"Neftçi” və "İnter” eyni gündə oyuna çıxdı. "Neftçi” evdə, "İnter” səfərdə.
"Neftçi” çempionatının səviyyəsi Azərbaycan Premyer Liqasınınkından zəif olan rəqiblə,
"İnter” isə yüksək liqasının səviyyəsi Azərbaycan çempionatının səviyyəsindən güclü
olan rəqiblə qarşılaşdı. Məntiqlə "Neftçi” "Koper”i udmalı, "İnter” "Elfsborq”a
uduzmalı idi. Amma əksi baş verdi: "Neftçi” uduzdu, "İnter” uddu.
Deməli, burada bizim nəzərimizdən qaçan nüanslar var. Gəlin,
apaşdıraq görək bunlar hansı nüanslardır?
Heyət? Xeyr, demək
olar ki, hər iki komandamızın heyəti eyni gücdə idi, hətta "Neftçi”nin heyəti "İnter”dən
güclüdür. Məsələn, "İnter”də Flavinyo, Vobay səviyyəsində ustalar yoxdur, eləcə
də Araz səviyyəsində yerli.
Bəs hansı amil qaldı?
Məşqçi amili? Bəli, mən qətiyyətlə
deyirəm ki, dünən "Neftçi”nin sükanı arxasında Tsxadadze olsaydı, bu komanda rəqibinə
azı üç top vurardı. "İnter” səfərdə güclü rəqibinə məhz Tsxadadzenin hesabına
qalib gəldi, onun seçdiyi heyətin, qurduğu taktikanın, futbolçulara verdiyi psixoloji
kökləmənin (dəstəyin), komandada yaratdığı əhval ruhiyyənin hesabına yendi.
Bunları bir komandada etmək üçün məşqçiyə təkcə futbol biliyi kifayət etməz.
Bunun üçün məşqçidə savad, yaradıcılıq, ədalət hissi, insanlıq, bir sözlə - yüksək
intellektual səviyyə olmalıdır.
Bəs bu dediyimiz
intellektual səviyyə "Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevdə varmı? Əslində Hacıyevin
bir cümləsinə qulaq asmaq kifayətdir ki, bu suala cavab tapasan. Lakin gəlin,
yenə də araşdıraq. Elə dünən onun mətbuat konfransında həmkarımız Rəşad Ergünə
qarşı rəftarına baxaq. Hacıyev ayıbına kor olmaq əvəzinə jurnalistə hücum çəkir,
üstəlik oğlunu da bu işə qoşur. Bu qəbilə, tayfa düşüncəsidir, dava salmaq, kiməsə
xox gələrək qorxutmaq.
Bəli, onun bacardığı budur. Amma futbolda qalib gəlmək üçün bu
qaydalar, şərtlər oynanılmır. Futbolun qaydaları başqadır. Futbolda qalib gəlmək
üçün komandanın baş məşqçisi mənəvi cəhətdən çox yüksək inkişaf etmiş şəxs
olmalıdır. Yəni, şəxsiyyət olmalıdır. Artıq XXI əsrdir. Belə təfəkkürlü insanın
ölkənin aparıcı komandasına rəhbərlik etməsi, yumşaq ifadə etsək, ayıbdır. Bəlkə
də Azərbaycanda bu cür psixologiya ilə nəyəsə nail olarsınız, amma beynəlxalq
arenaya çıxan kimi bilin, "burnunuzun üstündən” vurub geri oturdacaqlar. Necə
ki, bunu dünən etdilər.
"Neftçi” bəlkə də bu oyunda cavab və hətta qələbə topunu vura bilərdi. Lakin Böyükağa Hacıyevin etdiyi "dahiyanə” əvəzetmələr bunun qarşısını aldı.
"Buraxdığımız iki qol təmiz hədiyyə idi”. Bunu Hacıyev mətbuat konfransına başlayanda deyib. "Mən həmin Böyükağa Hacıyevəm ki, APOEL-ə səfərdə "üç dənə” vurdum”. Bu cümləni isə o konfransın sonunda deyib. Fikir verın, qol buraxanda "biz buraxdıq” olur, vuranda "mən Böyükağa Hacıyev vurdum”. Adətən məşqçilərə həmişə əksi aid edilir. Yəni, udanda komanda udur, uduzanda məşqçi. Amma "Zəif”in sözlərindən göründüyü kimi, o, çox "təvazökar”dır.
Düzdür, şəxsən mən təvəzökarlığın əleyhinəyəm, amma bu qədər
lovğalığı da qəbul edə bilmirəm. Adama deyərlər, sən hardan APOEL-ə üç qol
vurdun? Əvvəla qolu futbolçular vurublar, sonrası da səndən başqa bu qələbədə nə
qədər əməyi keçən insanlar var. Onlar bir qoz?
Xatırlayıram ki, komandanı həmin vaxt Tərlan Əhmədov hazırlamışdı,
çünki Hacıyev ağır əməliyyat keçirmişdi və oyuna az zaman qalmış gəlib çıxdı.
Aydındır ki, müalicədən yeni qayıdan adam komandada dərhal əlahiddə bir şey edə
bilməz. İndi Əhmədov yoxdur, heyət isə demək olar ki, həmin heyətdir. Bu
meydan, bu şeytan. Buyur, vur "üç dənə”.
* * *
Bu arada Tahir Süleymanovun istefasını başa düşmək olmur. Əvvəla,
oyun hələ tam bitməyib. Bunun cavab matçı da var. Sonrası da ki, komandanın nəticəsinə cavabdeh şəxs, baş məşqçidir. İstefaya qalsa,
o verməlidir. Lakin indiki halda hər hansı istənilən rəhbərin istefası
komandaya psixoloji cəhətdən mənfi təsir göstərər. "Neftçi”nin dünənki oyununa əsasən
demək olar ki, komandamız səfərdə iki top vura bilər, yəni mərhələ keçə biləcək
gücdədir. Sadəcə, kollektivi bir yerə toparlayıb qarşıdakı oyuna kökləmək lazımdır.
Bunu isə edə biləcək şəxslərdən biri Tahir Süleymanov idi. O da istefa verdi.
Amma gəlin, ümid edək. Çünki "Neftçi”nin futbolçularının səviyyəsi rəqibindən
qat-qat üstündür. Bu oyunçularla orta səviyyəli bir məşqçi "Koper”i rahatlıqla keçə
bilər. O da özünü dahi sayan Hacıyev ola...
RAQİB