Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Vaqif Sadıqovun Sportnet.az saytına müsahibəsi...
- Millimizin İtaliya və Xorvatiya ilə qarşıdakı seçmə oyunlarından nə gözləyirsiniz?
- Məncə, bu gün hamımız yaxşı başa düşürük ki, reallıq bizim xeyrimizə deyil, rəqiblərimiz çox güclü komandalardır. Ancaq reallığı da dəyişdirən insanlardır. Komandamız bunu dərk edir, reallığı dəyişdirmək mümkündürsə, deməli, qarşıdakı oyunlara ciddi hazırlaşırlar. Əllərindən gələni etməlidirlər.
- Vaxtilə millini siz də İtaliyaya qarşı oynatmısınız. Ovaxtkı yığma ilə indiki arasında hansı fərq var?
- Hesab edirəm ki, bu suala ayın 10-dan sonra cavab vermək olar. İtaliya ilə görüşdən sonra müqayisə apara bilərik. Onu deyə bilərəm ki, onda da hamı "İtalyanlar bizimlə təkqapı oynayacaqlar" deyirdi. Lakin hamı gördü ki, biz dünya səviyyəli komandaya qarşı başabaş mübarizə apardıq. Məğlub olsaq da, heç kim bizdən narazı qalmadı. Belə rəqibə qarşı oynamaq olar. İdmanda istənilən nəticə mövcuddur. Amma söhbət göstərilən oyundan gedir. Uduzmaq olar, əsas odur ki, gələcəyə ümid var, ya yox. İnanıram ki, millimiz rəqibdən çəkinməyib azarkeşləri razı salacaq bir oyun sərgiləyəcək.
- Ovaxtkı İtaliya güclüdür, yoxsa indiki?
- Bunu ayın 10-da biləcəyik.
- Yəni, buna qədər italyanların heç bir oyununu izləməmisiniz?
- İzləmişəm, amma məsələ bunda deyil. Ona qalsa, deyərəm ki, İtaliya futbolu əvvəlki səviyyədə deyil, sonuncu dünya çempionatında da uğursuz çıxış etdilər. Yadınızdadırsa, 2002-ci ildə Andrea Pirlo millidə debüt etmişdi, indi də oynayır. Deməli, İtaliya futbolunda o qədər də inkişaf yoxdur. "Qarabağ”ın "İnter”lə oyununda da gördünüz ki, İtaliya futbolu həminki deyil, problemləri var. Lakin vacib olan reallıqdır ki, o da ayın 10-da bilinəcək.
- Millinin əsas üzvlərindən olan Mahir Şükürovla Vaqif Cavadovun belə vacib oyunlarda yığmaya dəvət almamalarını necə başa düşmək olar?
- Bu, baş məşqcinin qərarıdır. Amma gərək, Berti Foqts qərarına izah versin. Mən onu deyə bilərəm ki, hər iki futbolçu uzun müddətdir millimizdə çıxış edirlər, özlərini yaxşı tərəfdən göstəriblər. Mahir Şükürov Bolqarıstanla oyunda zəif təsir bağışlayıbsa, niyə 90 dəqiqə meydanda olub? Məncə, Mahir, eləcə də Vaqif milli komandada pis çıxış etmir. Bu futbolçulardan hansısa narazılıq varsa, bunu ictimaiyyətə açıqlamaq lazımdır. Heç kim millidə əbədi oynamır, amma belə təcrübəli futbolçuların komandada olması ancaq və ancaq xeyir verə bilər.
- Özünüz də milli komandada işləmisiniz, belə rəsmi, vacib oyunlar öncəsi təcrübəli futbolçuların konkret səbəb göstərilmədən komandadan kənarda qalması, sizcə, başqa problemdən xəbər verir?
- Elə mən də onu başa düşə bilmirəm, Foqts deməlidir ki, nəyə görə, hansı problemlərə görə bu cür oyunçuları milliyə çağırmayıb. Hər bir futbolçuda eniş də, yüksəliş də olur. Ancaq millinin vacib oyun qabağı belə futbolçulardan məhrum edilməsini konkret əsaslandırmaq lazımdır. Mahirlə Vaqif hansı səbəblərə görə milli komandaya dəvət almayıblar, bunu Berti Foqts izah etməlidir.
