
Elşən MƏMMƏDOV
Bosniya və Herseqovinanın təmiz qolunun sayılmaması, əvəzində Nigeriyanın qayda pozuntusuna yol verdikdən sonra vurduğu qolun hesaba alınmasından sonra baş hakimin mənsubiyyəti ilə maraqlandım. Yeni Zelandiyadan imiş. Adı Piter, soyadı O Liri...
Qırmızı bayraqlı köməkçiləri də eyni ölkədən. Sağına-soluna baxanda okeanlardan və xeyli aralıda Avstraliyadan başqa heç nəyi görməyən məkandan mundial oyununu idarə etməyə gətiriblərmiş onları. Həm də bosniya və herseqovinalı futbolçuların evini yıxmağa...
Ardıcıl iki səhv dünya çempionatı kimi ən mötəbər yarışda buraxılırdı. Amma bu, daha çox qərəzə bənzəyirdi. Bosniya və Herseqovina kimi mundialın yeganə debütantına qarşı edilən qərəzə...
Xatırladım, çempionatın açılış matçında Xorvatiyanın qapısına olmayan penaltini təyin edən referi də yaponiyalı idi...
Axı keçmiş Yuqoslaviya respublikalarının yığmalarını hakimliyin nə olduğunu bilməyən ölkələrin hakimlərinin əli ilə sıxmaqda məqsəd nədir? Təsəvvür edin: yaponiyalı referi dünya çempionatında pentakampeonlarla əksər aparıcı klublarda oyunçusu olan Xorvatiya yığması arasındakı oyunu idarə edir. Robot idarə etsəydi, daha yaxşı alınardı. Bu, bilirsiniz nəyə bənzəyir? Hansısa azərbaycanlı baş hakimin Avropa çempionatında, məsələn, İspaniya - Hollandiya qarşılaşmasında fit çalmasına. Amma UEFA referimizin nəinki belə oyunu idarə etməsinə, heç fit çalmasına icazə verməzdi...
Amma FİFA icazə verir. Səbəbi məlumdur. Guya bu qurum futbolun və hakimliyin təkcə Avropada deyil, bütün dünyada inkişaf etməsinə dair görüntü yaradır. Əvəzində Avropa futbolunun inkişafına hər vasitə ilə maneçilik göstərməyə çalışır. Dünya çempionatlarının təşkilatçılıq hüququnu şübhəli seçim üsulu ilə digər qitələrə paylayır. Futbolda ekzotik sayılan ölkələrin hakimləri vasitəsilə "köhnə qitə" təmsilçilərini sıxır. Axı favorit sayılan yığmalardan Almaniya ilə Portuqaliyanın, İspaniya ilə Hollandiyanın, yaxud İtaliya ilə İngiltərənin eyni qrupa, qalanlarının isə digər qruplara düşməsi necə təsadüfi ola bilər? Bəs son illər böyük sıçrayışa nail olan postyuqoslaviya ölkələrinin yığmalarına qarşı hakimlərin kobud səhvlərə yol verməsində məqsəd nədir?
Məqsəd məlumdur. Dava yorğan, daha dəqiqi, kreslo davasıdır. FİFA prezidenti Yozef Blatterlə UEFA rəhbəri Mişel Platini arasında gedən savaş. Bu münaqişənin zərbəsi isə təkcə Avropanın yox, bütün dünyanın futboluna dəyir. Siyasət meydanında ABŞ - Rusiya konfliktinin digər ölkələrə göstərdiyi təsir kimi...
Topun qapıdan keçib-keçmədiyini müəyyənləşdirən cihaz icad etməklə iş bitmir. Hakimlərin daxilində də bir cihaz quraşdırmaq lazımdır. Vicdanölçən cihaz!
Təkcə hakimlərdəmi?