Azərbaycanın jurnalistlərdən ibarət komandasının kapitanı Elnur Əşrəfoğlu dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı Kişinyovda Moldovadan olan həmkarları ilə görüşdən sonra səfər təəssüratlarını bölüşüb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Bu səfərlə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Artıq Azərbaycan jurnalistlərinin bu tipli turnirlərdə, dostluq oyunlarında iştirakı ənənəyə çevrilib. Jurnalistlərdən ibarət yığmamız dəfələrlə avropalı media nümayəndələri arasında keçirilən turnirlərə qatılıb. Hər birimiz peşəmizlə məşğuluq. Bundan əlavə futbol meydanında da öz məharətimizi göstərmək istəyirik. Belə səfərlərdən biri də Moldovaya təşkil olundu. Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş yoldaşlıq oyunu keçirdik. Yarışın açılış mərasimində Moldova Olimpiya Komitəsinin baş katibi Kristina Vasilyanova iştirak etdi və ürək sözlərini bildirdi, Azərbaycan xalqını bu xoş gün münasibəti ilə təbrik etdi. Həmçinin Moldova İdman Jurnalistləri Assosiasiasının prezidenti Eduard Çebanu da çıxışında Azərbaycan jurnalistlərinə karyeralarında uğurlar arzuladı. Bu qarşılaşma Azərbaycan və Moldova jurnalistləri arasında dostluq münasibəti formalaşdırır, əməkdaşlıq yaradır.
- Artıq bura 3-cü səfərinizdir. Gələcəkdə də Moldovaya səfər gözlənilirmi?
- 3 il əvvəl burada jurnalistlər arasında Avropa çempionatı keçirilirdi. Azərbaycan bu yarışda ilk dəfə iştirak edirdi. Bizdən əvvəl keçirilən Avropa çempionatının finalında Moldova və Rumıniya üz-üzə gəlmişdi. Həmin yarış Buxarestdə baş tutmuşdu və rumınlar qalib gəlmişdi. 3 il əvvəl debüt etdiyimiz yarışda finala çıxacağımızı çoxları gözləmirdi. Həmin oyunda Moldova qalib gəldi. Nə qədər dostluq münasibəti olsa da, futbol rəqabəti, mübarizəni sevir. Gərək paxıl olasan. O mənada ki, qələbə qazanmaq arzun güclü olmalıdır. İnsanı gələcək səfərlərə, yarışlara ruhlandırır. Növbəti 2 il də bura gəldik. Təəssüf ki, yenə uduzduq (gülür). Bu bizi məcbur edir ki, yenə bura gələk. Əvvəl-axır bu məğlubiyyətlərin əvəzini çıxmalıyıq.
- Azərbaycanın Moldovadakı diasporasından dəstək almısınızmı: Sizinlə görüşən olubmu?
- Hər hansı ölkəyə getdikdə öncədən həmin dövlətdə olan səfirliyimizə və ya diaspora nümayəndəliyimizə müraciət edirik. Moldovadakı diasporamız burada yerləşməyimizə kömək etdi. Təkcə onlara yox, digər dostlarımıza da təşəkkür edirəm. Gənclər və İdman Nazirliyinin, eləcə də İdman Araşdırmalar Mərkəzinin də rolu olub. Hörmətli nazirimiz Azad Rəhimov hər zaman jurnalistlərə diqqət və qayğı göstərir. Səfərlərə gedəndə dəstəyini əsirgəmir. Sponsorlarsız da ötüşmək olmaz. "İtaldizain” və "AAAF Park”a da minnətdarlığımızı bildiririk.
- Oyunda hakimin rəqibə simpatiya bəslədiyini düşünmürsünüz?