- Tutaq ki, son iki oyunda özlərini zəif göstəriblər. Sizcə, iki oyuna görə millinin əsas futbolçularını kənarda saxlamaq lazımdır?
- Yox, düzgün qərar deyil. Ona qalsa, tək Mahir yox, Özbəkistan, Rusiya və Bolqarıstanla oyunlarda əksər futbolçular özlərini pis tərəfdən göstərdilər. Onda tam yeni bir milli formalaşdırmalıyıq ki... Mahirin və ya Vaqifin zəif çıxışlarına görə yığmadan kənarda qalmaları cavabı şəxsən məni qane etmir. Əlbəttə, futbol rəqabətli idmandır, milli komandaya da ən güclülər dəvət almalıdırlar. Ancaq mənə konkret səbəbi qaranlıq qaldığı üçün bu mövzunu müzakirə edə bilmirəm. Hesab edirəm ki, belə təcrübəli futbolçuların millinin heyətində olması komandaya xeyir verə bilərdi. Oynadıb-oynatmamaq baş məşqçinin işidi, lakin çətin oyunlar öncəsi təcrübəlilər mütləq işə yarayacaqdılar.
- Rəşad Sadıqov, Ruslan Əmircanov və Ruslan Abışov zədəlilər sırasındadır. Mahirlə Vaqifin də yoxluğunu nəzərə alsaq...
- Milli komandada əvəzolunmaz futbolçu yoxdur. Problem bundadır ki, bizdə alternativ variant kifayət qədər deyil. Açıb statistikaya baxsaq, görərik ki, Rəşad Sadıqovun meydanda olmadığı oyunlarda hansı nəticəni qazanmışıq. Fərqi yoxdur: yoldaşlıq, ya da rəsmi oyun. Onun yoxluğu millinin birbaşa çıxışına təsir edir. Bir şeyi başa düşməliyik: heyətdə yer alan hər bir futbolçu milli komandaya layiq olmalıdır. Eyni zamanda da belə oyunçuları əvəz edə biləcək futbolçular lazımdır.
- Belə bir sual verim, qarşıda çox çətin oyunların olduğunu nəzərə alsaq, Sizcə, daxili, şəxsi problemlərə görə milli komandanı qurban vermək nə dərəcədə düzgündür?
- Belə bir sual verim, qarşıda çox çətin oyunların olduğunu nəzərə alsaq, Sizcə, daxili, şəxsi problemlərə görə milli komandanı qurban vermək nə dərəcədə düzgündür?
- Apardığım müşahidələrə görə, Mahir Şükürovla Vaqif Cavadovun millidən kənarda qalması sırf daxili problemdən irəli gəlir. Bunun oyunlara heç bir aidiyyatı yoxdur. Məncə, daxili problem, ümumiyyətlə, olmamalıdır. Şəxsi problemləri varsa, bunun ölkəyə, milli komandaya dəxli yoxdur, bayrağımız hər şeydən öndə durmalıdır. Futbolçularda, məşqçilərdə vətənpərvərlik olmalıdır, aralarında nə narazlılq varsa, qoymalıdırlar bir kənara.
- Yəqin ki, millinin hazırkı heyətindən xəbəriniz var. Sizdən tam səmimi cavab istəyirəm: hazırkı heyətdə olan futbolçular millidə çıxış etməyə layiqdirlər?
- Bu gün Berti Foqts futbolçuları hansi kriteriyalara uyğun seçir, bunu deyə bilmərəm. Tam səmimi deyirəm: mənə görə, milli komandada, milli bayrağın altında ölkənin ən yaxşıları çıxış etməlidir. Məşqçinin hansı futbolçu ilə problemi olsa da, bunun ümumi işə təsiri və dəxli olmamalıdır. Mən milliyə dəvət alan futbolçuların komandaya layiq olduqlarına inanmaq istəyirəm. Kmandaya kömək edə biləcək futbolçu varsa, onu mütləq milliyə çağırmaq lazımdır. Meydana çıxıb-çıxmayacaqlarından asılı olmayaraq, bu gün Vaqif də, Mahir də və digər lazımlı futbolçular da millinin heyətində yer almalıdırlar.
- Bir tərəfdə Almaniyanın aşağı liqasında son turda meydana 89-cu dəqiqədə çıxıb milliyə çağırılan İltər Taşkın, digər yanda Türkiyə I Liqasında çox yaxşı mövsüm keçirən, qollar vuran, bir sözlə, əla formada olub millidən kənarda qalan Rəhman Hacıyev...
