
Bu gün ötənlərin tanınmış idman yazarı, hazırda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Odessa Vilayət nümayəndəliyinin sədri vəzifəsində çalışan Anar Natiqoğlunun (Ağayev) 35 yaşı tamamlanır. A.Natiqoğlu Sportnet.az-a müsahibəsində jurnalist və diaspora fəaliyyətindən, Odessada yaşayan Əhməd Ələsgərovun hazırkı durumundan və "Çernomorets"i "Qəbələ"yə dəyişən Roman Qriqorçuka münasibətdən danışıb...

- "Yeni Müsavat" qəzetinin idman yazarı olmusunuz. Bu qəzetə, ümumiyyətlə, idman mətbuatına gəlişiniz necə alındı?
- Hələ yeniyetmə yaşlarımdan həm siyasi proseslərlə yaxından maraqlanır, həm də yaxşı futbol oynayırdım. "Neftçi", "Qarabağ" kimi klubların məşq proseslərinə qatılmışdım. Amma evdən təhsilimi davam etdirməklə bağlı təzyiqlər vardı. Futboldan kənarlaşsam da, həvəskar səviyyədə oynayırdım. Bir gün 8-ci kilometrdə yerləşən meydançada gəzişirdim. Birdən o dövrlər çox populyar olan "Yeni Müsavat" qəzetinin kollektivi gəldi. İki komandaya bölündülər. Bir adam çatmadı. Qəzetin baş redaktoru Rauf Arifoğlu soruşdu ki, oynaya bilirsən? Beləliklə, o komandaya daxil oldum və pis də oynamadım. Hətta qol vurdum. Oyundan sonra dedi ki, gəl, turnirlərdə bizim heyətdə çıxış edərsən. Qismətdən o dövrdə Anar Cəfərsoy da "Yeni Müsavat"ın idman yazarlığından getdi. Beləliklə, bu qəzetin idman yazarı oldum. Amma ilk vaxtlarda redaktorlar çox əziyyətimi çəkdilər.
- Amma xəbərlərinizdə, yazılarınızda bir "Qalatasaray" sevgisi də hiss olunurdu...
- O zaman buna bir tələbat vardı. "Qalatasaray" ard-arda Türkiyə çempionu olmuşdu. İmperator Fatih Terimin rəhbərliyi ilə. Həm də UEFA Kuboku uğrunda mübarizədə irəliləyirdi. İndi dostlar zarafata salır. Amma o dönəm qəzetə yüzlərlə zəng edib "Sabahkı nömrədə "Qalatasaray"dan nə var?", Hakanın, Büləntin sağlığını, kefini soruşan oxucularımız vardı (gülür - red.).
- O vaxtlar həm də AFFA rəhbərliyində dəyişiklik tələbləri var idi...
- Fuad Musayev çox orijinal adam idi. Bir vaxtlar Bakı meri işləmişdi, çox təşkilatçı rəhbər idi. Lakin nədənsə, bir zamanlar bərabər çalışdıqları ölkə rəhbərliyi ilə münasibətləri pisləşmişdi. Ona görə AFFA ilə hakimiyyət arasında dərin uçurum var idi. Amma insafən, milli matçlar zamanı belə halların şahidi olmurduq. Digər tərəfdən, Musayev o zaman çox şanslı olan Müsavat partiyasına simpatiyasını gizlətmirdi, hətta "Bizim Azərbaycan" blokuna da qoşulmuşdu. Yaxşı yadımdadır bir bazar günü müsahibədə "Rəhbərlik istefa versin, mən də verim" demişdi. Amma səhəri gün mətbuat konfransı keçirib təkzib etdi. Məndə lent yazısı vardı, amma ağsaqqal adam idi deyə, dərinə getmədik!
- Siyasi yönümlü mətbuatda idman yazarı kimi çalışmaq Sizi sıxmırdı? Redaktorlardan "Azərbaycan idmanından oxuyan yoxdur, xarici xəbərlər yaz" tapşırıqları eşitmirdiniz?
