndi Ukraynadan daha az futbolçu Azərbaycana gedir. Bizimkilər qiyməti artırıb, yoxsa onlar yaxşı bazar tapıblar?
- Məncə, ukraynalı baş məşçqilər yoxdu deyə, Ukraynadan futbolçular azdır. Sonuncu dəfə, "Simurq”da Roman Pokora çalışanda Ukraynadan uşaqlar çox idi.
- Hansı vaxtda Azərbaycan çempionatı daha varlı oldu və xaricdən tanınmış futbolçular dəvət etdi? Mpenza, Barton və İdahordan başqa hansı ulduz futbolçulara qarşı oynamısınız?
- Tanınmış futbolçulardan Belkeviç və İzmaylovun da adını qeyd edərdim. Ancaq Valentin və Marata qarşı ancaq məşqlərdə oynamışam. Çünki onlarla "İnter” və "Qəbələ”də birgə oynamışam (gülür). Ancaq rəqib kimi milli komandada qarşılaşdıqlarım var. Azərbaycan yığmasında Almaniya, İspaniya, Portuqaliya, Çexiya və Türkiyəyə qarşı oyunlarda iştirak etmək məni çox sevindirmişdi.
- Bakı "İnter”inə Ukrayna çempionatından çox futbolçu gedirdi. Məsələn, qeyd etdiyiniz kimi, Belkeviç, Despotovski, İdahor, Zaqorats, Kandelaki, Mjavanadze. Bu, o deməkdir ki, Azərbaycanda və bu klubda Ukrayna çempionatını izləyirlər?
- Bu siyahı hələ tam deyil. Azərbaycanda Ukraynadan çox futbolçu oynayıb. Mən deməyəcəm hansı klubun seleksionerləri Ukrayna ilə daha çox maraqlanır, ancaq elə menecerlər var ki, klublara futbolçuları təklif edirlər. Elə vəziyyət olub ki, baş məşqçi özü Ukraynaya gedib, yeni futbolçuların bacarığını izləyib. Mən bilirəm ki, Bakının "Standart” və "İnter” klublarında işləyən Kaxaber Tsxadadze belə edirdi.
- Azərbaycanda bir çox medal qazanmısınız. Onlardan hansı sizin üçün yadda qalan və dəyərlidir?
- "İnter”də iki qızıl, bir gümüş və 4 bürünc medal qazanmışıq. Həm də son mövsüm "Qəbələ”də qazandığım bürünc var. "İnter” ilə "Birlik kuboku”nu da qazanmışıq. Ancaq kubokda alınmadı. 5 dəfə finala çıxdım və heç birində qazana bilmədik. Sözsüz ki, ən yaddaqalanı çempionluq medallarıdır. Onları qazanmaq elə də asan olmadı. Çünki hər il Azərbaycan çempionatında ilk "üçlüy"ə düşmək üçün 5-6 eyni səviyyəli klub mübarizə aparır.
- Buna görə 9 ildən sonra "İnter”dən ayrıldınız?
- Klubumu dəyişməyimin əsas səbəbi keçmiş klubumun süni meydançada oynaması idi. Mənim dizimdə problem var, 3 dəfə əməliyyat olmuşam. "İnter”də son mövsümdə iynə vurdurub meydana çıxırdım. Hər gün süni meydançada məşq etmək vəziyyəti daha da gərginləşdirəcəkdi.
- Bildiyimiz qədəri ilə, "İnter”də ən çox oyun keçirmiş futbolçu olaraq rekorda imza atmısınız?
- "İnter”də çox oyunda iştirak etmişəm. Ancaq sayını bilmirəm ( Statistikaya əsasən 2003-2-14-cü illər arasında "İnter”də 204 matçda meydana çıxıb və 11 qol vurub).
- Deyilənə görə Azərbaycan çempionatında spesifik rəhbərlər var: danlayıb, hətta döyüblər də. Bununla bağlı xatirəniz var?
- Danlaya bilərlər. Ancaq döymək – son vaxtlar belə bir şey olmadığı dəqiqdir. Əvvəllər belə söhbətlər gəzirdi. Ancaq gözümlə görməmişəm deyə təsdiqləyə bilmərəm.
- Təklif edirəm ki, "Qəbələ” haqda danışaq. Bu klub bizdə tanınır. Çünki Yuri Syomin Kiyev "Dinamo”sundan sonra "Qəbələ”yə getmişdi. Onun gəlişi Azərbaycanda sensasiya olmuşdu?
- Syominin gəlişini sensasiya saymazdım. Çünki ona kimi Azərbaycana futbol ictimaiyyətinin bir çox tanınmış mütəxəssisləri gəlmişdi. Ancaq onun Qəbələyə gəlişi müsbət qarşılanmışdı. İndiyədək Palıç haqda xoş sözlər deyilir.
- Hazırda komandaya Dorinel Muntyanu başçılıq edir. Rumıniyalının mütəxəssis kimi hansı özəllikləri var? Komandanın oyununa nə gətirib?