- Bilirsiniz, 3 il əvvəlki final turnirində qəribə hadisə baş verdi. Moldova prezidentinin oğlu rəqibin heyətində yer almışdı. Oyunu moldovalı hakim idarə edirdi. Moldova Futbol Federasiyası, Gənclər və İdman Nazirliyinin nümayəndələri oyunu kənardan izləyirdi. Belə bir halda ədalətli oyunla rəqibə qalib gəlmək mümkün deyildi. Mini-futbol oyunlarında hakimin matça müdaxiləsi daha çox büruzə verir. Həmin görüşdə də hakimlərin köməyi ilə moldovanlar qalib gəldi. Bu dəfə də həlledici məqamlarda hakim düzgün qərar vermədi. Deməzdim ki, qərəzli idarəçilik etdilər. Onlar ilboyu bir yerdədirlər, futbol oynayırlar. Hansısa qərarı bizim lehimizə versəydilər, illərlə aralarında müzakirə oluna, bu da hakimlərə problem yarada bilərdi. Hər halda, bu oyunun heç-heçə başa çatmamasında hakimin rolu oldu.
- Konkret hansı epizoddan narazı qaldınız?
- Son dəqiqədə penaltimiz verilmədi. Oyundan sonra süfrə arxasında oturanda da top əlinə dəyən moldovalı bunu etiraf etdi. Top qapıya gedirdi. Belə olan halda təmiz penalti idi.
- Buna son vermək üçün nə etmək lazımdır?
- Müəyyən addımlar atılmalıdır. Həm futbol inkişaf edir, həm yaş ötür. Komanda üzərində işləmək lazımdır. Çox vaxt bunları deyirik, amma əməl etmirik. Tez-tez bir araya gəlib futbol oynamalıyıq. Hərdən bəzi jurnalistlər etiraz edir ki, niyə mən o komandada yoxam. Amma birinci növbədə, o, özünü günahkar hiss etməlidi. O nə vaxt komandamıza qoşuldu, nə vaxt buna cəhd etdi ki, biz onu kənarda qoyduq? Həftədə 1-2 dəfə yığışıb oynamaq lazımdır. Bəlkə papaq altında yatan oğlanlar var, yaxşı futbol oynayır?! Onları üzə çıxaraq. Moldova komandasında biz bunu görürük. Bəlkə də heyətlərində sabiq futbolçu var. Amma onlar indi jurnalistika sahəsində çalışır. Biz hər dəfə bura gələndə rəqib komandada yeni similar görürük. Amma bizdə bunları görmək mümkün deyil. Bəlkə də bəzi oyunçularımıza vida matçı keçirib, onları məşqçiliyə keçirməli, heyətdə yenidənqurma etməliyik. Komandanı tədricən gəncləşdirməliyik. Gələn il jurnalistlər arasında müxtəlif turnirlər olacaq. Əslində bu yarışlar müntəzəm keçirilir. Sadəcə, bəzən maliyyəyə görə hər yarışa qatıla bilmirik. Amma il ərzində ən azı 1 turnirdə iştirak edirik. Məsələn, Moldova komandası 1 həftə əvvəl Balkan ölkələrinin jurnalistləri arasında keçirilən turnirdə 3-cü yeri tutub. Monteneqro 1-ci, Xorvatiya isə 2-ci olub. Bunlar mütəmadi olaraq turnirlərdə iştirak edirlər. Şimali İrlandiya ilə oyuna çatdıra bilmərik. Amma Almaniya ilə yığmamızın gələn il keçiriləcək oyunu ərəfəsində rəqib həmkarlarımızla yoldaşlıq oyunu keçirmək olar. Bunun üçün federasiyaya indidən müraciət etmək lazımdı. Azərbaycanda oyun olanda onlar gələr, səfər matçında isə biz də gedərik. Təkcə Almaniyaya yox, Norveçə də belə səfər etmək olar.
- Bu haqda təkliflə AFFA-ya müraciət etməyi düşünürsüz?
- Mətbuatda xəbər oxudum ki, bir turnir keçirilib. O yarışın qalibi AFFA tərəfindən San Marinoya göndərilib. Narazılıq olmasın deyə jurnalistlər arasında futbol turniri keçirib, bu yarışdan jurnalist yığmasını formalaşdırmaq olar. Hansısa narazılıq da olmaz. Heyət seçimimiz də daha ədalətli olar. Bundan sonra başqa ölkələrin komandaları ilə dostluq görüşü keçirilər. 3-4 il əvvəl Bakıda rus jurnalistlərlə belə oyun olub. Amma o zaman bəzi futbolçular da meydana çıxmışdı.