- Mən "Yeni Müsavat"a gəlməmişdən qabaq gecələr 8-ci km bazarında çalışır, gündüzlər isə dərsə gedirdim. Amma baxdım ki, aşılanıram, bura mənim yerim deyil. Amma "Yeni Müsavat"da maddi sıxıntılar olsa da, hamıda aşırı bir enerji, həyəcan vardı. Özü də mən təkcə idman yazarı deyildim. Cavan oğlan idim, gecəyarısına qədər redaksiyada qalırdım. Başqa xəbərlər, siyasi yazılar, köşə də yazırdım, korrektorluq da edirdim. Universal yazar. Baş redaktorun müavini Qabil Abbasoğlu kimi "şofer"im vardı... İndi oğlumun kirvəsidir həm də Qabil. O vaxtlar da mənə "day-day"lıq edirdi (gülür - red.) Redaktorlardan daha çox Şahin Cəfərli idman bölümünə nəzarət edirdi. O da ki, "Qalatasaray"lı olduğundan, meydan mənim idi. O biri redaktorlardan Məğrur Əli Polad, Cavid Cabbaroğlu müdaxilə etmək istəyəndə deyirdim "Gəlin, güləşək", söhbət bağlanırdı. Bizdə heç Azərbaycan xəbərləri olurdu ki? Amma önəmli idman hadisələrini təbii ki, işıqlandırırdıq, müsahibələr edirdik. Həm də mən kollektivdə hamıdan gənc idim, xətrimi istəyirdilər. Necə istəməsinlər, axşam növbəsində işin qırğın vaxtı yaxınlıqdakı "Kardeşler" mağazasına gedib onlara simit, peynirli alıb gəlirdim axı həm də. Mən olmasaydım, ac qalardılar (gülür - red.).
- Sənə də "Malış" deyirdilər?
- Yox, bizdə "Malış" bir dənə idi, texniki şöbədən Cavid. O vaxt həm də gənclər təşkilatında fəal idim deyə zarafatla "gənc lider", "gənc ağsaqqal" deyirdilər. Amma əsasən "Natiqoğlu" çağırırdılar. İlk başlarda isə imzam Anar Natiq Elmir idi. Təxminən Məğrur Əli Polad kimi bir şey... Bunun da bir anlamı vardı: Valideynlərimə böyük sevgim olub bu gün də belədir. Ömrümün sonuna qədər özümü onlara borclu sayacağam. Rəhmətlik anamın adı Elmira idi. Ordan yaranmışdı Anar Natiq Elmir!
- Bəs necə oldu ki, həyatınızda, belə desək, Ukrayna macərası başladı?
- Ukraynaya uşaqlıqdan simpatiyam vardı. Qardaşlarımdan biri sovetlər dönəmində Odessada təhsil almışdı. Müharibədən qayıtdıqdan sonra o biri də onun yanına getmişdi. Ukraynaya ilk səfərim 2005-ci ildə oldu. Sonra aspiranturanı bitirib hərbi xidmətə göndərildim. Qayıdandan sonra "Yeni Müsavat"daki yerimi başqası tutmuşdu. Mənə başqa iş təklif olundu. Amma öz işimi istəyirdim. İşsiz qaldım. Qabil Abbasoğlu danışdı, ANS-in idman şöbəsinə sınağa götürdülər. Dostumuz Asif Bağırov, Anar Cəbrayıllı və Mahir Məmmədli çox çalışdılar ki oturuşum. Amma gördüm ki, mən xasiyyətdə adam orda baş çıxarmaz. Gərək gündə biri ilə dalaşardım. O dönəm Afiq Mirzəbəyli dəstək oldu, "Reytinq" qəzetinə dəvət etdi. Həftədə bir dəfə idman səhifəsi hazırladım. Qazancım siqaretimi, yol pulumu görürdü. Amma yekunda qərar verdim ki, məndə alınmayacaq. Çünki önəmli bir məktəb, yol keçmişdik və bəzi olaylar, insanlar ümidlərimi puç etmişdi. Hətta öz qohumlarım belə mənə yad gəlirdilər. Çox incimişdim Vətəndən... Beləliklə, Ukraynaya getməyə yekun qərar verdim!
- Amma Vətəndən hər nə qədər incisəniz də, yenə azərbaycanlıların diaspora təşkilatındasınız, önəmli vəzifə tutursunuz. Bu, necə baş verdi?
- Mən əslində ilk gəldiyimdə buradakı Azərbaycan konqresinin işində iştirak edirdim. Vaxtaşırı Ukrayna təmsilçisi olduğum "Lent.az"a xəbərlər yollayırdım. Amma sonra təşkilatda fikir ayrılığı və qarşıdurma yarandı. Demək olar ki, fəaliyyət dayandı. Mənimsə düşüncələrim vardı. Bir gün Odessada Elsevər adlı dostumuz məni Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporasının forumuna dəvət etdi. Orada təşkilatın sədri Hikmət Cavadovla tanış olduq, söhbətləşdik. Bir çox məsələlərdə fikrimiz üst-üstə düşdüyündən, Odessa vilayət təşkilatını qurmaq işini üzərimə götürdüm!
