Azərbaycan adına 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazanılan lisenziyalardan 5-i avarçəkmə növlərinin payına düşür. Lisenziyalardan biri akademik avarçəkmə, biri kanoe, biri kanoe-slalom, digəri ikisi isə kayak növündə əldə edilib. Akademik avarçəkmə və kanoedə 2012-ci il London olimpiadasında təmsil olunmuşduqsa, kayak və kanoe-slalomda, bu, ilk belə uğurdur. Lisenziya sahiblərindən ikisi Azərbaycan bayrağı altında ikinci zirvə mücadiləsinə çıxacaq. Bunlar Valentin Demyanenko ilə Aleksandr Aleksandrovdur. Ancaq keçən olimpiadadan fərqli Aleksandrov bu dəfə iki nəfərlik qoşa avarlı qayıqda Boris Yotovla duet təşkil edəcək. Digər atletlər üçün isə "Rio-2016" ilk olimpiya sınağıı olacaq.
Ayrılıqda hər bir idmançımızın potensial və şanslarına nəzər salaq:
Demyanenko yığmamızın heyətində ikinci olimpiya mücadiləsinə çıxacaq. 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşə qatılacaq 4 qat dünya və 4 qat Avropa çempionunun kolleksiyasında yalnız olimpiya medalı çatışmır. "London-2012"də o, mübarizənin əsas favoritlərindən biri sayılsa da, zədə səbəbindən ilkin mərhələdəcə sonuncu olaraq, medalsız qalıb. Ötən tsikldə Demyanenko 2013-cü ilin dünya çempionu, eləcə də həmin ilin Avropa çempionatının və "Bakı 2015" I Avropa Oyunlarının gümüş medalçısı olub.
Halbuki əvvəlki olimpiadayadək o, iki dünya, ondan iki dəfə çox Avropa çempionluğu qazanıb. Demyanenko geridə qalan dörd il ərzində bir dəfə mundial qızılı qazansa da, Avropa çempionatında və "Bakı 2015" I Avropa Oyunlarında gümüş medalla kifayətlənib. O, lisenziyanı da ötən ilin avqustunda İtaliyanın Milan şəhərində baş tutan dünya çempionatında 6-cı yeri tutmaqla əldə edib. Təcrübəli və medal istəyi ilə alışıb-yanan "Valik" (onun ləqəbi belədir - S.Ə.) iddiallılar sırasındadır.
200 metr sprinter məsafəsi sayıldığından, burada qalib çox vaxt fotofinişlə müəyyənləşir. Ona görə də Demyanenkonun zədə problemləri yaşamasından sonra müxtəlif kanoeçilər ayrı-ayrı yarışlarda qızıl medallara sahib çıxıblar. Avropa Oyunlarında Demyanenko yalnız litvalı Henrikas Juştautasdan geri qalmışdı. Bu il Demyanenko yalnız I Dünya Kubokunda çıxış edib. Lakin o, finala çıxa bilməyib. Bundan sonra kanoeçimiz bütün diqqətini 24 - 26 iyunda Rusiyanın paytaxtı Moskvada keçiriləcək Avropa çempionatında uğurla çıxış etməyə yönəldib. Atletimizin əsas rəqibləri isə son olimpiya və son dünya çempionları, müvafiq olaraq həmyerlisi Yuri Çeban və belaruslu Artyom Kozır, son mundialın gümüş və bürünc mükafatçıları çinli Qianq Li və braziliyalı Keyruş Dos Santosdur.
Kayak növündə hər iki lisenziyamız İnna Osipenko-Radomskayanın adına yazılıb. Ukrayna millisinin heyətində 2008-ci ildə olimpiya çempionu olan 34 yaşlı atlet hər iki uğura Milanda keçirilən son dünya çempionatında imza atıb. O, qadınlar arasında bir nəfərlik qayıqla 500 metr və 200 metr məsafəyə yürüşlərdə müvafiq olaraq 5-ci və 4-cü pillələri tutmaqla lisenziya məsələsini həll edib.
Təcrübəli kayakçımız builki reqatalara daha iddialı başlayıb. O, Dünya Kubokunun ilk 2 mərhələlərində üst-üstə 1 qızıl, 2 gümüş, 1 bürünc medal qazanaraq, hər iki məsafəyə yürüşlərdə mükafatçılar sırasına düşüb. "London 2012"də də Ukrayna yığmasının üzvü kimi hər iki məsafədə gümüş medalçı olan Osipenko-Rodomskanın növbəti olimpiya medalları yolunda əsas rəqibləri 200 metr məsafəyə yürüşdə son olimpiya və 4 dünya çempionatının qalibi, məşhur kayakçı yeni zelandiyalı Liza Karrinqton, son mundialın gümüş, ümumilikdə isə mundialların onbirqat mükafatçısı, I Avropa Oyunlarının qalibi polşalı Marta Valçikeviç, eləcə də mundialların onbeşqat mükafatçısı, həmyaşıdı ispaniyalı Tereza Porteladır. Həmçinin, yuxarıda bəhs etdiyimiz Dünya Kuboku yarışlarında xeyli fərqlə üstələməsinə rəğmən, son mundialda üçüncü olan çinli Yu Ju da medallara iddialıdır.