- Tamamilə razıyam, məncə, Rəhman milli komandaya çoxdan çağırılmalı idi. Bizim Premyer Liqada oynayanda da yaxşı çıxış edirdi. U-21-in heyətindəki oyunları, İsrailə vurduğu qolu yadımıza salaq. Rəhman bu gün formada olan və milli komandada oynamağa layiq futbolçudur. Tərlan Quliyev, Ağabala Ramazanov kimi, o da millidə yer almalı, oynasa da, oynamasa da, düşərgədə olmalıdır. Adını çəkdiyiniz futbolçu bəlkə də gələcəkdə milli komandaya xeyir verəcək. Ancaq millinin çıxışlarını gələcəyə hesablayırıqısa, onda elə özümüzünkülər oynasın. Şans verilsin gənclərə, təcrübə toplasınlar. Milliləşdirilən futbolçular bizim gənclərə nümunə olmayacaqsa, daha nəyə lazımdır onları gətirib oyun təcrübəsi qazandırmaq? Bu gün millimiz nəticəyə oynamalıdır, perspektivə yox. Qarşısında iddialar var, dövlət tərəfindən futbola böyük diqqət göstərilir. 2020-ci ildə Bakıda Avropa çempionatı kimi yarışın qrup mərhələsi və 1/4 final oyunu keçiriləcək. Bunlar hamısı dövlətin futbola qayğısının nəticəsidir. Milli komanda da dövlətin idman strategiyasının bir hissəsini təşkil etməlidir. Artıq eksperiment geridə qaldı. Dmitri Nazarov, Rüfət Dadaşovu sırf təcrübə qazanmağa dəvət edəcəyiksə, elə oyunçular gətirmək lazımdır ki, milli onlara yox, onlar Azərbaycan millisi üçün çalışsın. Mən demirəm, onlar pis futbolçulardır, sadəcə, biz gələcəyə yox, nəticəyə oynamalıyıq.
- Dünən "Futbol saatı” verilişində Böyükağa Hacıyev belə bir fikir səsləndirdi ki, Berti Foqts 6-7 ilə hələ ilk "11-liy”i formalaşdıra bilməyib. Buna sizin də fikrinizi öyrənək...
- Elə son oyunlara baxsaq, görərik ki, Berti Foqts ayrı-ayrı eksperimentlərə əl atır. Yoldaşlıq oyunlarında, bəli, heyəti yoxlamaq olar. Ancaq rəsmi oyunlarda optimal heyət, komandanın konkret oyun modeli olmalıdır. Futbolçuların komandaya uyğunlaşma prosesini nəzərə alsaq, rəsmi matçlarda heyətə cəlb edilən 3-4 yeni oyunçu planları poza bilər. Foqts bu müddətdə komandaya çox futbolçunu sınaqdan keçirib, indiyə qədər optimal heyəti formalaşdırmalı idi.
- Eksperiment üçün maksimum 2 il yetərli deyil?
- Hesab edirəm ki, bizim eksperimentlər üçün, ümumiyyətlə, vaxtımız yoxdur. Yuxarıda qeyd etdiyim səbəblərə görə, millimiz artıq konkret məqsədə, nəticəyə oynamalıdır. Bilirsiniz, dövlətin hədəfləri, iddiamız çox böyükdür. 2020-ci ildə Bakıda keçiriləcək qitə çempionatına qədər millidə yeni bir strategiya olmalıdır ki, nüfuzlu yarışa vəsiqə qazanılsın. Buna hərtərəfli imkan, dəstək var.
- Berti Foqts və ”almanlaşdırma siyasəti” ilə qarşıya qoyulan məqsədə nail olmaq, sizcə, nə dərəcədə real görünür?
- Hər halda bu seçmə mərhələdən sonra Berti Foqtsun işi konkret təhlil olunmalı, xeyir verib-vermədiyi müəyyənləşdirilməlidir. Foqtsla keçirilən illər təhlil olunmalı və nəticə çıxarılmalıdır. Bu gün eksperimentlər üzərində qurulan yox, konkret hədəflər uğrunda mübarizə aparan bir milli formalaşdırılmalıdır ki, qarşıya qoyulan məqsədi reallaşdıra bilək.
Elvin ƏHƏD