- Köklü olaraq Muntyanu heç nəyi dəyişməyib, ancaq bəzi yeniliklər var. O, gənc, ambisialı məşqçidir. Uduzmağı sevən biri deyil. O, keçmiş klublarında yaxşı nəticələr əldə edib, ümid edirəm ki, Azərbaycanda da işləri yaxşı gedəcək.
- Qəbələnin azarkeşləri və mətbuatın sizə münasibəti necədir?
- Azarkeşlərlə münasibətim yaxşıdır. "İnter”də də belə olub, ”Qəbələ”də də belədir. Mətbuat ilə isə heç vaxt münaqişəm olmayıb.
- "Qəbələ”nin qarşısına hansı məqsəd qoyulub: Avrokuboklarda növbəti mərhələ keçmək imkanınız vardı, bosniyalılarla oyunda nə çatmadı?
- Bizim vəzifəmiz minimum avrokuboklara düşməkdir. İmkan daxilində isə nəticələri yaxşılaşdırmaq. Avrokuboklarda debüt yaxşı alınmadı. Ötən mövsümün sonunda komandamızda dəyişikliklər oldu – baş məşqçi və futbolçuların 50% getdi. Hazırki baş məşqçi ilk oyundan bir həftə öncə gəldi, yeni oyunçular isə avrokubok oyunundan sonra komandaya cəlb olundular. Bizim hazırlıq üçün vaxtımız və Bosniya klubunu keçəcək futbolçularımız olmadı.
- İndi isə Azərbaycan millisi haqda. Azərbaycan yığmasında oynamaq haqda xəbər tutduğunuz anda çox tərəddüd etdiniz? Sizdən başqa kim milliləşdirilmişdi?
- Mən milliləşdiyim vaxtda çempionatda legioner limiti vardı. Ancaq 3 legioner əsas heyətdə meydana çıxa bilərdi. "İnter”də isə 10 əcnəbi vardı. Rəhbərlik mənə başa saldı ki, bu, lazımdır. Məndən başqa ukraynalılardan Saşa Çertoqanov, bir neçə il sonra isə gənc qapıçı Andrey Popoviçi milliləşdirdilər.
- Dünya və Avropa çempionu olmuş Berti Foqtsla birgə işlədiyiniz vaxtda nə götürdünüz özünüzə? Azərbaycan millisinə başçılıq etmiş almaniyalı da milləti kimi həyatda pedantdır?
- Foqts pedantdır. Elə şeylərə diqqət yetirirdi ki, başqa məşqçi heç ona baxmazdı belə. O insan böyük hərflərlə idmançıdır. Hər səhər kross qaçıb, trenajor zalında məşq edir. Onun yaşında hər kəs bunu etməz. Futbolçuları oyuna kökləmək onda yaxşı alınır. Elə sözlərdən istifadə edir ki, laqeyd yanaşa bilmirsən. Uels ilə oyundan əvvəl demişdi: "Biz almanlarda bir atalar sözü var: britaniyalılarla oyunda ya qələbə olmalıdır, ya da butslarında qan!” Millidə təlim-məşqdən sonra o, bizə istirahət verirdi. Hansı kı komanda ilə birgə keçirirdik. Harda oluruqsa, olaq! Alpı da fəth edirdik, riftinqlə də məşğul olurduq, safariyə də, Disneylende də, kater ilə gəzintiyə də gedirdik. Bircə paraşütlə tullanmaq qalmışdı (gülür). Bu baxımdan milli klublardan fərqlənir.
- Avrokuboklar və millidə hansı beynəlxalq matç yaddaqalan olub?
- Yaddaqalan matç "İnter”də "Lex” ilə Çempionlar Lıqası matçıdır. Evdə 0:1 uduzub, səfərdə 1:0 udmuşduq. Penaltilər seriyasında hər iki komanda 10 zərbəni yerinə yetirdi. 11-ci zərbədə isə bizim qapıçı Georgi Lomaya polşalı qapıçıya uduzdu. Baxmayaraq ki, iki dəfə komandanı xilas etmişdi. Sonra "Lex” "Dnepr”i keçib, avrokuboklarda uğurlu çıxış etmişdi. Millidə isə güclü komandalara qarşı az oyun olmayıb ki, nəticələri ürəyə yatsın. Ən çox isə keçən il "Lujniki"də Rusiyaya 0:1 hesabı ilə məğlub olduğumuz matç. 84-cü dəqiqədə mübahisəli penaltidən uduzduq. Çox üzücü idi.
- Rəqiblərinizin formalarından kolleksiya yığmısınız?
- Heç vaxt forma arxası ilə qaçmamışam. Bir neçə ekzemplyar var, ən yaxşısını - Özil soyadlısını isə dostuma hədiyyə etmişəm.
- Odessada çoxdan olmusunuz? Həmyerliləriniz sizi əcnəbi adlandırmırlar?
- İmkan düşdükcə Odessaya gedirəm. Sonuncu dəfə 1 ay əvvəl getmişdim. Dostlarım əcnəbi, hətta azərbaycanlı deyə adlandırırlar.