Onu da qeyd edək ki, Azərbaycan kayak növündə olimpiadada ilk dəfə təmsil olunacaq.
Akademik avarçəkmədə lisenziya 2015-ci ilin sentyabrda Fransanın Eqebelet şəhərində təşkil olunmuş dünya çempionatında gəlib. 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə B finalında çıxış edən Aleksandrov və Yotovdan ibarət cütlük finişə 8 dəqiqə 24,260 saniyəyə çataraq, qalib adını qazanıb. Nəticədə onlar ümumi sıralamada 7-ci yeri tutublar ki, qaydalara əsasən, bu qayıq tipində ilk "11-liy"ə düşənlər "Rio-2016"da iştirak hüququna yiyələniblər.
Sözegedən duet ötən olimpiadaya da vəsiqə qazanmağa yaxın olmuş, lakin İsveçrənin Lütsern şəhərində keçirilən yekun təsnifat reqatasında bir addımlıqda dayanmışdılar. Həmin vaxt 3-cü olan duetimiz lisenziya verən 2-ci pillədən cəmi 0,53 saniyə geri qalmışdı. Bir maraqlı faktı da nəzərinizə çatdıraq ki, hazırda 20 yaşı olan Yotov o vaxt cəmi 16 yaşındaydı.
Hər iki avarçəkən daha çox fərdi uğurları ilə diqqət çəkir. Aleksandrov 2 dəfə 18 yaşadək, 1 dəfə 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionu olub. O, "London-2012"də finala yüksələn 6 idmançı arasında ən gənci idi. Həmin vaxt 22 yaşında olan təmsilçimiz olimpiadada 5-ci yeri tutmuşdu.
Yotov isə yeniyetmələr arasında dünya çempionatının mükafatçısı olmaqla yanaşı, avarçəkmə növlərində ölkəmizin ilk olimpiya medalçısı sayılır. O, 2014-cü ildə Çinin Nankin şəhərində Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
Aleksandrov - Yotov dueti son iki ilədək Avropa çempionatı və Dünya Kubokunda dəfələrlə mükafatçılar sırasına düşməyi bacarsalar da, xüsusən, bu il ümidləri doğrultmurlar. Avropa çempionatı və Dünya Kubokunda onlar əsas finala yüksələ bilməyərək, 10-11-ci yerlərlə kifayətləniblər.
Bununla belə, duetimizin medal şansları o qədər də az deyil. Düzdür, kifayət qədər ciddi, daha təcrübəli, iddialı rəqiblər var. Məsələn, son iki dünya çempionatının qalibi olan, London olimpiadasında 4 nəfərlik qayıqla yürüşdə gümüş medal qazanan xorvatiyalı Martin və Valent Sinkoviç qardaşları, tsikl ərzində keçirilən mundialların ikiqat gümüş mükafatçıları olan Rolandas Maşçinskas və Saulius Ritterdən ibarət Litva cütlüyü, eləcə də son mundialda üçüncü olan Yeni Zelandiya təmsilçiləri Robert Mensonla Kristofer Harris medallara əsas namizədlərdir. Lakin təmsilçilərimizin yarışlardakı proqressiv nəticələrinin olimpiya medalında əksini tapacağı gözləniləndir.
Kanoe-slalomdakı təmsilçimiz Yure Meqliç bəhs edilən idmançılar arasında nisbətən şanssızdır. Lisenziyanı qazandığı son dünya çempionatında final mərhələsinə keçə bilməyən, yarımfinalda əldə etdiyi 14-cülüklə ilk 15 idmançı arasına düşərək lisenziya qazanan Meqliçin şansları çox azdır. Bununla belə, 32 yaşlı slalomçu Sloveniya yığmasının heyətində çıxış etdiyi vaxt - 2006, 2007 və 2011-ci illərdə Avropa çempionu, 2010-cu ildə dünya çempionatının bürünc mükafatçısı olub. Son 5 ildə medal üzünə həsrət qalan idmançının Azərbaycan millisinin heyətində "Rio-2016"da finala yüksəlməsi belə ciddi nailiyyət sayılacaq.
Sahib ƏSƏDBƏYLİ
Yazı AFFA yanında Media Komitəsinin dəstəyilə hazırlanıb.