- Neçə ildir fəaliyyətdəsiniz. İndiyədək hansı önəmli işləri görmüsünüz?
- Təəssüf ki, hələlik ofisimiz yoxdur. Amma Odessa Dövlət Ekologiya Universitetində otaq və guşə yaratmışıq. Müəyyən tədbirlərin koordinasiyasını oradan edirik. Keçən ilin mayından fəaliyyətə başlamışıq. Ramazan bayramında şəhər məscidində iftar süfrəsi təşkil etmişik. Şəhər uşaq karnavalında Azərbaycanı təmsil etdik. Xocalı soyqırımının təbliğat və təşviqatı ilə bağlı təşkilatımızın xüsusi buraxılışının şəhər ictimaiyyətinə paylanmasını təşkil etmişik. Ukrayna ordusu və hərbi əməlliyatlar gedən bölgələrdən olan məcburi köçkünlərə yardım marafonlarında iştirakımız olub. Yavaş templə olsa da, fəaliyyətimiz var və şəhər ictimaiyyətində tanınmağa başlamışıq. Sadəcə, bundan öncəki təşkilatın idarəçilik və iş metodlarında çoxlu çatışmazlıqlar olduğundan, həmyerlilərimizdə diaspora işinə inamsızlıq var. Onu aradan qaldırmağa çalışırıq!
- İdman sahəsinə yenə bağlılığınız qalıb?
- İdmandan mənə qalan "Qalatasaray" və "Qarabağ" fanatlığıdır. Amma bu yaxınlarda siqareti tərgidib yenidən futbola başlamaq istəyirəm. Çünki arzum budur ki, oğlum Hünər nə zamansa "Cim-Bom" forması geyinsin. İlk məşqçisi özüm olacağam!
- Odessa ilə Azərbaycan arasında bir futbol bağlılığı da var. Sovet dövründə "Neftçi"nin ən böyük uğurunun memarı Əhməd Ələsgərov orada yaşayır. Heç əlaqəniz olubmu onunla?
- Əhməd Ələsgərov hazırda ağır xəstədir. Yaddaş problemləri də var. Əvvəllər arada şəhərin mərkəzində çay içib söhbətləşirdik. Amma Yeni İl qabağı istədik bir baş çəkək. Zəng vurdum. Telefonu yaşlı qadın götürdü, söymədiyi yerim qalmadı (gülür - red.) Sonra dəstəyi ondan bir başqası aldı, "Mən Əhməd Ələsgərovun qızıyam, amma lütfən, gəlmək lazım deyil" dedi. Deyəsən ilk danışan da Əhməd Ələsgərovun həyat yoldaşı idi. Çox israr etdik, dedi ki, yalvarıram, burda iki dəli var, qalmışam əllərində, təşəkkür edirəm, gəlməyin!!!
- Yəni, Əhməd Ələsgərovun səhhətində problem yaranması doğru xəbərdir?
- Məndə olan məlumata görə, o, bədxassəli şişdən əziyyət çəkir!
- Bəs "Çernomorets" komandasından kiminləsə görüşmüsünüz?
- Öncələr təmaslarımız vardı. Elvin Nuriyev adlı keçmiş futbolçunun yalanlarla dolu hekayətindən sonra ara kəsildi. Amma bu, başqa söhbətin mövzusudur. Yenə ehtiyac olarsa, klubda dostlarımız var! Sadəcə, burada bir az fərqli mühitdir, peşəkar adamlarla münasibətlərin həddləri var.
- Roman Qriqorçukun "Çernomorets"i "Qəbələ"yə dəyişməsi yerli azarkeşlər tərəfindən necə qarşılanıb?
- Fanatlar pis baxırlar, arxasınca söyürlər. Amma bir az məntiqlə düşünənlər deyirlər ki, rəhbərliyin günahıdır, işləməyə şərait yaratmadılar, o da başını götürüb qaçdı!
- "Çernomorets"in indiki durumu necədir: Belə xəbərlər var ki, bu komanda da ev oyunlarını Kiyevdə keçirə bilər...
- Yox şükürlər olsun ki, Odessada hələ ki sakitçilikdir. Ümumiyətlə, bu şəhərin özünəməxsus orijinallığı, tolerantlığı var. Odessada dünyanın 130 xalqından nümayəndə var. Belə bir halın olacağını sanmıram. Hələ o qədər ürəkaçan deyil. Çünki komandanın əsas sponsoru Leonid Klimov Regionlar Partiyasının Odessa vilayəti üzrə rəhbəri idi. İndi çöküşdədir. Ona məxsus "İmeks" bank şəbəkəsi də qapandı. Yaşayarıq görərik!